Mobil versiya
Qəhrəmanlara hörmət qəhrəmanların xüsusiyyətidir
Tarix: 25-08-2021 | Saat: 10:51
Bölmə:Gündəm | çapa göndər

Qəhrəmanlara hörmət qəhrəmanların xüsusiyyətidir

Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə əlilləri və iştirakçılarının qayğı və problemlərinin həlli Qaradağ rayon rəhbərliyinin daim diqqət mərkəzindədir

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmağı cəmiyyətimiz özünə borc hesab edir. Bu gün Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi üçün zəruri tədbirlər görülür.

Paytaxtın Qaradağ rayonunda 212 birinci Qarabağ Müharibəsi şəhid ailəsi, 36 ikinci Qarabağ Müharibəsi şəhid ailəsi, 140 Vətən Müharibəsi iştirakçısı və müxtəlif dərəcəli bədən xəsarəti almış şəxslər, 14 İkinci Qarabağ Müharibəsi əlili vardır. Rayon rəhbərliyi onların ailələrinin qayğı və problemlərini daim diqqət mərkəzində saxlayır. Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısı cənab Süleyman Mikayılov mütəmadi olaraq şəhid ailələri ilə Rayon İcra Hakimiyyətində və onların evlərində görüşlər keçirir, müraciətlərini dinləyir. Müraciətlər əsasən şəhid yaxınlarının işlə təminatı, müalicəsi, mənzil şəraitinin yaxşılaşdırılması və bir sıra digər məsələlərlə bağlı olur ki, onların da əksəriyyəti yerindəcə öz həllini tapır.

Qaradağ şəhidlərinin doğum və anım günlərinin keçirilməsi ənənə halını almışdır. Belə tədbirlərdə Qaradağ rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayondan seçilmiş deputatlar, şəhidlərin xidmət etdiyi hərbi hissənin zabit heyəti, döyüş yoldaşları, din adamları iştirak edir, şəhidlərin məzarları ziyarət olunur, evlərinə baş çəkilir, ailələrinə ərzaq yardımı edilir. Belə ki, bu ənənəyə uyğun olaraq iyunun 15-də şəhidlər Məmmədquliyev Ağabəy Zaur oğlunun və Həsənov Tural Rauf oğlunun, iyunun 20-də şəhid Fərziyev Saməddin Mehman oğlunun, iyunun 22-də şəhid Abdullayev Balazadə Rafət oğlunun, iyunun 29-da şəhid Xəlilov Ələddin Əlizaman oğlunun, iyulun 7-də şəhid mayor Kərimov Tofiq Dadaş oğlunun, avqustun 9-da Məmmədov Pərviz Ələddin oğlunun, avqustun 14-də şəhid İbadov Rafiq Baloğlan oğlunun, avqustun 17-də şəhid Abbasov Pünhan Nəsir oğlunun doğum günləri qeyd edilmişdir. İyulun 7-də Vətən müharibəsi qəhrəmanı şəhid kapitan Abdullayev Rəşad  Arif oğlunun medalı ailəsinə təhvil verilmişdir.

İslam aləminin xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini təqdim edən ən əziz bayramlardan biri Müqəddəs Qurban bayramı günlərində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid ailələrini ziyarət edərək onları bayram münasibəti ilə təbrik etmiş, onları narahat edən məsələlər ilə maraqlanmışdır. Ümumilikdə 388 ailəyə qurban payı verilmişdir. Bundan əlavə Qurban Bayramı münasibəti ilə rayonun 11 qəsəbəsində qurbanlar kəsilmiş, 1550 nəfər aztəminatlı ailəyə qurban payı verilmişdir. Göstərilən yardımı böyük sevinclə qarşılayan hər bir ailə Müqəddəs bayramların ölkə ərazisində yüksək səviyyədə keçirilməsinə və onlara yetirilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə böyük minnətdarlıqlarını bildirmişlər.

