AZ RU Mobil versiya
Gülbəniz Babaxanlı – 65
Tarix: 04-08-2021 | Saat: 12:50
Bölmə:Cəmiyyət | çapa göndər

Gülbəniz Babaxanlı – 65



Azərbaycanın tanınmış ədəbiyyatşünas alimi, Əməkdar mədəniyyət işçisi, Cavidlər irsinin yorulmaz tədqiqatçısı və təbliğatçısı, filologiya üzrə elmlər doktoru, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz İbrahim qızı Babaxanlı 1956-cı il avqust ayının 3-də Naxçıvan MR Şərur rayonunda ziyalı ailəsində (bioloq İbrahim Əsədov və Azərbaycanın görkəmli Kəngərlilər nəslinin nümayəndəsi, ixtisasca həkim olan Şəmsinur Sultanovanın izdivacından) anadan olmuşdur.

1963-1974-ci illərdə Şərur rayonu Məmmədsabir və Qarxun kənd orta məktəblərində ilk təhsilini alan G.Babaxanlı, məzun olduqdan sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuş, 1980-ci ildə oranı filologiya ixtisası üzrə müvəffəqiyyətlə bitirmişdir. Universitet illərində G.Babaxanlı Azərbaycanın görkəmli ziyalıları, ədəbiyyatşünas alimlər Mir Cəlal Paşayev, Abbas Zamanov, Muxtar Hüseynzadə, Əlövsət Abdullayev, Bəxtiyar Vahabzadə, Əzizə Cəfərzadə, Ağamusa Axundov, Yusif Seyidov, Pənah Xəlilov və başqalarından dərs almış, filologiya ixtisasının incəliklərinə yiyələnmişdir. Bu cür keyfiyyətli ali təhsil mühitində yetişməsi sonralar G.Babaxanlının sayılıb-seçilən bir elm adamı kimi formalaşmasına öz təsirini göstərmişdir.

Tələbəlik illərində G.Babaxanlı əvvəlcə bir müddət Azərbaycan Dövlət Nəşriyyatında, daha sonra Elmlər Akademiyasında laborant vəzifəsində çalışmışdır. 1974-1979-cu illərdə isə o, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində (indiki Azərbaycan Milli Xalça Muzeyi) muzey baxıcısı vəzifəsində işləmişdir. Bu illərin əmək təcrübəsi G.Babaxanlının gələcək muzeyşünaslıq fəaliyyəti üçün ilkin zəmin rolunu oynamış, muzey işinin təşkili və aparılması sahəsində ona zəngin biliklər bəxş etmişdir.

1979-cu ildə Gülbəniz Babaxanlı Azərbaycan EA Nizami adına Ədəbiyyat Muzeyində zal baxıcısı kimi fəaliyyətə başlamış və sonrakı 25 il ərzində burada əvvəlcə XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində laborant (1979-1982), baş laborant (1984), kiçik elmi işçi (1986), böyük elmi işçi (1993-1999), şöbə müdiri (1999-2003), Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin müdiri (2003-2004) vəzifələrində çalışmışdır.
G.Babaxanlı Ədəbiyyat muzeyindəki səmərəli fəaliyyəti və elmi yaradıcılığı ilə istər milli muzeyşünaslıq elminin, istərsə də Azərbaycan ədəbiyyatının təbliği sahəsinin elmi-nəzəri və elmi-praktiki əsaslarını zənginləşdirməyə nail olmuşdur. Belə ki, o, Ədəbiyyat muzeyində işlədiyi müddətdə respublikanın kitabxana və arxivlərində, muzey fondlarında, görkəmli ədib və yazıçıların şəxsi arxivlərində araşdırmalar aparmış, əldə etdiyi materiallar əsasında biri-birindən maraqlı illüstrativ mövzu ekspozisiyalarının hazırlanmasına, XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının bir çox görkəmli nümayəndələri ilə bağlı yubiley və səyyar sərgilərin təşkilinə nail olmuş, öz elmi-nəzəri və praktik fəaliyyətinin nəticələrini müxtəlif elmi əsərlərdə əks etdirmişdir.
Gülbəniz Babaxanlı 1992-ci ildə “Azərbaycan poemaları və folklor (1920-30-cu illər)” mövzusunda filologiya elmləri namizədliyi, 2010-cu ildə isə “Azərbaycan poemaları və klassik irs (1920-50-ci illər)” mövzusunda filologiya elmləri doktorluğu dissertasiyalarını müvəffəqiyyətlə müdafiə edərək müvafiq elmi dərəcələr almışdır. Alim Azərbaycan ədəbiyyatı və xüsusən də Hüseyn Cavid yaradıcılığı ilə bağlı 8 monoqrafiyanın, ümumilikdə isə 300-ə yaxın əsərin, o cümlədən topluların, kitab-albomların, müxtəlif elmi nəşrlərin, elmi və elmi-publisistik məqalələrin müəllifi, tərtibçi-müəllifi, redaktoru və ya elmi rəyçisidir.

Filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı 2004-cü ildən AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktorudur. Muzeyşünaslıq sahəsindəki uğurlu fəaliyyətinə görə alim 2005-ci ildə Mərkəzi Qərargahı Parisdə yerləşən Beynəlxalq Muzeylər Şurasına (ICOM) üzv seçilmişdir. Onun sözügedən Şuranın nüfuzlu elmi jurnalında Hüseyn Cavidin Ev Muzeyinin fəaliyyəti ilə bağlı ingiliscə dərc olunmuş məqaləsi bugün də dünya muzey ictimaiyyətinin marağını cəlb edir, beynəlxalq indeksli jurnallardan istinadlar qazanır.

2005-ci ildə G.Babaxanlının Akademiya sistemindəki 25 illik uğurlu elmi və elmi-təşkilati fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilmiş və ona
AMEA-nın Fəxri fərmanı təqdim olunmuşdur. Bundan sonra Gülbəniz xanım hələ bir neçə dəfə də – 2016-cı ildə, Hüseyn Cavid irsinin araşdırılması və təbliğində, eləcə də ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətləri nəzərə alınaraq, həmçinin 60 illik yubileyi münasibətilə və 2020-ci ildə, Azərbaycan Milli Elmlər Akademiyasının elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə AMEA prezidentinin Fəxri fərmanları ilə təltif olunmuşdur.
Alimin muzey işi sahəsindəki 42 illik fəaliyyətinə verilən bu dəyər təsadüfi olmamışdır. Çünki G.Babaxanlının adlarını çəkdiyimiz hər üç muzeydəki fəaliyyəti Azərbaycan mədəniyyətinin və ədəbiyyatının, o cümlədən, Cavidlər irsinin öyrənilməsi və təbliği üçün xüsusi əhəmiyyət kəsb edir.
Onun müəllifi olduğu “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” adlı üçcildliyinin, “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyasının və ya, müəllif-tərtibçisi olduğu otuz cildlik “Cavidşünaslıq” elmi araşdırmalar toplusunun adlarını çəkmək kifayət edər ki, G.Babaxanlının elmi yaradıcılığında Hüseyn Cavidin zəngin bədii irsinə peşəkar münasibətin miqyası aydınlaşsın. Onu da əlavə edək ki, bu illər ərzində G.Babaxanlının elmi tədqiqat obyekti təkcə Hüseyn Cavidin həyat və yaradıcılığı olmamışdır. Ədibin övladları Turan Cavid və Ərtoğrol Cavidin də irsi Gülbəniz xanımın diqqətindən kənarda qalmamış, “Turan Cavid: ömür salnaməsi” kitab-albomunun, “Ərtoğrol Cavidin ömür salnaməsi” seriyasından “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” kimi fundamental çoxcildliyin, “Ərtoğrol Cavid: notlar”, “Cavid ömrünün natamam əsəri – Ərtoğrol Cavid”, “Cavid ocağının istedadla nurlanmış övladı” adlı əsərlər meydana gəlmişdir. Yeri gəlmişkən, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinə görə G.Babaxanlı 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyi “HUMAY” Milli Mükafatı ilə təltif olunmuşdur.

