Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərə hər bir səfəri bir tarixi hadisədir”
Tarix: 17-08-2021 | Saat: 15:22
Bölmə:Manşet / Siyasət / Seçilənlər-7 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərə hər bir səfəri bir tarixi hadisədir”

“Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş rayon və bölgələrə etdiyi hər bir səfəri bir tarixi hadisədir. Bu səfərlər zamanı həmin ərazilərdə həyata keçirilən təməlqoyma mərasimlərində isə əslində bütün bölgənin inkişafının, tərəqqisinin təməli qoyulur. Dövlətimizin başçısı hər dəfə işğaldan azad olunmuş ərazilərə etdiyi növbəti səfəri zamanı dünyaya yeni bir mesaj ünvanlamış olur. O cümlədən avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına etdikləri tarixi səfər də böyük əhəmiyyət kəsb edir. Çünki digər səfərlərlə yanaşı dövlət başçısının bu səfəri də ilk növbədə Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov deyib.

Millət vəkili qeyd edib ki, Kəlbəcər şəhərində Dövlət bayrağını ucaldan Prezident İlham Əliyev öz çıxışında bir çox vacib məsələlərə toxunub: “Bu gün artıq bütün dünya bilir ki, Azərbycan torpaqlarının işğal altında saxlandığı 30 ilə yaxın müddət ərzində bu istiqamətdə gedən bütün beynəlxalq proseslər, aparılan danışıqlar əslində bir məqsədi güdürdü – vaxtı uzatmaq, münaqişəni dondurmaq və son nəticədə Azərbaycanı işğal faktı ilə barışmaq məcburiyyətində qoymaq. Lakin bütün bu illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyev hər dəfə deyirdi ki, Azərbaycan işğalla barışmayacaq və öz torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək. Dövlət başçımız Kəlbəcər şəhərində etdiyi çıxışında son on ildə Laçın və Kəlbəcər rayonlarının azad edilməsi ilə bağlı Azərbaycanın qarşısına qoyulan şərtlərdən ətraflı danışdı. Dövlət başçımız dedi: “Artıq bu da sirr deyil ki, danışıqlar dövründə masa üzərində olan təkliflər bizim maraqlarımızı qane etmirdi. Mən bunu açıq bəyan etmişdim və məhz buna görə təklif edilən varianta razılıq vermirdim. Çünki son 10 il ərzində nədən söhbət gedirdi - beş rayon Azərbaycana qaytarıla bilər, Kəlbəcər və Laçın rayonları isə keçmiş Dağlıq Qarabağda referendum keçiriləndən sonra Azərbaycana qaytarıla bilər. Əlbəttə, biz buna heç cür razı ola bilməzdik. Çünki heç bir referendumdan söhbət gedə bilməzdi. Mənim siyasətim ondan ibarət idi və mən bunu açıq şəkildə bəyan edirdim ki, bizim bütün torpaqlarımız işğalçılardan azad edilməlidir, ərazi bütövlüyü tam bərpa edilməlidir, bizə məsələnin yarımçıq həlli lazım deyil. Məhz buna görə edilən təkliflərə Azərbaycan tərəfi razılıq vermirdi. Ancaq sonra bilindi ki, Ermənistan da buna razı deyil. Çünki Ermənistanın məqsədi bu torpaqları, zəbt edilmiş bütün torpaqları əbədi işğal altında saxlamaq idi. İndi çıxan yeni məlumatlar və eyni zamanda, azad edilmiş torpaqlarda mövcud olan mənzərə onu göstərir. Torpaqları təhvil vermək istəyən 6 xətt müdafiə istehkamları qurmazdı. İndi bilinir ki, onların məqsədi status-kvonu əbədi etmək, bizə bir qarış torpaq qaytarmamaq, məsələni uzatmaq idi. Onlar öz xarici havadarlarına güvənərək bunu 30 il ərzində həyata keçirirdilər və istəyirdilər ki, bundan sonra da 300 il ərzində bunu həyata keçirsinlər.” Əlbəttə, ermənilər hər zaman kiməsə güvəniblər. Azərbaycan xalqı isə hər zaman öz Prezidentinə güvənib. Nəticə də göz qabağındadır. Azərbaycanda formalaşan xalq-Prezident-ordu birliyi düşmənin başını əzdi və ölkəmiz öz ərazi bütövlüyünü təmin etdi.”

