Mobil versiya
Kamerunlu futbolçunun Bakı həyatı və ümidləri - FOTO
Tarix: 27-04-2016 | Saat: 18:55
Bölmə:Cəmiyyət | çapa göndər

Kamerunlu futbolçunun Bakı həyatı və ümidləri - FOTO





Azərbaycanda müxtəlif ölkələrdən gələn xeyli sayda əcnəbi futbolçular var. Onların hər birinin Azərbaycana gəlmə səbəbi fərqlidir. Bəziləri yüksək məvacib hesabına Bakıya gəlsə də, onlar arasında məcburiyyətdən Azərbaycanı seçənlər də az deyil.

Əsasən də, Afrika ölkələrindən gələnlərin sayı üstünlük təşkil edir. Təkcə Azərbaycan yox, eləcə də dünyanın bütün ölkələri ən ucuz futbolçuları məhz Afrika ölkələrindən alır. Yoxsul və çətin həyat yaşayan Afrika ölkələrində yetişən futbolçular Avropaya və digər qitələrə getməyə can atır. Afrikalı oğlan uşaqlarının ən böyük xəyalı futbolçu olmaq, aclıq və səfalətdən qurtulmaqdır. Elə Droqba, Etoo, Abebayor, Obi Mikel, Emenike və bir çox məşhurlar kimi...

Bu yazımızda Afrikanın kasıb ölkələrindən birindən çıxan və öz həyatını futbolla qurmaq üçün Azərbaycana üz tutan gənc kamerunludan danışacağıq.
mili.az musavat.com-a istinadən bildirir ki, haqqında danışacağımız gənc 1995-ci il təvəllüdlü Arnaud Ziepop Patrikdir. Kamerundan olan Patrik bu ilin mart ayında Azərbaycana gəlib. Uşaqlıq arzusu ulduz futbolçu olmaqdır. Patrik bu arzusuna çatmağa yaxın olub, amma fırıldaqçı menecer onun bu xəyallarının üstündən xətt çəkib...

Əvvəlcə Patrik haqda

Kamerunda dünyaya göz açan Patrik uşaq yaşlarında futbol oynamağa başlayıb. Kasıb ailədə doğluan Patrik futbola 6-7 yaşlarından maraq göstərib. Atası Kamerunda çox az məvaciblə məmur işləyən Patrik 10-11 yaşından fiziki gücü və xüsusi futbol bacarığı ilə yaşıdlarından fərqlənib. Onun bu bacarığını məşqçilər də görüb. Yaşının az olmasına baxmayaraq, o, professional futbola can atıb. Kamerunda aşağı divizion klublarında oynamağa başlayan Patrik daha sonra Mali, Mərakeş, Zimbabvenin əsas liqalarında və ardınca Fransanın aşağı divizion klublarında çıxış edib. Kamerun millisinə qədər yüksəlməyi bacaran Patrik Fransanın tanınmış klublarından olan "Laval"a transfer ediləcəyi ərəfədə meneceri tərəfindən aldadılıb.

Afrikada yüzlərlə futbolçu məhz fırıldaqçı menecerlərin qurbanı olur. Kamerun millisində keçirdiyi 5 oyundan sonra "Laval"dan transfer təklifi alan Patrik menecer Al Usama ilə tanış olur və bu məsələdə ona kömək etməsini istəyir. Millidə oynadığı ərəfədə qazandığı 8 min dolları menecerə verən Patrik adadılır. Sonradan məlum olub ki, menecer pulu götürüb və aradan çıxıb.

Onu Azərbaycana gətirən yol...

Çıxılmaz vəziyyətdə qalan Patrik klub tapa bilməyib və bir mövsüm klubsuz qalıb. Heç bir komanda da oynamadığı üçün bir müddət sonra millidən komandadan kənarlaşdırılan Patrik çıxış yolu axtarmağa başlayıb.

Uzun zaman Azərbaycan klublarında çıxış edən Erik Obidiklə əlaqə saxlayan Patrik yolunu Bakıya salıb.

