Mobil versiya
Rəşad Həsənov: “Ulu öndər elm və təhsilin inkişafını daim diqqətdə saxlamış, bu sahənin problemlərinə kompleks şəkildə yanaşmışdır.”
Tarix: 07-12-2021 | Saat: 13:00
Bölmə:Gündəm | çapa göndər

Rəşad Həsənov: “Ulu öndər elm və təhsilin inkişafını daim diqqətdə saxlamış, bu sahənin problemlərinə kompleks şəkildə yanaşmışdır.”

Təhsil hər bir ölkənin beynəlxalq aləmdə yerini və nüfuzunu müəyyən edən əsas amillərdən biridir. Məhz təhsil sisteminin səviyyəsi ölkənin sahib olduğu maddi-mənəvi dəyərlərin və strateji potensialın göstəricisi kimi çıxış edə bilər. Təsadüfi deyil ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev təhsil sahəsinə hər zaman böyük önəm verir, xüsusi diqqət yetirirdi. Ulu öndər təhsil sahəsinin əhəmiyyətini vurğulayaraq demişdir: “Təhsil millətin gələcəyidir. Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam… Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipal mövqeyimdir”.

Ulu öndər Heydər Əliyev müəllimə həmişə yüksək qiymət vermiş və Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafı üçün bir çox yeniliklər tətbiq etmişdir. Heydər Əliyev SSRİ dövründə, yəni Azərbaycan Respublikasına rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində də təhsillə bağlı məsələləri daim diqqət mərkəzində saxlamış, ciddi islahatlar həyata keçirilmişdir. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılmışdır. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi.

Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra keçən ilk illərdə respublikamızda təhsilin səviyyəsi heç də qənaətbəxş deyildi. Xüsusilə də 1993-cü ilin ilk yarısında əlbəttə ki, təhsil problemləri heç də ön planda ola bilməzdi. Ölkə xaosun astanasında, vətəndaş müharibəsinin başlanğıcında idi. Xarici intervensiya, daxili separatçıların ambisioz iddiaları, hakimiyyət uğrunda mübarizə və çəkişmələr Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsilə üz-üzə qoymuşdu. Məhz belə bir riskli məqamda xalqın təkidi və tələbilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı bütün bu bəlalardan xilas etdi. Ümummilli liderimizin hakimiyyətə qayıdışından qısa müddət sonra bütün sahələrdə ciddi dönüş və irəliləyiş yaşandı. O cümlədən ulu öndər elm və təhsilin inkişafını da diqqətdən kənarda qoymamış, elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Dahi lider təhsil strategiyasının reallaşdırılması məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır.

2002-ci il oktyabrın 4-də ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərınin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamı milli elm və təhsil sisteminin inkişafında vacib amillərdən biridir. Bu sərəncam ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratmışdır. “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli sərəncamı da ölkədə təhsil sahəsində müstəsna əhəmiyyətə malik dövlət sənədidir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilmişdir.

Yaşadığımız “təhsil əsri”ndə ulu öndərin əsasını qoyduğu təhsil siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir dövrün tələblərinə uyğun konsepsiyada davam etdirir, ardıcıl olaraq ölkədə təhsil sahəsində məqsədyönlü islahatlar həyata keçirir. Ölkədə təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən ən mühüm amillərdən biri heç şübhəsiz ki, təhsil prosesinin inkişaf etdirilməsi, təhsil şəbəkəsinin müasir infrastrukturla təmin edilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi, bu yolla təhsil ocaqlarında kontingent sıxlığının aradan qaldırılmasına, tədris mühitinin optimallaşdırılmasına nail olmaqdan ibarətdir. Bu mənada son 18 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması təqdirəlayiqdir. Belə ki, bu illər ərzində dövlət başçısının Azərbaycanın müasirləşdirilməsi siyasətinin tərkib hissəsi olaraq təhsil sahəsində də ciddi islahatlar həyata keçirilir. Respublikanın dövlət büdcəsində təhsil sahəsinə ayrılan xərclər ilbəil artır. Həmçinin son 18 ildə ölkəmizin təhsil sistemində əldə olunan uğurlardan biri də heç şübhəsiz ki, məktəb tikintisi ilə bağlıdır. Təkcə onu vurğulamaq kifayətdir ki, haqqında bəhs olunan dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Məsələn, regionların, Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı, eləcə də yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı Dövlət proqramlarında məktəb tikintisi ilə bağlı geniş müddəalar öz əksini tapıb. Təhsil sahəsində beynəlxalq əlaqələr genişlənib və hazırda dünya təcrübəsi də öyrənilməklə Azərbaycanda təhsil sisteminin daha da inkişafı üçün məqsədyönlü işlər görülür.

Bu gün Azərbaycan son otuz il ərzində daşıdığı ən ağır yükü çiynindən atmış, xalqımızın otuz illik Qarabağ həsrətinə son qoyulmuşdur. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu erməni işğalçılarını Vətən torpaqlarından qovaraq, ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Əlbəttə ki, bu tarixi Qələbə ölkəmizin bütün sahələr üzrə daha dinamik inkişafına yol açmış oldu. O cümlədən əminliklə demək olar ki, bundan sonra müasir Azərbaycan təhsili də özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq milli təhsil quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin müdrik tövsiyələri əsasında daha sürətlə inkişaf edəcək.

Rəşad Həsənov,
Astara Rayon Təhsil Şöbəsinin müdiri,
YAP Astara Rayon Təşkilatı İdarə Heyətinin üzvü

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024