G.Babaxanlının çoxillik səmərəli elmi fəaliyyəti dövlət başçımızın da diqqətindən kənarda qalmamış və layiqli ali qiymətini almışdır. Belə ki, Gülbəniz xanım Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin 3 noyabr 2015-ci il tarixli Sərəncamına əsasən “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. Həmin ildə G.Babaxanlının rəhbəri olduğu “Hüseyn Cavidin Virtual Ev Muzeyi” adlı rəqəmsal platforma Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən NETTY–Milli Şəbəkə Müsabiqəsinin “Mədəniyyət və İncəsənət” nominasiyası üzrə qalibi seçilmişdir. 2016-cı ildə G.Babaxanlı Azərbaycanın beynəlxalq SCOPUS elmmetrik bazasında indeksləşən humanitar sahə üzrə ilk jurnalının – “Beynəlxalq dil və ədəbiyyat” dərgisinin baş redaktoru kimi uğurlu elmi fəaliyyətinə görə Niderland Krallığının “Elsevier” təşkilatı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun birlikdə təsis etdiyi “SCOPUS Mükafatı: Azərbaycan-2016”-ya layiq görülmüşdür. Bundan başqa, G.Babaxanlı milli-mənəvi dəyərlərimizin qorunmasında, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında, Hüseyn Cavid irsinin öyrənilməsində, tədqiqində və nəşrində, eləcə də Milli mətbuatın inkişafında göstərdiyi xidmətlərinə görə “İlin ən yaxşı vətənpərvər tədqiqatçı alimi” qızıl mükafatı və diplomuna (2008), “Şərəfli ömür yolu” fəxri diplomuna (2016), “İlin nüfuzlu xanımı” media mükafatına (2018) layiq görülmüşdür.

Gülbəniz Babaxanlı Cavid irsini araşdırıb tədqiq edərkən təkcə Azərbaycan oxucusuna bu bənzərsiz dühanın əzəmətini göstərmir, eyni zamanda, ədibin zəngin yaradıcılığı timsalında bütövlükdə Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslığının uğurlarını beynəlxalq arenada uğurla təbliğ edir. Alimin Türkiyə, İspaniya, İtaliya, Fransa, Misir, Rusiya, Türkmənistan, Özbəkistan və İranda təşkil olunmuş elmi konfranslarda etdiyi məruzə və çıxışlar bu istiqamətdə aparılan geniş elmi-ictimai fəaliyyətin tərkib hissəsidir.

Gülbəniz Babaxanlının elmi-nəzəri, elmi-praktiki və innovativ, elmi-təşkilati, elmi ekspertiza fəaliyyəti ilə yanaşı, son illərdə elmi-pedaqoji fəaliyyəti də genişlənməyə başlamışdır. Belə ki, alimin elmi rəhbərliyi altında 6 fəlsəfə doktoru yetişməkdədir.

Gülbəniz xanımın elmi populyar və ictimai fəaliyyəti də diqqətəlayiqdir. O, dəfələrlə televiziya və radio verilişlərinin qonağı olmuş, cavidsevərləri Hüseyn Cavid, Ərtoğrol Cavid, Turan Cavid irsinin araşıdırılması üzrə yeni tədqiqlərlə, ədibin ev muzeyinin uğurları ilə tanış etmişdir.
G.Babaxanlı zəhmətkeş alim, vətənpərvər ziyalı olmaqla yanaşı, həm də gözəl İNSAN, yaxşı ömür-gün yoldaşı (G.Babaxanlının həyat yoldaşı, Azərbaycanın görkəmli idman xadimi, yunan-Roma güləşi üzrə dəfələrlə yerli və beynəlxalq yarışların qalibi, Avropa çempionu, Münhen olimpiadasının iştirakçısı, gənclərdən ibarət Azərbaycan komandasının baş məşqçisi, beynəlxalq idman ustası Xan Babaxanov 1983-cü ildə vəfat etmişdir. Azərbaycanda klassik güləş məktəbinin inkişafında əvəzsiz xidmətləri olan Xan Babaxanovun yetirmələri sonrakı illərdə müstəqil Azərbaycana dünya və Avropa çempionatlarının, olimpiya oyunlarının medallarını qazandırmışlar), yaxşı ana və yaxşı nənə olmağı da bacarmışdır. Ömrünün çoxunu elmə, mədəniyyətimizin və ədəbiyyatımızın inkişafına, Cavidlər irsinin öyrənilməsi və tanıdılmasına həsr etmiş Gülbəniz xanımın 2021-ci ildə 65 yaşı tamam olur. Yubiley münasibətilə tərəfimizdən G.Babaxanlının şəxsi biblioqrafik göstəricisi hazırlanaraq elmi tədavülə daxil edilmişdir.

