Mobil versiya
Sevda Əliyeva: “Ulu Öndər Heydər Əliyev hələ sovet dönəmində Azərbaycanda milli müstəqilliyə etibarlı zəmin formalaşdırmışdı”
Tarix: 06-12-2021 | Saat: 10:45
Bölmə:Gündəm | çapa göndər

Sevda Əliyeva: “Ulu Öndər Heydər Əliyev hələ sovet dönəmində Azərbaycanda milli müstəqilliyə etibarlı zəmin formalaşdırmışdı”

Ulu öndər Heydər Əliyevin adı öz xalqına, millətinə misilsiz xidmətləri ilə yaddaşlara əbədi həkk olunmuşdur. Dahi rəhbərin milli maraqlara yönələn siyasəti, sosial, iqtisadi, mədəni və intellektual cəhətdən ölkəsini dirçəltmək, qədim xalqını öz torpaqlarının, tarixi irsinin və taleyinin həqiqi sahibinə çevirmək uğrunda mübarizəsi onun bitib-tükənməz ideyalarının inandırıcı potensialını daha da artırmışdır. Məhz xalqda olan bu inam böyük Azərbaycanlının ikinci dəfə hakimiyyətə gəlişinin istinadına çevrilmişdir. Böyük qayıdışdan sonra Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyaları fundamental mahiyyət kəsb etməyə başlamış, mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyası işlənib hazırlanmışdır.

1969-cu ildə Heydər Əliyevin ölkəmizdə ilk dəfə hakimiyyətə gəlişi ilə Azərbaycanda iqtisadi inkişafa doğru ciddi dönüş əldə edildi, elmi və ədəbi-mədəni intibahın əsası qoyuldu. Məhz həmin dövrdən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün əsaslı zəmin hazırladı. Beləliklə, hələ sovet dönəmində Azərbaycanda milli müstəqilliyə etibarlı zəmin formalaşdıran ulu öndər əlverişli sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual mühit yaradaraq, bu möhkəm bünövrə üzərində xalqın illər sonra azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etdi. Xüsusi olaraq vurğulamaq lazımdır ki, məhz 1969-1982-ci illər respublikada ictimai-siyasi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklərin miqyasına görə Azərbaycanın şanlı inkişaf və quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir.

Lakin ötən əsrdə artıq ikinci dəfə öz müstəqilliyini qazanmış Azərbaycan əsrin sonlarında həm suverenliyini, həm də dövlətçiliyini itirmək təhlükəsilə üz-üzə qaldı. 1991-ci ildə ölkədə yaranmış qarışıqlıq sayəsində hakimiyyətə gəlmiş qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdu. Vətəndaş müharibəsi ərəfəsində olan respublikada hətta Qarabağ müharibəsi də arxa plana keçmişdi. Bu çətin dönəmdə Azərbaycan xalqı ən müdrik qərarını verərək Heydər Əliyevi hakimiyyətə təkidlə dəvət etdi. Bu qayıdış dövlətçiliyin və müstəqilliyin qorunub saxlanmasının əsas həlledici amili oldu. Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan bir dövlət kimi məhvolmadan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas oldu. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi.

Bundan sonra ümummilli liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına şərait yaratdı. Ulu öndər respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirərək, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsi üçün əlverişli mühit formalaşdırdı. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini qeyri-neft sektorunun, regionların inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək məqsədilə kompleks tədbirlər həyata keçirildi. Ümumilikdə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən iqtisadi siyasət belə deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev müstəqillik amilinin əyani şəkildə bərqərar olması üçün ilk növbədə iqtisadiyyatda çoxşaxəli islahatların aparılmasını, davamlı inkişaf üçün möhkəm iqtisadi bazanın formalaşmasını vacib sayıb.

Ulu öndər Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız ümummilli liderin adını tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin ötən əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olmuşdur.

Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursu Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla inkişaf və davam etdirilir. Dövlət başçımızın inamla davam etdirdiyi siyasi kurs Azərbaycanın son illər ərzində möhtəşəm iqtisadi inkişafını təmin etmiş, ölkəmizi sözün əsl mənasında qüdrətli dövlətə çevirmişdir. Dövlət başçımızın müdrik rəhbərliyi altında Azərbaycan Vətən müharibəsində tarixi Qələbə əldə edərək öz ərazi bütövlüyünü bərpa etmiş, özünü bütün dünyaya Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların şəriksiz müəllifi kimi bir daha təqdim etmişdir. Günümüzün reallıqları bir daha bunu deməyə əsas verir ki, Heydər Əliyev siyasi kursu Azərbaycanı parlaq gələcəyinə qovuşduracaq yeganə doğru yoldur.

Sevda Əliyeva
Sumqayıt şəhəri, Evdə Fərdi Təhsil Məktəbinin direktor müavini

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024