Novruzəli Aslanov bildirib ki, Prezident İlham Əliyevin öz çıxışında indiki dövr üçün Azərbaycanın qarşısında duran əsas vəzifələr barədə səsləndirdiyi fikirlər əslində bütün cari fəaliyyət istiqamətlərini tam əhatə edən bir proqram konsepsiyasıdır: “Öz çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın indiki dövr üçün qarşıda duran əsas vəzifələrini də aydın şəkildə təsbit etdi. Dövlət başçısı qeyd etdi ki, indiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirmək, azad edilmiş torpaqlarda möhkəmlənməkdir. Həmçinin Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində bundan sonra mövqelərimizin daha da gücləndirməyin zəruri olduğunu vurğuladı. Dövlət başçısı xüusi olaraq qeyd etdi ki, Azərbaycan bu gün eyni zamanda, Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədlərini möhkəmləndirir. Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır. Əlbəttə ki, qarşıda duran ən mühüm vəzifələrdən biri də işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi, bu ərazilərdə yenidənqurma, bərpa işlərinin ən yüksək səviyyədə həyata keçirilməsidir. O cümlədən Kəlbəcər və Laçın rayonlarında, Şərqi Zəngəzur regionunda hazırda yenidənqurma-bərpa işləri böyük vüsət alıb. Qürurverici haldır ki, məhz elə Ölkə Prezidentinin bu bölgələrə səfəri zamanı Kəlbəcər rayonunda yarımstansiya fəaliyyətə başladı, dövlət başçısı su elektrik stansiyasının tikintisi ilə tanış oldu, Laçın rayonunda beynəlxalq hava limanının təməlini qoydu. Həmçinin keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran əsas məsələlərdəndir. Ölkə Prezidenti bu xüsusda bir daha qeyd etdi ki, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçilib. Artıq həmin kəndlərin bərpası istiqamətində işlər gedir. Beləliklə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa nail olacaq.”

Həmçinin Novruzəli Aslanov Ermənistan tərəfinin bundan sonra da öz təxribatçı əməllərindən əl çəkməyəcəkləri təqdirdə hadisələrin inkişafının onlar üçün daha acınacaqlı nəticələrə səbəb ola biləcəyini xüsusi olaraq vurğulayıb: “Təəssüflər olsun ki, Ermənistan tərəfi bu gün hələ də öz təxribatçı əməllərindən əl çəkmir. Əslində onların bu mövqeyi heç bir məntiqə sığmır və qətiyyən anlaşılan deyil. Azərbaycan artıq öz gücünü, hərbi qüdrətini tam olmasa da, yetərincə nümayiş etdirib. Bu baxımdan Ermənistanın hansısa revanş ala bilmə ehtimalının sıfıra bərabər olduğu bu gün heç kimdə şübhə doğurmur. Bu ölkənin faktiki olaraq ordusu artıq yoxdur. Ermənistanın iqtisadi potensialından ümumiyyətlə danışmağa dəyməz. Ölkəmizə qarşı irəli sürülə biləcək hər hansı ərazi iddiaları yalnız və yalnız Ermənistanın özünü daha çətin vəiyyətə sala bilər. Aradan ötmüş 30 il ərzində bu ölkənin hər bir sahədə yalnız tənəzzülə uğraması danılmaz bir faktdır. Möhərəm Prezidentimizin yürütdüyü praqmatik siyasət və atdığı düşünülmüş addımlar sayəsində Ermənistan Cənubi Qafqazda gedən mütərəqqi proseslərdən, həyata keçirilən irimiqyaslı beynəlxalq layihələrdən kənarda qaldı. Bununla da onsuz da kasıb olan bu ölkə artıq tamamilə dilənçi vəiyyətinə düşdü. Lakin bu gün tarix, daha dəqiq desək Azərbaycan Ermənistana ikinci şans əldə etmək imkanı verir. Bunun üçün Ermənistan hökuməti bütün təxribat xarakterli əməllərindən əl çəkməli, konstruktiv mövqeyə keçməli, ilk növbədə 10 noyabr Bəyannaməsindən irəli gələn öhdəliklərini tam yerinə yetirməli və bununla da Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda açılan iqtisadi inkişaf imkanlarında yararlanmağa layiq olduğunu nümayiş etdirməlidir. Əks halda isə, Ermənistanın hazırkı vəziyyətindən daha çətin və acınacaqlı duruma düşməsi qaçınılmaz ola bilər.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024