Biblioqrafiyaya G.Babaxanlının müəllifi (və ya tərtibçi-müəllifi) olduğu, Azərbaycan, ingilis, rus və bir sıra Avropa dillərində işıq üzü görmüş elmi əsərlərin, monoqrafiya və kitabların, müxtəlif elmi jurnallarda dərc olunmuş məqalələrin, konfrans məruzələrinin, dövri mətbuatda çıxmış elmi və elmi-publisistik yazıların, eləcə də onun rəhbəri və rəsmi opponenti olduğu dissertasiyaların, rəy verdiyi elmi əsərlərin biblioqrafik təsvirləri daxil edilmişdir. Vəsaitdə əks olunmuş təsvirlər müvafiq bölmələr üzrə və daxildə xronoloji ardıcıllıqla əlifba sırasına uyğun şəkildə təsnifləşdirilmişdir.
Göstəricidə filologiya üzrə elmlər doktoru G.Babaxanlının həyat və elmi yaradıcılığına dair bir məqalə, bir sıra inskriptlərdən seçmələr, elmi-yaradıcı və ictimai fəaliyyətinin əsas tarixləri öz əksini tapmışdır. Şəxsi biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə kitabın sonunda köməkçi informasiya-axtarış aparatı – həm alimin əsərlərinin sərlövhələrinin, həm də onun haqqında yazı müəlliflərinin soyadlarının, əsərlərinin sərlövhələrinin əlifba göstəricisi təqdim edilmişdir.

Gülbəniz Babaxanlının istər şəxsi biblioqrafik göstəricisi ilə, istərsə də AMEA H.Cavidin ev muzeyindəki fəaliyyəti ilə tanışlıq onu deməyə əsas verir ki, alim 1920-1950-ci illər Azərbaycan ədəbiyyatının, o cümlədən Hüseyn Cavid yaradıcılığının kamil bilicisi olmaqla yanaşı, ənənəvi və müasir muzeyşünaslıq tələbləri çərçivəsində muzey işinin təşkilini, muzey kommunikasiyasının əsas forması olan ekspozisiya fəaliyyətini, muzey eksponatlarının daha erqonomik təsnifləşdirilməsi, izah olunması və yerləşdirilməsi prosesini yüksək səviyyədə həyata keçirən mütəxəssisdir. Onun rəhbərliyi altında Cavidlər irsinin təbliğinin elmi konsepsiyası düzgün formalaşdırılmış, ev muzeyinin ekspozisiyasının mövzu-tematik planı səriştəli şəkildə qurulmuş, eksponatlar müasir arxivşünaslıq və sərgi prinsiplərinə əsaslanmaqla, bədii-estetik cəhətdən doğru təqdim olunmuşdur.

Əlbəttə, belə elmi-nəzəri və elmi-tətbiqi məziyyətləri nəzərə alarkən, inanırıq ki, məsələn, beş ildən sonra alimin şəxsi biblioqrafik göstəricisi bir daha nəşr olunarsa, oraya bəlkə elə indiki qədər yeni material əlavə olunacaqdır. Çünki təkcə son bir neçə ildə G.Babaxanlının müəllifliyi və tərtibçiliyi ilə 50-dən artıq kitab nəşr olunmuşdur. Məsələn, Qarabağımızın Ermənistan işğalından azad edilməsinin birinci ildönümü münasibətilə nəşr olunmuş və hələ necə deyərlər, “mürəkkəbi qurumamış” “Ərtoğrol Cavid və Qarabağın musiqi irsi” adlı kitab onu deməyə əsas verir ki, zaman ötdükcə, Gülbəniz Babaxanlının Cavidlər irsinə vurğunluğu qədər, elmi entuziazmı, elmi tədqiqat imkanları da artır; tədqiqatlarının, məqalələrinin, kitablarının ardı-arası kəsilmir. Demək, 2021-ci il Gülbəniz Babaxanlı biblioqrafiyasında son tarix olmayacaqdır...

Cavid CƏFƏROV
Tarix üzrə fəlsəfə doktoru, dosent
Validə HƏSƏNOVA
Filologiya üzrə fəlsəfə doktoru



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5199 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2021
24-09-2021