Mobil versiya
Adil Əliyev: Zəfər paradı Azadlıq meydanının şahidlik etdiyi ən qürurlu tarixi hadisələrdən biridir
Tarix: 09-12-2021 | Saat: 19:56
Bölmə:Gündəm | çapa göndər

Adil Əliyev: Zəfər paradı Azadlıq meydanının şahidlik etdiyi ən qürurlu tarixi hadisələrdən biridir

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 44-günlük Vətən müharibəsində qələbəmiz münasibətilə 2020-ci il dekabrın 10-da Bakı şəhərinin Azadlıq meydanında keçirilmiş Zəfər paradını birlikdə qəbul etmələri böyük beynəlxalq hadisə kimi dünyanın diqqətini çəkdi. Bir sıra beynəlxalq ekspertlər Zəfər paradını sadəcə olaraq Azərbaycanın Ermənistan üzərində Qələbəsinin deyil, eyni zamanda, iki qardaş ölkə arasında yeni geosiyasi ittifaqın yaradılmasının təntənəsi kimi xarakterizə etdilər. Azərbaycan və Türkiyə prezidentlərinin bu il iyunun 15-də Şuşada birgə imzaladıqları müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi bunu bir daha təsdiq etdi. Bu isə Azərbaycanın müharibədə qazandığı Qələbə sayəsində regionda yaratdığı yeni geosiyasi reallığın əsas komponentidir.

Bu fikirləri açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.

Adil Əliyev qeyd edib ki, Zəfər paradında Azərbaycan və türk əsgərləri Azadlıq meydanından çiyin-çiyinə keçdilər. 2018-ci ilin 15 sentyabrında Bakının erməni-daşnak qüvvələrinin və onların havadarlarının işğalından azad edilməsinin 100 illiyinə həsr edilmiş paradda da Azərbaycan və Türkiyə prezidentləri, eləcə də Azərbaycan və Türkiyə əsgərləri iştirak etmişdilər. 100 il əvvəl də Azərbaycan və Türkiyə bir yerdə idi, bu gün də. Amma bugünkü parad və bugünkü Azərbaycan 100 il əvvəlkindən tam fərqlidir. Bu gün Azərbaycan zəif, köməksiz, dağınıq ölkə deyil, güclü iqtisadiyyatı, müstəqil daxili və xarici siyasəti və müzəffər ordusu olan Azərbaycandır. 100 il əvvəl Türkiyə çətin vəziyyətdə olan Azərbaycanın köməyinə gəlmişdi. Bu gün isə Türkiyə güclü Azərbaycanla müttəfiqliyindən qürur duyur.

“Azərbaycan-Türkiyə münasibətləri qardaşlığa və bərabərhüquqlu münasibətlərə əsaslanır. 100 il əvvəl Bakı işğaldan azad edilərək ilk Azərbaycan Cümhuriyyətinin paytaxtı elan edildi. Lakin, çox təəssüf ki, 2 il keçmədən cümhuriyyət süquta uğradı. Sovet dövründə Azadlıq meydanında 1 may və sair kimi parad və tədbirlər keçirilirdi. SSRİ-nin son illərində isə burada keçirilən tədbirlər təklənmiş, ədalətsizliklə üzləşmiş və lidersiz vəziyyətdə qalan xalqın etiraz nümayişləri idi. 2020-ci il dekabrın 10-da baş tutan Zəfər paradı Azadlıq meydanının xarakterini dəyişərək onu möhtəşəm Zəfərimizin, ərazi bütövlüyümüzün bərpasının və Azərbaycan-Türkiyə birliyinin təntənəsinin qeyd edildiyi əsas məkana çevirdi”, - deyə Milli Məclisin sədri qeyd edib.

Adil Əliyevin sözlərinə görə, Zəfərimizin hərəkətverici qüvvəsi olan gənclərimizin və ordumuzun yüksək vətənpərvərlik ruhu, öz doğma torpaqlarını əsarətdən azad etmək uğrunda mübarizəsi bizə Ermənistan tərəfi ilə müqayisədə əlavə güc və üstünlük verdi. Ermənistan ordusunda fərarilərin sayı 10 mini keçdiyi halda Azərbaycan Ordusunda vuruşmaq istəyənlərin sayı günbəgün artırdı. Bu baxımdan gənclərimizin Vətənə sevgi, dövlətə və dövlətçiliyə sədaqət ruhunda formalaşması ölkəmizdə aparılan uğurlu gənclər siyasətinin bariz nümunəsidir.

“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi, ordu və xalq arasında möhkəm birliyin sayəsində əzəli torpaqlarımız işğaldan azad edildi. Bu, bir daha xalqımızın inam və iradəsinin, qələbə əzminin heç vaxt qırılmadığını nümayiş etdirdi. Zəfərə doğru gedən yolda ardıcıl xarici siyasət və diplomatiyanın həyata keçirilməsi, hərb elminin ən müasir yanaşmalarına əsaslanan sistemli ordu quruculuğu, hərbçilərimizin peşəkarlığının daim yüksəldilməsi, ordunun maddi-texniki təchizatının yaxşılaşdırılması hər zaman dövlətimizin prioritet məsələlərindən olub. Vurğulamaq lazımdır ki, Vətən müharibəsində tətbiq etdiyimiz taktika dünyanın qabaqcıl hərbi akademiyalarını və müxtəlif ölkələrin, o cümlədən böyük dövlətlərin baş qərargahlarını təəccübləndirmiş, hərbi strategiyamız, müharibə aparma metodlarımız onların diqqətini çəkmişdir”, - deyə Adil Əliyev vurğulayıb.

Milli Məclis sədrinin müavini bildirib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən dünyada ilk dəfə dronlardan, eləcə də süni intellektə əsaslanan texnologiyalardan və elektron müharibə vasitələrindən istifadə olunması bu gün ən çox diqqət mərkəzindədir. Nüfuzlu hərbi ekspertlər və ixtisaslaşmış beyin mərkəzlərinin fikrincə, məsələ sadəcə, dronların kütləvi tətbiq edilməsində deyil. Əslində, Azərbaycanın böyük ustalıq və məharət sərgiləyərək dronları digər hərbi texnika və döyüş vasitələri, xüsusən də ağır artilleriya ilə indiyə qədər hərb sənətində görünməmiş dərəcədə effektiv, mükəmməl koordinasiyalı və ahəngdar tərzdə tətbiq etməsi müharibənin taleyini həll etdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024