Mobil versiya
Aqiyə Naxçıvanlı: Azərbaycan Prezidentinin öz əli ilə qoyduğu hər bir təməl daşı möhtəşəm qayıdış gününü daha da yaxınlaşdırır
Tarix: 19-10-2021 | Saat: 17:55
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: Azərbaycan Prezidentinin öz əli ilə qoyduğu hər bir təməl daşı möhtəşəm qayıdış gününü daha da yaxınlaşdırır

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdikləri görüş, eyni zamanda, həm iqtisadi baxımdan, həm də mənəvi-siyasi baxımdan müstəsna önəm daşıyır. Məlumdur ki, ötən il məhz oktyabrın 17-də şanlı Ordumuz Füzuli şəhərini erməni işğalından azad edib. Belə bir əlamətdar günü füzulililərlə birgə qeyd edən dövlətimizin başçısı bununla bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan xalqının birliyi, həmrəyliyi təkcə hərb günlərində deyil, dinc quruculuq günlərində də ən yüksək səviyyədədir. Azərbaycan Prezidenti hər zaman öz xalqının, xalq isə öz Liderinin yanındadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı professor Aqiyə Naxçıvanlı deyib.

Deputat bildirib: “Bu gün Füzuli şəhərində və rayonun kəndlərində gedən bərpa və yenidənqurma işləri dövlətimizin iqtisadi qüdrətinin, xalqımızın öz torpaqlarına bağlılığının nümayişidir. Biz hamımız yaxşı xatırlayırıq, hələ işğal dövründə də Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətlərində, keçmiş köçkünlərlə keçirdiyi görüşlərdə hər dəfə deyirdi ki, biz nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik və əgər lazım olsa, biz güc tətbiq etməklə öz torpaqlarımızı geri qaytaracağıq. Belə də oldu. Hər dəfə olduğu kimi, dövlətimizin başçısı bu vədinə də əməl etdi. Nə işğal dövründə, nə də müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, Azərbaycan Prezidentinin polad iradəsinin, xalqımızın yenilməz əzminin qarşısında heç bir qüvvə dayana bilmədi. Şanlı Azərbaycan Ordusu erməni işğalçı ordusunu darmadağın etdi və bütün dünyaya xalqımızın böyüklüyünü nümayiş etdirdi. Dövlətimizin başçısının dediyi kimi, bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır. Bu gün Füzuli şəhəri və rayonun kəndləri sürətlə bərpa edilir. Ötən bir il ərzində bu istiqamətdə böyük işlər görülüb. Heç bir şübhə ola bilməz ki, azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Bir il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti çox genişmiqyaslı quruculuq işləri ilə, eyni zamanda, şəhər və kəndlərimizin bərpası ilə də məşğul olub. Eyni zamanda, Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıb. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır. Yeri gəlmişkən, dövlətimizin başçısı və birinci xanım oktyabrın 17-də Füzuliyə səfər çərçivəsində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin və çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində iştirak etdilər. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın iqtisadi qüdrətini və xalqımızın yaradıcı ruhunu nümayiş etdirən ən bariz nümunələrdən biri də cəmi 8 ay ərzində inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanıdır. Dövlətimizin başçısının Füzuli ictimaiyyəti ilə görüşü zamanı etdiyi çıxışında dediyi kimi, bəlkə də dünya praktikasında, dünya tarixində belə qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Artıq bütün tikinti və ətraf ərazinin abadlaşdırılması işləri başa çatdırılıb. Hava limanında görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Bütün bunlar Azərbaycanın yaradıcı və sülhsevər ruha sahib olduğunun nümayişidir”.

Aqiyə Naxçıvanlı işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin bütün keçmiş məcburi köçkünlərin tezliklə öz doğma torpaqlarına qayıda bilmələri üçün həyata keçirildiyini və bu günün Azərbaycan Prezidentinin həmin ərazilərə etdiyi hər səfəri ilə daha da yaxınlaşdığını vurğulayıb. Deyib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə - keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Azərbaycan Prezidentinin həmin ərazilərə mütəmadi səfərləri, dövlətimizin başçısının öz əli ilə qoyduğu hər bir təməl daşı isə həmin günü daha da yaxınlaşdırır. O cümlədən Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı da rayonun Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Dövlətimizin başçısı bildirdi ki, beş kəndi birləşdirən bu layihənin gələn ilin sonuna qədər icra ediləcəyi və yenilənmiş kəndlərin keçmiş köçkünlərin sərəncamına veriləcəyi nəzərdə tutulur. Qeyd edək ki, Füzuli rayonunda yaradılacaq ilk yaşayış məntəqəsi olacaq Dövlətyarlı kəndində birinci mərhələdə 450, sonra isə əlavə 300 evin tikintisi planlaşdırılıb. Beləliklə, Füzuliyə həyat qayıdır və qayıdacaq. Prezident İlham Əliyevin dediyi kimi, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək.

Sonda deputat Füzulinin erməni vandalizmindən, işğalçı qüvvələrin törətdikləri vəhşiliklərdən ən çox ziyan çəkmiş rayon olduğunu qeyd edərək deyib: “Erməni faşizminin ən dəhşətli təzahürlərini onların 30 il ərzində işğal altında saxladıqları Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərdə görmək olar. Bütün işğal dövründə dünya birliyi bu cinayətlərə göz yumdu. Lakin bu gün artıq Azərbaycan öz torpaqlarına sahib çıxıb və həmin ərazilərdə erməni vandallığının nəticələrini bütün dünya görməlidir və görür. O cümlədən Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Rayon işğaldan azad ediləndən sonra məlum oldu ki, burada bir dənə salamat kənd, bir dənə salamat bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Biz hamımız yaxşı xatırlayırıq ki, Füzuli azad olunandan sonra igid əsgərlərimiz bir bina tapa bilmədilər ki, oraya bayrağımızı sancsınlar. Buna görə də bayrağımız hərbi hissənin həyətində dirəkdə qaldırılmışdı. Dövlətimizin başçısı da çıxışında qeyd etdiyi kimi, buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz. Hələ işğal dövründə Minsk qrupunun nümayəndələri iki dəfə faktaraşdırıcı missiya ilə bu bölgələrə gəlmişdilər və müvafiq məruzələr hazırlanmışdı. O məruzələrdə də göstərilirdi ki, düşmən burada böyük vandallıq törədib. Lakin törədilən dağıntıların əsl miqyasının belə böyük olacağını heç kim təsəvvür edə bilməzdi. Bu, erməni faşizminin eybəcər üzüdür, bütün dünya bunu görür və görməlidir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər törədib və bütün bunlara görə cavab verməlidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2024