Mobil versiya
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndələrinin rəsmi səfər çərçivəsində görüşləri davam edir
Tarix: 08-12-2021 | Saat: 17:43
Bölmə:Gündəm | çapa göndər

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndələrinin rəsmi səfər çərçivəsində görüşləri davam edir

2021-ci il dekabrın 6-da AzQAC-ın Baş ofisində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş Katibi cənab Jagan Chapagainin və onu müşayiət edən şəxslərin – Avropa zonasının direktoru Birgitte Bischof Ebbesen, Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri Davron Muhəmmədiyev və köməkçisi Victoria Jane Stodartın iştirakı ilə işgüzar görüş keçirildi.

Görüşü giriş sözü ilə açan AzQAC-ın vitse-prezidenti Rövşən Əliyev qonaqları AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun və Cəmiyyətin çoxsaylı üzvləri və könüllüləri adından salamladı. Federasiyanın nümayəndələrinin münaqişədən zərərçəkmiş ərazilərə – Ağdam və Füzuli rayonlarına birlikdə səfər etdiklərinə görə öz təşəkkürlərini bildirdi. Mövcud vəziyyətlə tanış olan qonaqların münaqişədən zərərçəkmiş ərazilərdə humanitar yardımların göstərilməsində Milli Cəmiyyətə dəstək olacaqlarından əmin olduğunu bildirdi.

1993-cü ildə birinci Qarabağ müharibəsindən zərəçəkmiş qaçqın və məcburi köçkünlərə Beynəlxalq Federasiyanın humanitar yardımlarının çox böyük köməyi olduğunu bildirdi. Çadır düşərgələrindəki insanların humanitar yardımlarla təmin olunmasında Federasiyanın rolunun əvəzsiz olduğunu xüsusi olaraq qeyd etdi. Beynəlxalq Federasiyanın baş katibinin çox çətin bir vaxtda- pandemiya dövründə bu posta təyin olunmasına baxmayaraq bütün işlərin öhdəsindən layiqincə gəldiyini söylədi.

Daha sonra çıxış edən AzQAC-ın Baş katibi Ceyhun Mirzəyev 1993-cü ildən başlayaraq bu günə kimi əməkdaşlığın hələ davam etdiyini bildirdi. Federasiyanın ilk dəfə Bakıda nümayəndəliyinin, Mingəçevir və Sabirabadda subnümayəndəliklərinin açılmasından sonra humanitar sahədə bir çox vacib layihələrin həyata keçirildiyini söylədi. Bu istər pandemiya istərsə də 44 günlük Vətən müharibəsi dövründə həm dövlət strukturlarının, həm də ictimaiyyətin Cəmiyyətə qarşı müsbət münasibətinin olduğunun bariz nümunəsidir. Məqsədimizin bu imici qoruyub saxlamaq olduğunu söylədi. Milli Cəmiyyətin, həmçinin, USAİD, Pepsi, P&G, UN kimi böyük təşkilatlarla qarşılıqlı əməkdaşlıq etdiyini bildirdi. Layihələrin həyata keçirildiyi vaxtlarda nəzarət və hesabat mexanizminin düzgün qurulduğunu, monitorinqlərin vaxtında aparıldığını xüsusi olaraq qeyd etdi.

Beynəlxalq Federasiyanın baş katibi Jagan Chapagain çıxışında gəlişlərinin Milli Cəmiyyətin yanında olmağından xəbər verdiyini bildirdi. Güclü Federasiyanın güclü Milli Cəmiyyətlərlə mümkün olacağını söylədi. Hansısa böhran baş verdikdə təşkilatın birlikdə mobilizasiya olduğunu bildirdi. Hadisələrə bərabər yanaşmanın olmasının vacibliyini vurğuladı. Böhran aradan qaldırıldıqdan sonra belə bu münasibətlərin davam etdirilməsinin məqsədə uyğun olduğunu söylədi. Gözəl fəaliyyətlər – gözəl donorların olduğunu bildirdi. Fəaliyyətlərin doğru həyata keçirilməsi üçün düzgün sistemlərin, siyasətlərin olmasının vacibliyini xüsusi olaraq vurğuladı. Bu siyasətlər beynəlxalq siyasətlərə bərabər olmalıdır.

Sonda qonaqlara Azərbaycan mədəniyyətini təmsil edən milli atributlardan ibarət hədiyyələr təqdim edildi.

Fəxri Xiyabanda Ulu öndər, Ümumilli lider Heydər Əliyevin məzarı ziyarət edildi. Ruhuna dualar oxundu, məzarı üstə əklil qoyuldu.

Daha sonra Beynəlxalq Federasiya və AzQAC-ın nümayəndələri Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Əli Əhmədovun qəbulunda oldular. Qonaqları qəbul edən baş nazirin müavini Federasiyanın Azərbaycandakı fəaliyyətlərini və AzQAC-a göstərdikləri dəstəyi müsbət qiymətləndirdi. Federasiya 1993-cü ildə müharibədən zərərçəkən insanlara, qaçqın və məcburi köçkünlərə öz imkanlarından istifadə edərək humanitar yardımlar göstərmişdir. Onlara bu dəstəyə görə öz təşəkkürlərini bildirdi və onların bu günə kimi Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirdi. Humanitar sahədə görülən işlərə hər zaman dövlət dəstəyinin olduğunu bildirdi.

Beynəlxalq Federasiyanın baş katibi Jagan Chapagain isə onları qəbul etdiyinə və fəaliyyətlərə dəstək olduqlarına görə cənab Əli Əhmədova öz təşəkkürlərini bildirdi. Federasiyanın qlobal problemlərə cavab verə bilmə qabilliyətindən və dünyada humanitar sahədə gördükləri işlərdən bəhs etdi.

AzQAC-ın vitse-prezidenti Rövşən Əliyev və Bas katib Ceyhun Mirzəyev və BQXQAC Federasiyasının Baş katibi Jaganın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüşdülər. Komitə sədri qaçqınlar və yeni salınmış şəhərciklərə hələ yerləşdirilə bilməyən qaçqınlar haqqında danışdı. Həmçinin, birinci Qarabağ müharibəsindən zərərçəkmiş, çadır şəhərciklərində yerləşdirilmiş insanlara kifayət qədər humanitar yardımların Federasiya tərəfindən paylanıldığını söylədi.

Federasiyanın baş katibi çıxışında 1993-cü ildən bu günə kimi fəaliyyətlərimizdə daha həssas, daha çevik olmağa çalışdıqlarını və imkanları çərçivəsində yardımların insanlara çatdırıldığını xüsusi olaraq vurğuladı.
Sonda qonaqlara hədiyyələr təqdim edildi və xatirə şəkli çəkdirildi.
Görüşdən sonra nümayəndə heyəti Komitənin nümayəndələri ilə birlikdə Lökbatanda, həmçinin, yeni salınmış şəhərcikdə məskunlaşmış qaçqınların mövcud vəziyyəti ilə tanış oldular.
Xarici İşlər nazirliyində keçirilən görüş zamanı Federasiyanın AzQAC-a verdiyi dəstək, gələcək perspektivlər müzakirə olundu. 2018-ci ildə imzalanmış üç tərəfli də sazişə əsasən Beynəlxalq Federasiya, AzQAC və hökumət humanitar sahədəki fəaliyyətlərini birlikdə quracaq və bir-birlərinə dəstək olacaqlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024