Mobil versiya
Azər Həsənov: “Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi”
Tarix: 04-12-2021 | Saat: 10:24
Bölmə:Gündəm | çapa göndər

Azər Həsənov: “Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi”

Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə idmanın inkişafına böyük diqqətlə yanaşmış, bu vacib sahənin gələcək inkişaf perspektivlərini ciddi şəkildə nəzərə almışdır. Hələ sovet dönəmində Ümummilli Liderin təşəbbüsü və səyləri nəticəsində respublikamızda idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüşdü. Məhz həmin illərdə Azərbaycanda bir çox idman kompleksləri, idman qurğuları və zallar tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. 1970-ci illərdə təkcə Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi. Bir sözlə, ötən əsrin 70-ci illəri birmənalı olaraq Azərbaycan idmanının gələcək möhtəşəm uğurlarının təməlinin qoyulduğu dövr olmuşdur.

Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. SSRİ dövründə bir çox nailiyyətlərə imza atmış adlı-sanlı idmançılar dözülməz şərait ucbatından Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdılar. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində tikilmiş idman kompleksləri isə baxımsızlıq üzündən dağıdılmış, idmanın tənəzzülü pik nöqtəyə çatmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərdən biri kimi müəyyən edildi, bu sahədə inkişafın əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması istiqamətində aparılan iş geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. 1993-cü ilin noyabrında ulu öndər dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu görüşdə Heydər Əliyev qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir. İdmanın inkişafı üçün geniş imkanlar yaradılacağını bildirən Heydər Əliyev bu sahənin həm də milli məfkurə, mədəni irs və düşüncə sistemi, ən əsası, oturuşmuş tarixi ənənələr əsasında inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı. Ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: “İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır.”

1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının tarixində ən mühüm və əlamətdar hadisə kimi yaddaşlara yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı, idmanımızın strateji inkişafını təmin edən yeni konsepsiya müəyyənləşdirildi. Azərbaycanı dünya miqyasında idman ölkəsinə çevirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyev bütün ölkə üzrə müasir idman infrastrukturunun yaradılması istiqamətində nəhəng quruculuq layihələrinin dəqiq planını müəyyənləşdirdi. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı. Hazırda demək olar elə bölgəmiz yoxdur ki, orada müasir idman qurğuları olmasın. Söhbət 50-dək olimpiya idman kompleksindən, 64 idman növü üzrə modern bazadan gedir. Bütün bunlar uzun müddət aparaılan səmərəli fəaliyyətin nəticəsidir. Azərbaycanda idmanın kütləviliyinə nail olmaq üçün zəruri tədbirlər görən Prezident İlham Əliyevin idmana sevgisi sonsuzdur. Möhtərəm Prezidentimiz hər dəfə iftixarla bildirir ki, dövlət başçısı vəzifəsinə ölkənin vahid idmançılar ailəsindən gəlib. Ona görə də Prezident seçildikdən sonra da Milli Olimpiya Komitəsinin rəhbəri kimi fəaliyyətini davam etdirməyi lazım bilib. Bu gün Azərbaycanın modern idman infrastrukturuna malik ölkə olması hər kəsin qəbul etdiyi reallıqdır. Bu fikri Bakıda nüfuzlu beynəlxalq yarışların təşkilinin ənənəyə çevrilməsi bir daha təsdiqləyir.

Ölkə Prezidenti cənab İlham Əliyevin idmanımıza diqqət və qayğısı, Azərbaycan gəncliyinin sağlam və vətənpərvər ruhda formalaşması yolunda atdığı mühüm addımlar, ölkədə həyata keçirilən gənclər və idman siyasəti ulu öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür.

Azər Həsənov
Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti,
SSRİ İdman ustası, Əməkdar Məşqçi,
Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024