Mobil versiya
Rəfail Mehralıyev: “Beynəlxalq təşkilatlar bu münaqişənin ədalətli həllində maraqlı deyildilər”
Tarix: 18-08-2021 | Saat: 12:30
Bölmə:Gündəm | çapa göndər

Rəfail Mehralıyev: “Beynəlxalq təşkilatlar bu münaqişənin ədalətli həllində maraqlı deyildilər”

“Avqustun 16-da Laçın və Kəlbəcər rayonlarına etdiyi tarixi səfər zamanı Ölkə Prezidenti cənab İlham Əliyev Kəlbəcər şəhərində etdiyi çıxışında bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələri aydın şəkildə təsbit etdi. İndiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirmək, azad edilmiş torpaqlarda möhkəmlənməkdir.”

Bu sözləri Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rəfail Mehralıyev deyib.

Müsahibimiz bildirib ki, Prezident İlham Əliyevin öz çıxışında səsləndirdiyi fikirlər yaxın dövr üçün qarşıda duran əsas vəzifələrin icrasını bütün istiqamətlərdə əhatə edən konkret fəaliyyət proqramıdır: “Öz çıxışında Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində bundan sonra mövqelərimizin daha da gücləndirməyin zəruri olduğunu vurğuladı. Dövlət başçısı xüusi olaraq qeyd etdi ki, Azərbaycan bu gün eyni zamanda, Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədlərini möhkəmləndirir. Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır. Əlbəttə ki, qarşıda duran ən mühüm vəzifələrdən biri də işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi, bu ərazilərdə yenidənqurma, bərpa işlərinin ən yüksək səviyyədə həyata keçirilməsidir. O cümlədən Kəlbəcər və Laçın rayonlarında, Şərqi Zəngəzur regionunda hazırda yenidənqurma-bərpa işləri böyük vüsət alıb. Qürurverici haldır ki, məhz elə Ölkə Prezidentinin bu bölgələrə səfəri zamanı Kəlbəcər rayonunda yarımstansiya fəaliyyətə başladı, dövlət başçısı su elektrik stansiyasının tikintisi ilə tanış oldu, Laçın rayonunda beynəlxalq hava limanının təməlini qoydu. Həmçinin keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran əsas məsələlərdəndir. Ölkə Prezidenti bu xüsusda bir daha qeyd etdi ki, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçilib. Artıq həmin kəndlərin bərpası istiqamətində işlər gedir. Beləliklə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa nail olacaq.”

Daha sonra Rəfail Mehralıyev bildirib ki, Ermənistanın 30 ilə yaxın bir dövrdə torpaqlarımızın 20 faizini işğal altında saxlaması faktına dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən ikili standartlarla yanaşılırdı: “Əslində beynəlxalq təşkilatlar tərəfindən bütün bu illər ərzində münaqişənin ədalətli həllinə ciddi maraq göstərilmirdi. Ən başlıcası isə bu təcavüzkarlığa qarşı ATƏT-in Minsk qrupu öz vəzifəsinin öhdəsindən gəlmirdi, bu təşkilatın bəzi həmsədrlərinin ermənilərin tərəfini saxlamaları, işğala göz yummaları açıq-aydın nəzərə çarpırdı. Bununla da Ermənistanın cəzasız qalması bölgənin təhlükəsizliyinə böyük təhdid yaradırdı. Nəticəsiz danışıqlar, vasitəçilərin əhəmiyyətsiz, əksər hallarda isə ikili standartlara söykənən bəyanatları prosesi, necə deyərlər, ölü nöqtədən tərpətməyə imkan vermirdi. Yaranmış vəziyyət isə həm vasitəçiləri, həm də işğalçını qane edirdi. Təbii ki, Azərbaycan da öz milli məsələsi olan Qarabağ münaqişəsi ətrafında vəziyyətin sona qədər bu cür davam etməsi ilə razılaşa bilməzdi. Ölkə Prezidenti cənab İlham Əliyev də bütün çıxışlarında bu məqamı xüsusilə vurğulayırdı və deyirdi ki, biz öz torpaqlarımızı mütləq geri alacğıq. Belə bir şəraitdə dövlətimizin başçısının qətiyyətli, cəsarətli və müdrik qərarları bizi addım-addım böyük Qələbəyə yaxınlaşdırdı və nəhayət, Azərbaycan Ordusunun gücü-qüdrəti ilə torpaqlarımız yağı tapdağından azad edildi. Silahlı Qüvvələrimiz uğurlu əməliyyatları ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Haqq işində Azərbaycan xalqının birliyi, müdrik Prezidentinə və müzəffər Ali Baş Komandanına, şanlı Ordumuza inamı bu tarixi Zəfəri reallaşdırdı, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha bütün dünyaya sübut etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, biz tarixi torpaqlarımıza Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-02-2025