Bu ilin aprel ayının 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunun “Ümid” qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 30 mənzil təqdim edilməsi də bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm addım olmuşdur. Təqdimatda şəxsən cənab nazir Sahil Babayev və RİH başçısı cənab Süleyman Mikayılov iştirak etmiş, şəhid ailələri və müharibə əlillərinə dövlətimizin qayğılı münasibətini əks etdirən göstəriciləri sadalamış, belə münasibətin davam etdiriləcəyini vurğulamışlar.
Ümumiyyətlə, təkcə imtiyazlı kateqoriyadan olanların deyil, Qaradağ rayonunun bütün sakinlərinin qayğı və problemlərinə olduqca həssas yanaşan Süleyman müəllim Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda və tabeliyində olan hüquqi şəxslərdə vətəndaşların qəbulunu, onların ərizə, təklif və şikayətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını və onlara cavab verilməsini təmin edir.

Başçılıq etdiyi müddət ərzində vaxtaşırı olaraq, yerli icra hakimiyyəti orqanının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmiş, öz fəaliyyətində hesabatlılığı, şəffaflığı, ictimai rəyi nəzərə almışdır. Sosial-iqtisad inkişaf sahəsində mərkəzi icra hakimiyyəti orqanlarının, dövlətə məxsus müəssisələrin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin yerli qurumları ilə, habelə bələdiyyələr və digər təşkilatlarla birlikdə rayonun sosial-iqtisadi vəziyyətini təhlil edir, inkişaf meyllərinin müəyyənləşdirilməsini, sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılmasını, əhalinin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsi işini təşkil edir, təkliflərin hazırlanmasını və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsini, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqram və konsepsiyalarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının həyata keçirilməsini təmin edir.

Onun rəhbərliyi altında rayonda maliyyə, vergi və büdcə, istehlak bazarı və sahibkarlığın inkişafı, əhalinin sosial müdafiəsi və gender bərabərliyi, mədəniyyətin və incəsənətin inkişafına dair dövlət proqramları, bədən tərbiyəsi, idman və turizmin inkişafı, uşaqlar və gənclərlə bağlı işlər, kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət, qanunçuluq, asayişin qorunması, təhlükəsizlik və mülki müdafiə, insanların sağlamlığının, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi sahələrində dövlət siyasətinin həyata keçirilməsi üçün məqsədyönlü tədbirlər görülmüşdür.

Dövlət qulluğunun əsas tələblərindən biri də kadrların seçilməsində şəffaflığın və ədalətin təmin edilməsidir. Burada əsas tələb ondan ibarətdir ki, gələcəkdə xalqına ləyaqətlə xidmət edə biləcək əsl mütəxəssisləri bu çətin və şərəfli bir işə cəlb olunsunlar. Rayonun sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında fərqlənən kadrların əməyini layiqincə qiymətləndirməyi bacaran Süleyman Mikayılov növbəti dəfə uğurlu seçim edərək RİH-də yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə Aprel döyüşçüsü Almasov Həsrət Hidayət oğlunun təyin olunması üçün vəsatət vermişdir. Həsrət müəllim vaxtilə döyüşdə zabit kimi komandir vəzifəsini necə uğurla yerinə yetirmişdisə, burada da ilk növbədə ciddi iş rejiminə alışmağı, müəyyən edilmiş qayda-qanunlara, etik normaları tez bacardı, vaxtla hesablaşmadan ona tapşırılan məsul vəzifəni yerinə yetirməyin öhdəsindən gəldi. Öz nümunəvi fəaliyyəti ilə şəhid ailələri, müharibə əlilləri və iştirakçılarının rayon rəhbərliyinə inamını artırır və möhkəmləndirir. Xidməti vəzifəsini yerinə yetirərkən təmasda olduğu şəxslərin sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol vermir. Vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl edir, özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol vermir və bu cür təsir üçün şərait yaratmır.

İnanırıq ki, çox hörmətli cənab Süleyman Mikayılovun başçılığı altında Qaradağ rayon rəhbərliyi bundan sonra da Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə və müharibə əlillərinə, ümumiyyətlə rayon əhalisinə II Qarabağ savaşında qazanılan möhtəşəm Qələbəmizin faydasını daha artıq dərəcədə hiss etmələri üçün əlindən gələni əsirgəməyəcəkdir.

Tural Əhədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə