Mobil versiya
İcbari tibbi sığortanın tətbiqinə nə vaxt başlanılacaq?
Tarix: 30-04-2016 | Saat: 10:39
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

İcbari tibbi sığortanın tətbiqinə nə vaxt başlanılacaq?






AiA.Az Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin Trend-ə müsahibəsini təəqdim edir.

- Azərbaycanda 2016-cı ilin sonlarına doğru və ya 2017-ci ilin əvvəlində icbari tibbi sığortanın tətbiqi məqsədilə pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur. Aparılan işlər icbari tibbi sığortanın həmin vaxtdan tətbiq edilməsinə imkan verəcəkmi?

- İcbari tibbi sığorta hökumətin həyata keçirdiyi sosial layihələrin tərkibində yer alır. Şübhəsiz ki, burada, ilk növbədə, vətəndaşlarımızın maraqlarının təmin olunması əsas götürülür. Prezident İlham Əliyevin tapşırığına əsasən, icbari tibbi sığortanı qısa zamanda və vətəndaşlarımızın mənafeyinə uyğun şəkildə tətbiq etməliyik. Bildiyiniz kimi, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyətinə 2016-cı ilin fevral ayından başlayıb. Azərbaycanda icbari tibbi sığorta modelinin hazırlanmasına xarici ekspertlər cəlb etmişik. Hazırda bir qrup xarici ekspert Bakıda səfərdədir. Layihə ilə bağlı hazırlıq işləri öz qaydasında gedir. Mayın sonuna yaxın icbari tibbi sığortanın tətbiqi üçün model, eyni zamanda modelin icrası üçün tədbirlər planı hazır olacaq. Həmin modelin hansı komponentlərdən ibarət olacağı da mərhələli şəkildə müəyyən olunacaq. Tədbirlər planının icrası üçün hazırlıq işlərinin təşkili də diqqətimizdədir. Çünki ölkəmizdə mövcud səhiyyə xidmətinə dövlət tərəfindən təminat verilir və vətəndaşlar bundan yararlanırlar. Ona görə də icbari tibbi sığorta modelinin tətbiqi üçün keçid dövrü lazımdır. Mövcud səhiyyə sistemindən icbari tibbi sığorta modelinin tətbiqinə keçiddə pilot layihənin icrası nəzərdə tutulub. Belə olduqda qarşılaşdığımız çətinlikləri daha tez aradan qaldıracağıq. Mayın sonundan sonra seçiləcək modeldən irəli gələn islahatların həyata keçirilməsi, qanunvericiliyə dəyişikliklərin edilməsi prosesinə başlanılacaq. Növbəti 6 ayda bunları intensiv şəkildə həyata keçirəcəyik ki, ilin sonuna yaxın pilot layihənin icrasına başlayaq. Əgər müəyyən çətinliklər olsa, o zaman ən geci, gələn ilin əvvəlində layihənin icrasına başlayacağıq.

- İcbari tibbi sığorta bütün ölkə üzrə nə vaxtdan həyata keçiriləcək?

- İlin sonunda pilot layihənin həyata keçirilməsinə başlayacağıq. Çalışacağıq ki, layihənin əhatə dairəsini sürətlə artıraq. Əlbəttə ki, bütün dünya ölkələrində olduğu kimi, icbari tibbi sığortanın universal təminatına nail olmaq istəyirik. Universal təminatda iki əsas amil nəzərə alınır. Bunların biri əhatə olunan əhali, ikincisi isə təminatla bağlı olur. Tam universal təminatda bütün əhali qrupları əhatə edilir və onlara bəzi xidmətlər istisna olmaqla, bütün növ təminatlar verilir. Buna nail olmaq üçün vaxt lazımdır. İcbari tibbi sığortanı tətbiq edən ölkələr buna 5-10 il ərzində nail olublar. İcbari tibbi sığortanın tətbiqinin uzun müddət çəkməsinin səbəbi yalnız maliyyə resurslarında deyil, eyni zamanda tibb müəssisələrinin yeni sistemə uyğunlaşdırılması və əhalinin tibbi xidmətlərə münasibətdə davranışının dəyişilməsindən asılıdır. Buna mərhələli şəkildə nail ola bilərik. İcbari tibbi sığortaya çox geniş təminat vermək üçün uzun illər lazımdır. İndiyədək heç bir ölkə bunu 1-2 il ərzində həyata keçirə bilməyib.

