Mobil versiya
Namidə Abbasova: “Milli-mənəvi dəyərlərimizin qorunub-saxlanmasını təmin etmək ulu öndər Heydər Əliyevin siyasətinin prioritet istiqaməti olub”
Tarix: 07-12-2021 | Saat: 14:28
Bölmə:Gündəm | çapa göndər

Namidə Abbasova: “Milli-mənəvi dəyərlərimizin qorunub-saxlanmasını təmin etmək ulu öndər Heydər Əliyevin siyasətinin prioritet istiqaməti olub”

1969-cu ildə ulu öndər Heydər Əliyevin ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gəldiyi zaman ölkəmizin potensial imkanları yetərincə olsa da, təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə getdikcə daha çox tənəzzülə uğrayırdı. Ötən əsrin 50-ci illərindən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, ölkədə işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdu. Lakin 1969-cu ilin 14 iyul tarixindən artıq hər şey dəyişdi. Azərbaycanda respublika rəhbərliyinə gələn ulu öndərimiz ötən əsrin 70-80-ci illərində sovet dövlətinin iqtisadi potensialından Azərbaycan iqtisadiyyatının və mədəniyyətinin inkişafı üçün bacarıqla istifadə etmişdir. Məhz həmin illərdə Azərbaycan xalqının rifahının yüksəlişi təmin olunmuş və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Azərbaycan qısa zaman kəsiyində keçmiş SSRİ miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir respublikalar sırasına daxil oldu. Həyata keçirilən daxili siyasət sayəsində Azərbaycanda milli özünüdərk, milli özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atıldı.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsil sisteminin daim təkmilləşməsinə yönəldilmiş diqqət və qayğısı Sovetlər İttifaqı dönəmində də özünü bariz şəkildə göstərirdi. Ulu öndər Azərbaycan Respublikasına rəhbərlik etdiyi həmin dövrdə də bu məsələni hər zaman diqqət mərkəzində saxlamış, və təhsil sahəsində ciddi islahatların keçirilməsinə nail olmuşdur. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılmışdır. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Həmçinin ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Eləcə də dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.


1969-1982-ci illərdə Azərbaycanın ictimai-siyasi, o cümlədən sosial-iqtisadi və mədəni həyatında milli intibah dövrü başlayıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi həmin illərdə respublikanın digər sahələri kimi, iqtisadiyyatın da dirçəlişi, ölkənin təbii ehtiyatlarından, iqtisadi, təhsil, elm və digər potensialından xalqın maddi rifah halının yüksəlməsi üçün şəraitin yaradılması ilə xarakterizə olunur. Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə respublikanın iqtisadi inkişafının konsepsiyası hazırlanıb, iqtisadiyyatda, o cümlədən kənd təsərrüfatında ixtisaslaşma, maddi-texniki və müasir istehsal sahələrinin yaradılması ilə kompleks tədbirlər həyata keçirilib. Bununla yanaşı, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə elm, təhsil və mədəniyyətin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması istiqamətində görülən işlər milli ruhun oyanmasına, azərbaycançılıq məfkurəsinin zənginləşməsinə güclü təsir göstərib və gələcəkdə müstəqil dövlətçiliyin bərpası üçün əsaslı zəmin hazırlayıb.

Həmin dövrdə ulu öndər Heydər Əliyev ittifaq tərkibində Azərbaycanın iqtisadi müstəqilliyini və respublika əhalisinin məşğulluğunu təmin etmək üçün yeni müəssisələrin yaradılmasını əsas məqsəd kimi qarşıya qoymuşdu. Xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə respublikada 250-dən çox zavod, fabrik və digər istehsal müəssisələri tikilib istifadəyə verilmişdir. 20 milyon kvadratmetr mənzil sahəsi, yüzlərlə məktəb, klub, xəstəxana, istirahət evləri tikilmişdir. Bakının ətrafında yeni mikrorayonlar, Badamdar, Əhmədli, Günəşli, Hövsan və sair kimi yeni yaşayış massivləri salınmışdır. 1983-cü ildə Bakı-Qroznı neft kəmərinin, 1985-ci ildə Dərin Dəniz Özülləri Zavodunun, Bakıda “Ulduz” Elektrik Cihazqayırma, Sumqayıtda Məişət Kompressorları zavodlarının, 1981-1984-cü illərdə Şəmkir Su Elektrik Stansiyasının və digər sənaye obyektlərinin tikilib istifadəyə verilməsi sürətlə inkişaf edən Azərbaycanda əhalinin rifahının yaxşılaşmasına ciddi təsir göstərmişdir. Sənayedə əmək məhsuldarlığı 2,1 dəfə artmış, 581 adda yenitipli maşın, avadanlıq və cihaz nümunələri yaradılmışdır. 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlanılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, istehsal sahəsi istismara verilmişdir. Beləliklə, Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilmişdir. Həmin illərdə Azərbaycanda gedən prosesləri analiz edən istənilən siyasi ekspert təsdiq edir ki, o dövrdə ölkə bütün istiqamətlər üzrə müstəqilliyə hazırlanırdı.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün hər iki mərhələsi həm 1969-1982-ci, həm də 1993-2003-cü illər, qazanılan böyük uğurlar baxımından olduqca oxşardır. Xüsusilə dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olan ikinci mərhələnin ən başlıca nailiyyəti odur ki, ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanmış, daha da möhkəmləndirilmiş və inkişaf etdirilmişdir. Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, işlək bazar iqtisadiyyatına keçid istiqamətində mühüm uğurların əldə edilməsi bu çox mürəkkəb və son dərəcə məsuliyyətli dövrün xarakterik cəhətlərindəndir. Bütün bu uğurların əsasında ulu öndər Heydər Əliyevin milli maraqlara dayanan siyasi xətti dayanır.

Müstəqil Azərbaycana rəhbərlik etdiyiı illərdə də milli təhsilimizi qabaqcıl dünya standartları səviyyəsinə yüksəltmək, eyni zamanda da milli-mənəvi dəyərlərimizin qorunub-saxlanmasını təmin etmək ulu öndər Heydər Əliyevin təhsil sahəsində yürütdüyü siyasətin prioritet istiqamətini təşkil edib. 1993-cü ildən sonra cəmiyyətimizin hər bir sahəsində olduğu kimi, təhsil sahəsində də bir canlanma, yeniləşmə nəzərə çarpmağa başladı. Ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində ölkənin orta, orta-ixtisas və ali məktəblərində struktur dəyişiklikləri baş vermiş, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi quruculuq işləri aparılmış, mövcud problemlərin həlli üçün effektiv üsul və metoların tətbiqi önə çəkilmişdir.

Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Ölkə Prezidenti cənab İlham Əliyev milli təhsilimizin inkişafı məsələsini xüsusi diqqət və qayğı ilə əhatə edib. O cümlədən Azərbaycan təhsilinin beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirmək istiqamətində həyata keçirilən tədbirlər artıq öz nəticələrini verir. Azərbaycanda təhsilə, təhsil işçilərinə göstərilən dövlət qayğısı bir daha təsdiqləyir ki, Azərbaycanda Heydər Əliyev siyasi kursunun alternativi yoxdur və bundan sonra da olmayacaq.

Namidə Abbasova,
Yevlax Rayon Təhsil Şöbəsinin müdiri

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024