Mobil versiya
Niyazi Nəcəfov: “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi”
Tarix: 06-12-2021 | Saat: 10:20
Bölmə:Gündəm | çapa göndər

Niyazi Nəcəfov: “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi”

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, 1991-1993-cü illərdə respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın bütün sahələrdə davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu gün-gündən daha da artır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü və bu ağır missiyanı şərəflə başa çatdırdı.

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Azərbaycan dövləti onun varlığına birdəfəlik son qoyulma təhlükəsi ilə üzləşdiyi zamanda Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını dövlətimiz üçün böyük bəxşiş kimi dəyərləndirmək mənəvi borcumuzdur. Məhz həmin çətin anlarda xalq müdrik bir liderə, xalqı və dövləti bu çətin vəziyyətdən xilas edəcək uzaqgörən siyasətçiyə inanır, güvənirdi. Ulu öndər Heydər Əliyevin qayıdışı və Azərbaycanda qurtuluşa nail olunması Onun nəhəng siyasi xadim olduğunu təsdiqləyən əsas faktlardandır.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın dövlət mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi.

Ümummilli lider müasir Azərbaycan Respublikasında aparılan bütün islahatların təşəbbüskarı və müəllifidir. Həmin islahatlar bu gün də böyük uğurla davam etdirilir. Çünki ulu öndər bizim üçün mükəmməl dövlətçilik məktəbini yaratmışdır. Bu gün isə ümummilli liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin qazandığı bütün nailiyyətlərin əsasında ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və dövlət başçımızın şəxsi keyfiyyətləri dayanır. Dövlət başçımızın bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Prezident İlham Əliyevin istənilən məsələyə yaradıcı münasibət bəsləməsi, yeni müstəvidən yanaşması, siyasi-ictimai və geosiyasi reallıqları, iqtisadi-hərbi prosesləri, ideoloji-etnik problemləri mövcud siyasi kursun işığında yenidən dəyərləndirməsi onun yeni mərhələdə Azərbaycanın və cəmiyyətimizin müasirləşdirilməsinin baş memarı və novator dövlət xadimi kimi qüdrətli lider olmasını isbatlayır. Məhz dövlət başçımızın əzmkarlığı və siyasi iradəsi sayəsində Azərbaycan ötən ilin sentyabr-noyabr aylarında apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa vurmaq imkanı əldə edə bildi. Qazanılan bu şanlı Zəfər nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi və onsuz da lider dövlət kimi çıxış etdiyi Cənubi Qafqaz regionunda yeni tarixi reallıqların müəllifinə çevrildi.

Niyazi Nəcəfov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Şirvan Şəhər Komitəsinin sədri

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024