Mobil versiya
Beynəlxalq ədalətsizlik və “ikili standartlar” siyasətinin təzahürü
Tarix: 17-08-2021 | Saat: 14:56
Bölmə:Seçki 2024 | çapa göndər

Beynəlxalq ədalətsizlik və “ikili standartlar” siyasətinin təzahürü

Yüksək beynəlxalq nüfuza malik Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti kimi tanınır. Müstəqil siyasət yürüdən, sürətlə inkişaf edən ölkəmizə qarşı Qərb siyasi dairələri həmişə ikili standartlardan çıxış ediblər. Uzun müddət Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı sülh yolu ilə azad etməyə çalışan dövlətimiz hər dəfə beynəlxalq təşkilatların etinasızlığı ilə üzləşmişdir. Münaqişənin nizamlanması üçün yaradılmış ATƏT-in Minsk qrupu 28 il ərzində hərbi həll yolunu inkar edərək Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirməyə uğursuz cəhdlər etmişdi. Ermənipərəst qüvvələr münaqişənin davamlı xarakter almasına və Ermənistanın əsassız ərazi iddialarının təmin edilməsinə nail olmağa çalışırdılar. Xarici havadarları tərəfindən himayə olunan terrorçu Ermənistan hökuməti hər dəfə müxtəlif bəhanələrlə danışıqlardan imtina edir və torpaqlarımızı uzun müddət işğalda saxlamağa çalışırdı. Azərbaycan xalqı və dövləti heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildi. Ermənistan hökumətinin Azərbaycana qarşı əsassız ərazi iddiaları, təxribatçı hərəkətləri onun sonunu günbəgün yaxınlaşdırırdı.

44 günlük müharibə Azərbaycanın uzun illərdən bəri məqsədyönlü şəkildə davam etdirdiyi diplomatik, hərbi və siyasi tədbirlərin və hazırlığın nəticəsi idi. Vətən müharibəsində qazanılmış böyük Zəfər məhz Azərbaycan naminə, Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Ona görə də bu müharibə haqlı olaraq xarakteri etibarilə Vətən müharibəsi adlandırılır. Bu müharibənin qalibləri Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və müzəffər Azərbaycan Ordusu, Azərbaycan əsgəridir. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Özü haqqında məğlubedilməzlik mifi yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. 
Azərbaycan xalqının lideri kimi Prezident cənab İlham Əliyevin möhkəm siyasi iradəsi, sərkərdəlik məharəti, diplomatik bacarıqları, dərin analitik təfəkkürə, xarici dillərdə sərbəst nitq mədəniyyətinə malik olması faktorları istənilən məqamda, xüsusən Vətən müharibəsi kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazandırmışdır. Ali Baş Komandan kimi Prezident cənab İlham Əliyev həm siyasi-ideoloji cəbhədə və informasiya müharibəsində, həm də birbaşa hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində qeyri-adi dərəcədə istedad və bacarıq nümayiş etdirmişdir.  

Ermənistan hazırda dünyadan təcrid olunmuş, siyasi-iqtisadi və mənəvi böhranın məngənəsində çapalayan, məhv olmağa doğru gedən bir ölkəyə çevrilmişdir. Ermənistanın hazırkı hərbi-siyasi mənzərəsində onu bu dərin böhrandan xilas edəcək hər hansı bir "xilaskar” görünmür. Süni şəkildə ərazi iddiaları xülyasına uymuş, ifrat millətçilik xəstəliyinə yoluxmuş erməni başbilənlərindən birinin digərini əvəz etməsi ilə Ermənistanda vəziyyətin əsaslı şəkildə dəyişdiriləcəyinə inanmaq mümkün deyildir.


Fariz Sadıqlı,
Salyan rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024