- İcbari tibbi sığortadan hansı təbəqə pulsuz istifadə edə biləcək?

- Adətən, icbari tibbi sığortadan 18 yaşadək uşaqlar, sağlamlıq imkanları məhdud olan bütün insanlar, aztəminatlı ailələr, tələbələr, pensiyaçılar pulsuz istifadə edirlər. Amma yüksək məbləğdə təqaüd alanlar istisna təşkil edir. Biz bu məsələni müzakirə edəcəyik. Onu da deyim ki, əslində, sadaladığım qruplar icbari tibbi sığortadan pulsuz istifadə etmir. Belə ki, onların sığorta haqqını dövlət ödəyir.

- Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün bir neşə modelə baxılacaq. İlkin rəylərdə hansı modellərə daha çox üstünlüyün verilməsi təklif edilir?

- Dünya praktikasına baxsaq, görərik ki, hər bir ölkə universal təminata nail olmaq istəyir. Bunun üçün ölkələr müxtəlif yollardan istifadə edirlər. Həll yollarının müxtəlifliyi maliyyə vəsaitinin məbləği ilə bağlı olur. Əgər ölkənin maliyyə vəsaiti çoxdursa, "milli səhiyyə sistemi" qurmaq olar. "Milli səhiyyə sistemi"ndə vətəndaşların əməkhaqlarından toplanan vergi (sosial ayırmalar yox) əsasında dövlət büdcəsi formalaşır. Dövlət büdcəsindən həmin vəsait səhiyyə xidmətinə ayrılır və beləliklə, bütün vətəndaşların bu xidmətdən yararlanmasına təminat verilir. Yaxud da "sosial sığorta sistemi" var. Bu sistemin fondu dövlət büdcəsindən və vətəndaşın əməkhaqqından maliyyələşir, yəni Dövlət Sosial Müdafiə Fonduna necə vəsait ayrılırsa, burada da elə ayrılır. Əgər vətəndaşlar əməkhaqlarından icbari tibbi sığorta haqqının tutulmasına hazır olsalar, onda sosial sığorta modelini tətbiq edəcəyik.

- İcbari tibbi sığorta sistemi vətəndaşa az pul ödəməklə daha yüksək və bahalı xidmətlərdən istifadə etməyə imkan verir. Bəs burada vətəndaşı nə narazı sala bilər?

- Təəssüflər olsun ki, vətəndaşlar icbari tibbi sığortanın mahiyyətini dərindən bilmirlər. Çünki uzun illərdir ki, ölkəmizdə fərqli maliyyələşmə sistemindən istifadə edilir. Hazırda vətəndaşlar tibbi xidmətlərə kifayət qədər vəsait xərcləyirlər. Ancaq icbari tibbi sığorta tətbiq ediləndə daha az vəsait ödəyərək daha geniş xidmətlərdən istifadə etmək mümkün olur. Əhalinin icbari tibbi sığorta sisteminə keçidə hazırlanması vacibdir. Bizim Agentlik tərəfindən maarifləndirmə işlərinə başlanılıb. Mətbu orqanlar və televiziya verilişləri vasitəsilə vətəndaşlarımıza icbari tibbi sığortanın əhəmiyyətini, faydalarını və üstünlüklərini çatdırmağa çalışırıq. Lakin növbəti mərhələlərdə daha geniş maarifləndirmə kampaniyalarının aparılması, sosial çarxların hazırlanması, icbari tibbi sığorta sahəsini işıqlandıran mətbuat nümayəndələri üçün təlimlərin keçirilməsi planlaşdırılır.

- Pilot layihənin hər hansı peşə işçiləri arasında da tətbiq olunmasının mümkünlüyü qeyd edilib. Nəyə görə layihənin icrası üçün konkret olaraq hər hansı peşə sahiblərinin cəlbi ideyası irəli sürülür və burada məqsəd nədir?

