Mobil versiya
Məmməd Tağıyev: “Azərbaycanın qızıl yataqlarının işğal dövründə qanunsuz istismarı səbəbilə ölkəmizə dəymiş ziyan ödənilməlidir”
Tarix: 27-07-2021 | Saat: 15:30
Bölmə:Gündəm | çapa göndər

Məmməd Tağıyev: “Azərbaycanın qızıl yataqlarının işğal dövründə qanunsuz istismarı səbəbilə ölkəmizə dəymiş ziyan ödənilməlidir”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi düşünülmüş, praqmatik xarici və daxili siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunu bu günədək görünməmiş bir zirvəyə qaldırmışdır. İndi Azərbaycan artıq öz ərazi bütövlüyünü öz gücünə bərpa etmiş qalib ölkədir və eyni zamanda da Cənubi Qafqazda yaranmış yeni reallıqların müəllifidir. Təsadüfi deyil ki, belə bir vəziyyətdə bütün ölkələr Azərbaycanla əməkdaşlıq etmək üçün təşəbbüs göstərirlər. Məhz bu aspektdən yanaşdıqda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə bu günlərdə baş tutmuş səfəri siyasi əlaqələrin inkişafına xidmət göstərən bir hadisə kimi qiymətləndirilməlidir.”

Bu sözləri saytımıza verdiyi açıqlamasında Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru, YAP Tovuz rayon təşkilatının üzvü Məmməd Tağıyev deyib.

İlk növbədə hakim partiya təmsilçisi qeyd edib ki, dövlət başçısının Azərbaycanın bölgələrinə etdiyi müntəzəm səfərlər regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının effektivliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir: “Möhtərəm dövlət başçımızın regionlara etdiyi səfərlərin hər biri məxsusi olaraq həmin bölgənin inkişafı və ümumilikdə ölkə üzrə regional inkişaf proqramlarının effektiv icrası baxımından son dərəcə böyük əhəmiyyət kəsb edir. Məhz bu səfərlər zamanı verilən dövlət tapşırıqlarının icrası yerində yoxlanılır. İkinci bir tərəfdən də son illər ərzində Azərbaycan Prezidentinin bölgələrə etdiyi yüzlərlə səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcminin göstəricisidir. Həmçinin səfərlərin bütün regionları əhatə etməsi onu göstərir ki, Azərbaycan hərtərəfli inkişaf edir. Son dərəcə vacib bir məqam bundan ibarətdir ki, ölkəmiz bu gün artıq qlobal pandemiya ilə bağlı yaranmış tənəzzüldən çıxıb. Halbuki, bir çox dünya dövlətlərində, o cümlədən inkişaf etmiş ölklərdə bu tənəzzül hələ də davam edir və bəzilərində hətta getdikcə dərinləşir. Lakin Azərbaycanın iqtisadi inkişaf modeli bu aspektdən də özünün unikallığını və müstəsna effektivliyini isbatladı. Ölkə Prezidenti cənab İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də qeyd etdi ki, altı ayın yekunları onu göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, hər ay tənəzzül azalırdı və may ayının yekunlarına görə Azərbaycan hətta müəyyən iqtisadi inkişafa da nail ola bildi. Altı ayın ümumi yekunlarına əsasən ölkə iqtisadiyyatı 2 faiz artıb. Bu, əlbəttə ki, çox yaxşı göstəricidir. Xüsusilə də dünyada gedən proseslərin fonunda Azərbaycanın bu uğuru çox yüksək nəticə kimi qiymətləndirilməlidir. Əlbəttə ki, ölkənin iqtisadi qüdrətinin artırılması baxımından valyuta ehtiyatlarının artımı çox vacib məsələdir və bu istiqamət daim dövlətin xüsusi diqqətində saxlanır. Bu gün Azərbaycanda inflyasiya 4,3 faiz ətrafındadır ki, bu da məqbul rəqəmdir. Digər tərəfdən də son altı ayda ölkənin valyuta ehtiyatları 1 milyard dollar həcmində artıb. Çox mühüm bir məqamı nəzərə almaq lazımdır ki, bu artım Qarabağda və Şərqi Zəngəzurda gedən intensiv bərpa işləri fonunda baş verib və Azərbaycan bu işlərin görülməsi üçün heç bir xarici kreditə də müraciət etməyib. Bütün bunla göstərir ki, Azərbaycan möhtəşəm resurs bazasına malikdir və bu resurslardan düşünülmüş və məqsədyönlü şəkildə, israfçılığa, lazım olmayan xərclərə yol verilmədən istifadə olunur. Hazırda ölkədə ixrac 15 faiz artıb. Həmçinin qeyri-neft məhsullarının ixracı 27 faizdən çox artıb. Bu, əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin real nəticəsidir.”

Həmçinin müsahibimiz qeyri-neft sektorunun inkişafı üçün dağ-mədən sənayesinin xüsusi perspektivlərə malik olduğunu vurğulayaraq, məhz bu baxımdan Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsinin ölkəmiz üçün çox böyük önəm kəsb edən hadisə olduğunu qeyd edib: “Bu gün Azərbaycanda dağ-mədən sənayesi qeyri-neft sektorunda sürətlə aparıcı mövqeylərə çıxmaqdadır. Bu baxımdan Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi ölkəmiz üçün çox böyük önəm kəsb edən hadisədir. Lakin dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanda təkcə qızıl yox, digər qiymətli metalların hasilatı da bundan sonra daha geniş miqyasda inkişaf etdiriləcək. O cümlədən Daşkəsənin ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planlar var. Bir müddət əvvəl bu sahə ilə bağlı xüsusi proqram tərtib edilmişdir, dövlət investisiya resursları cəlb olunmuşdur. Bu sahə çox böyük gəlir gətirən sahə olacaq. Eyni zamanda, minlərlə iş yeri yaradılacaq. Bu sahənin inkişafı nəticəsində idxaldan asılılıq kəskin şəkildə azalacaq, Azərbaycan daha böyük dəyərə malik olan dəyər zəncirini yaratmış olacaq və eyni zamanda, ixrac imkanları da yaranacaq. Əlbəttə ki, işğal dövründə 30 ilə yaxın müddət ərzində Azərbaycanın mədənləri qanunsuz istismar edilib. Bu gün artıq Zəngilan və Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarının bütün təhlili aparılıb. Bu xarici şirkətlər uzun illər qanunsuz olaraq Azərbaycanın qızıl və digər mədənlərini istismar ediblər. Bu, ölkəmizə qarşı, Azərbaycan xalqına qarşı cinayətdir. Dövlət başçısının dediyi kimi, bu şirkətlərin artıq iki yolu var: ya bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, bu məsələ hüquqi müstəvidə həll olunacaq. İstənilən halda, Azərbaycana vurulmuş ziyan ödənilməlidir və dövlətimiz bunu mütləq şəkildə təmin edəcək.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-02-2025