Mobil versiya
Erkin Rəhimov: Boy artımı nadir hallarda 23-25 yaşa qədər davam edə bilər
Tarix: 17-12-2021 | Saat: 11:55
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Erkin Rəhimov: Boy artımı nadir hallarda 23-25 yaşa qədər davam edə bilər

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov uşaqların böyümə və inkişafı barədə sualları cavablandırıb.

- Uşaqların böyümə və inkişafını necə izləmək mümkündür?

- Uşağın sağlam həyat sürməsi üçün böyümə və inkişafını izləmək çox vacibdir. Uşaqlarda böyümə və inkişafın monitorinqi üçün ən çox istifadə edilən meyarlar yaşa görə boy, yaşa görə çəki, boy üçün bədən çəkisi, bədən kütləsi indeksidir. Uşaqların böyümə və inkişafını izləmək üçün onların mövcud sağlamlıq vəziyyətini, rasional və balanslı qidalanıb-qidalanmaması kimi bir çox faktorları diqqətdə saxlamaq lazımdır. Valideynlərə tövsiyə edilir ki, uşaqları 6-7 aylığına qədər hər ay, sonra isə 2-3 ayda bir dəfə rutin müayinədən keçirsinlər. Yəni, uşaqların inkişafını mütəmadi olaraq izləmək əhəmiyyətlidir.

- Azərbaycanda uşaqlar üçün hazırlanan xüsusi inkişaf cədvəlləri haqqında məlumat vermənizi xahiş edirik.

- Hər ölkənin milli genofondu, yəni genetikası, yaşama mühiti fərqlidir. Ona görə də müxtəlif ölkələrdə uşaqların böyümə trendi az da olsa, bir-birindən fərqlənir. Bu günə qədər Azərbaycanda başqa ölkələrin cədvəllərindən istifadə edilirdi. Məsələn, bir çox dövlət və özəl xəstəxanalarında qardaş Türkiyənin tərtib etdiyi cədvəllərə istinad edilirdi. Yeni cədvəlin tərtib edilməsinə ciddi ehtiyac var idi. Doğrudan da, Azərbaycana məxsus cədvəl hazır olduqdan sonra fərq aydın hiss olundu. Elmi-tədqiqat işi bir neçə il davam etdi, hər yaş qrupundan uşaqlar seçildi, onların çəki, boy, baş dairəsi nəzərdən keçirildi və göstəricilər əsasında cədvəllər tərtib edildi. İndi ölkəmizə aid cədvəli rahat şəkildə istifadə edə bilirik.

- Digər ölkələrin nümayəndələri ilə müqayisədə, Azərbaycanda böyüyən uşaqların inkişafını necə dəyərləndirmək olar?

- Bunu dəqiq demək üçün elmi-tədqiqatların aparılmasına ehtiyac var. 2016-2020-ci illərdə aparılan elmi-tədqiqatda biz uşaqları Türkiyənin 2008-ci il və Ümumdünya Səhiyyə Təşkilatının 2012-2013-cü illərə aid cədvəlləri ilə müqayisə etdik. Elmi-tədqiqatların nəticələrinə görə, xüsusən 5-6 yaşa qədər olan uşaqlarda həm çəki nisbətən çox, həm də bədən kütlə indeksi daha yüksək idi. Buna qeyri-düzgün qidalanma, oturaq həyat tərzi kimi bir sıra faktorlar təsir edə bilər. Əlbəttə ki, elmi-tədqiqatın nəticələri bizi narahat edir, çünki piylənmə son illərdə dünyada davam edən ən böyük problemlərdən biridir.

- Ümumiyyətlə, uşağın yaşına uyğun boyu və çəkisi dedikdə nə nəzərdə tutulur?

- Cədvəllərdə ən alt və ən üst normalar qeyd edilib və bu göstəricilərə uyğun gələn uşaqlar normal hesab olunurlar. Eyni zamanda, uşaqlarda standart çəki vahidi qəbul edilmir, çünki alt normasının göstəricisinə yaxın olan bəzi uşaqlar var ki, onların davamlı inkişafı eyni tendensiyada gedir. Belə olan halda, uşağın çəkisi normal qəbul edilir. Bundan başqa, uşağın yaşına uyğun inkişafını onun valideynlərinin boy ölçüsünə uyğun olaraq qiymətləndirmək mümkündür. Belə ki, qız uşağının sağlam şəkildə böyüməsini müyyənləşdirmək üçün onun valideynlərinin boy ölçüləri toplanır, alınan rəqəmdən 13 santimetr çıxılır və ikiyə bölünür. Oğlan uşağı üçün isə bu göstəricinin üstünə 13 santimetr gəlinir və ikiyə bölünür. Beləliklə, uşağın genetik potensialına görə hədəf boyunu bu şəkildə hesablamaq mümkündür. Əgər mövcud boy göstəricisi ilə hədəf boy ölçüsü uyğun gəlmirsə, deməli uşağın boy inkişafı zəifdir.

- Uşaqlarda boy artımının ən yüksək olduğu yaş aralığı hansıdır və boy uzanması neçə yaşda dayanır?

- Boy artımı ən çox ana bətnində baş verir. Daha sonra boyun sürətlə artması iki yaşa qədər, xüsusən isə ilk 6 ayda baş verir. Nəhayət yeniyetmə dövründə boy artımı çox sürətlə gedir. Boy artımı sümüklərin epifiz adlanan sahələri hesabına baş verir. Böyümə zonaları yoxa çıxdıqdan sonra boy daha artmır. Qızlarda boy artımı 14-15 yaşına, oğlanlarda isə 15-16 yaşına qədər davam edir. Nadir hallarda boy uzanması 23-25 yaşa qədər davam edə bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024