- Biz pilot layihənin icrası üçün dünyada hansı layihələrdən istifadə edildiyini araşdırdıq. Peşə sahiblərinin cəlb olunduğu layihələrin zəif və üstün cəhətləri ilə maraqlandıq. Peşə sahiblərinin cəlb olunduğu layihənin üstünlüyü odur ki, bu zaman sığortalanacaq insanların dəqiq sayı bəllidir. İkincisi, peşə sahəsi iqtisadi fəal sahədir və çalışanların konkret əməkhaqları olur. Onların əməkhaqqından müvafiq tutulmaların həyata keçirilməsi daha rahatdır. Üçüncüsü də, hər hansı peşə sahəsi bütün ölkə ərazisi üzrə yayılıb. Ona görə də biz peşə sahiblərini cəlb etməklə bu layihəni bütün ölkə üzrə də sınaya bilərik. Ancaq layihənin region üzrə həyata keçirilməsinin üstünlükləri də var. Çünki regionda əhalinin bütün təbəqələrini (işləyənlər, uşaqlar, pensiyaçılar, sağlamlıq imkanları məhdud olan insanlar, işsizlər) əhatə etmək mümkündür. Bu, pilot layihədə bütün komponentlərin sınaqdan keçirilməsinə imkan verir.

- Deməli, Azərbaycanda layihənin peşə sahiblərindən daha çox rayon üzrə tətbiqinə üstünlük verilir?

- Bəli. Çünki bunun üstünlükləri daha çoxdur. Yuxarıda qeyd etdiyim kimi, rayonda və ya şəhərdə bütün əhali qruplarını əhatə etmək imkanımız var. Onu da qeyd edim ki, pilot layihə uzunmüddətli olmayacaq, 6-9 ay ərzində davam edəcək. Pilot layihəyə başlayanda paralel olaraq, qonşu regionlarda da hazırlıq işləri aparacağıq. Əgər həmin 6-9 ay ərzində qonşu regionlar da buna hazır olsalar, biz orada da bu sistemin tətbiqinə keçəcəyik. Beləliklə, sistem mərhələli şəkildə bütün ölkəyə yayılacaq. Və yaxud Bakı da daxil olmaqla, bütün ölkədə hazırlıq işlərini sürətli həyata keçirsək, ola bilər ki, pilot layihənin sonunda bütün ölkə üzrə bu sistemin tətbiqinə başlayaq. Agentliyin maliyyə potensialı gücləndikcə xidmətlər paketini və əhatə dairəsini də genişləndirəcəyik.

- İcbari tibbi sığorta üzrə pilot layihənin hansı rayonda tətbiq ediləcəyi gözlənilir? Rayonun və ya rayonların seçimi zamanı hansı amillərə üstünlük veriləcək?

- Hazırda pilot rayonun müəyyənləşdirilməsi üçün 100-200 min əhalisi olan rayonların göstəricilərini təhlil edirik. Pilot rayonun seçilməsi prosesində demoqrafik göstəricilər, o cümlədən, əhalinin sayı, qrupları, iqtisadi fəal əhalinin, sağlamlıq imkanları məhdud olanların, uşaqların sayı və s. amillər nəzərə alınır. Əlbəttə ki, seçim zamanı həmin ərazidəki mövcud xəstəxanaların vəziyyəti, həkimlərin sayı, rayonun inzibati idarəetmə potensialı da önəmli faktorlardır.

- Əgər layihə hər hansı rayon üzrə icra olunacaqsa, icbari tibbi sığorta bütün əhaliyə, yoxsa əhalinin müəyyən kateqoriyasına şamil olunacaq?

- Əgər biz pilot kimi hər hansı rayonu seçsək, o zaman sistem oradakı bütün əhaliyə - işləyən və işləməyən şəxslərin hamısına şamil olunacaq.

- Nə üçün layihənin icrasına iqtisadi fəal və icbari tibbi sığorta ödənişi imkanları daha çox olan insanların yaşadığı və beləliklə də layihənin icrasına maliyyə baxımından daha yaxşı şərait yaradan Bakı şəhərindən başlanılmır?

- Çünki pilot layihə sınaq xarakterlidir. Bu, sistemi yoxlamaq üçündür. Pilot layihə üçün müvafiq göstəricilərə cavab verən, lakin kiçik əhali qrupunu əhatə edən əraziləri seçmək daha məqsədəuyğun hesab edilir. Əgər pilot layihə zamanı çatışmazlıqlar olarsa, onu aradan qaldırmaq, keçirilən layihəni təhlil etmək və monitorinq aparmaq da daha asan olur. Bundan sonra pilot layihəni uğurla daha geniş əhali arasında keçirmək olar.

- İcbari tibbi sığortanın təşkili prosesinə özəl şirkətlər cəlb ediləcəklərmi?

- Əhalinin icbari qaydada tibbi sığortalanması İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən aparılacaq. Özəl sığorta şirkətlərinin prosesə birbaşa deyil, dolayısilə cəlb olunması gündəmdədir. Sığorta şirkətləri Agentliyin verəcəyi təminatın tamamlayıcısı rolunda çıxış edərək öz təkliflərini irəli sürə bilərlər. Əgər biz "təminatımız bu xəstəliklərdən ibarətdir" deyiriksə, özəl sığorta şirkəti müəyyən hesablama apararaq deyə bilər ki, müəyyən vəsait ödədikdə biz sizə daha geniş təminat veririk, yaxud daha geniş xəstəxanalar şəbəkəsi təklif edirik.

- İcbari tibbi sığorta üzrə vahid qiymət cədvəli olacaq. Bu qiymətlər hansı prinsiplərlə, hansı qurum tərəfindən müəyyənləşdiriləcək?

- Hazırda bununla bağlı müzakirələr aparılır və Agentliyin mütəxəssisləri vahid qiymətləri hesablayırlar. Hesablamalar başa çatdıqdan sonra təminat verəcəyimiz əhali təbəqəsinin xərclərini müəyyən edəcəyik. Bunun hesabına da adambaşına sığorta haqqını müəyyən edə biləcəyik. Yəni əməkhaqqından neçə faiz tutulmanın ediləcəyi müəyyən ediləcək.

- İcbari tibbi sığortadan istifadə edən şəxs nəticə etibarilə tibbi xidmətlər bazarındakı hazırkı qiymətlərdən daha ucuz olan xidmətdən yararlana biləcəkmi?

- Risklərin cəmləşdirilməsi hesabına bizim alıcılıq qüvvəmiz çoxalır. Agentlik olaraq, alıcılıq qüvvəmiz yüksək olacağı üçün xəstəxanalarla daha sərfəli qiymətlərlə razılaşa bilərik.

- Vətəndaş uzun müddət ərzində icbari tibbi sığorta ödənişini həyata keçirməsinə baxmayaraq, ondan istifadə etməzsə, qalan vəsait vətəndaşa sonrakı illərdə hər hansı yeni imkan yarada bilərmi?

- Əgər vəsait istifadə olunmayıbsa, bu o demək deyil ki, həmin vəsait gələn ilə keçir və orada vəsait toplanır. İcbari tibbi sığorta sosial həmrəylik prinsipi üzərində qurulub. Burada imkanlı imkansıza, sağlam insan isə xəstəyə görə ödəyir. Burada əsas məqsəd xəstəliklərin riskini bir yerdə cəmləməkdir. Yəni əgər bu gün hər hansı vətəndaş xəstələnibsə, həmin vəsait onun müalicəsinə sərf edilir. Gələn il vəsaitdən başqa, o biri il isə bir başqası istifadə edə bilər.

- İcbari tibbi sığortanın tətbiqinə ilkin olaraq dövlət, yoxsa özəl xəstəxanalardan başlanacaq?

- Məlumdur ki, rayonlarda özəl xəstəxanaların sayı çox azdır. Əgər biz rayon üzrə pilot layihəyə başlasaq, böyük ehtimalla dövlət xəstəxanalarından başlayacağıq. Lakin bu o demək deyil ki, özəl tibb müəssisələrini prosesdən kənarda saxlamaq istəyirik. Sadəcə, layihəyə rayondan başlasaq, sistemin tətbiqinə dövlət müəssisəsindən başlanacaq. Amma növbəti mərhələlərdə özəl tibb müəssisələri də prosesə cəlb oluna bilər. Düşünürəm ki, bu sistemin daha dayanıqlı və rəqabətli olması üçün həm özəl, həm də dövlət tibb müəssisələri bizim şəbəkədə olmalıdırlar. Gələcəkdə dövlət də özəl sahə ilə rəqabət aparmağa qadir olmalıdır.

- Sistemə cəlb olunan xəstəxanalar qarşısında hansı şərtlər qoyulacaq?

- İcbari tibbi sığorta sisteminə qoşulan xəstəxanalar tələblərə cavab verməlidir. Belə ki, xəstəxanada təminat verdiyimiz xəstəliklər üzrə ixtisaslaşmış mütəxəssislərin olması çox vacibdir. Çünki düşünürük ki, xəstənin harada yaşamasından, yaşından asılı olmayaraq, onun müalicəyə əlçatanlığı olmalıdır. Bizim əsas məqsədimiz odur ki, xəstə xəstəxanada keyfiyyətli xidmət almalıdır. Ona əziyyət verən xəstəlik müalicə edilməlidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024