Erik Obidik Azərbaycanda "Turan" və "Neftçi" kimi klublarda çıxış edib. Futbol kariyerasını başa vurduqdan sonra Azərbaycanda ailə həyatı quran və menecer kimi çalışan Erik əksər afrikalı futbolçuların Bakıya gəlməsinə vasitəçilik edib.

Kamerunlu Patrikin Bakı sərgüzəştləri...

Bu ilin mart ayında Bakıya gələn Patriklə görüşümüz hazırda kirayədə yaşadıqları mənzildə baş tutdu. Qardaşı və bir dostu ilə Nərimanov rayonunda kirayədə yaşayan Patrikin arzusu Azərbaycan klublarından "İnter" və AZAL-da çıxış etməkdir. Artıq "İnter"lə danışıqlar apardığını deyən kamerunlu gənc razılıq əldə olunarsa, özünü qısa zaman ərzində doğruldacağına inanır.

"Mən özümə güvənirəm. Əgər mənə şans verilərsə, bunu sübut edəcəm. Yaxşı futboçu olmaq üçün özünə güvənməlisən. Mən də özümə güvənib Azərbaycana gəlmişəm. Kamerunda şansım gətirmədi. Ancaq yaşım azdır. İnanıram ki, mənim uğurlu futbol kariyeram Azərbaycandan başlayacaq"- deyən Patrik gələcəklə bağlı planlarından danışır.
Fiziki gücünə, futbol təcrübəsinə güvəndiyini deyən kamerunlu futbolçu bir mövsümdən sonra böyük uğurlar qazanacağına, milli komandaya qədər yüksələcəyinə inanır.

Patrikin Azərbaycan haqda ilk məlumatı...

Patrikdən Azərbaycan haqda nə bildiyini soruşuruq. Bakıya gəlməzdən əvvəl Azərbaycanın adını "Atletiko Madrid" klubunun formasının üzərində görüb: "Dostum İspaniya çemponatında "Sporting Gijon"da oynayırdı. O zaman "Sporting Gijon"-"Atletiko Madrid" oyununda formaların üzərində "Azerbaijan - Land of Fire" yazılmışdı. Onda Azərbaycanın nə demək olduğu ilə maraqlandım. Google vasitəsi ilə Azərbaycanın harada yerləşdiyini öyrəndim".

Bakıya gəldikdən sonra Patrik bir çox çətinliklərlə qarşılaşıb. Bizim də küçədə tez-tez rastlaşdığımız qaradərili insanlara qarşı xoşagəlməz münasibəti təəssüf ki, o da görüb. Patrikin bundan incidiyini hiss edirik, lakin o bunu gülərək, zaman keçdikcə aradan qalxacağına ümid edərək danışır.

Kamerunda olarkən buradakı həmyerliləri ilə danışıb, onlarla birgə qalmağa razılaşıb. Lakin Bakıya gəldikdən sonra həmyerliləri fikirlərini dəyişib və onu yalnız qoyublar.

"Qarabaladırsa, evi vermirəm"

"Ev tapmaq asan olmadı. Amma Bakıda kirayə ev çoxdur. Burada ofislərə getdik, evlərlə maraqlandıq. Sonra ev sahibləri ilə ofis işçiləri telefonla danışırdı. Bizi evlərə baxmağa aparacaqdılar. Lakin telefonda əcnəbi, afrikalı, qaradərili olduğumuzu öyrənib ev verməkdən imtina edirdilər. "Qarabaladırlarsa, evi vermirəm" deyirdilər. Nəhayət ki, bu evi tapdıq"- deyən Partik bütün qaradərili futbolçular kimi irqçiliyə qarşı olduğunu və bununla mübarizə aparmağa çalışdığını söyləyir.

"Qarabala", "neqr" kimi atmacaları tez-tez eşidən Patrik yolda onlara təəccüblə baxan insanları başa düşmədiyini gülərək danışır: "Bizə baxıb gülürlər. Uzun-uzun danışırlar, amma biz də başa düşmürük. Bəzilərinin xoş söz demədiyini də hiss edirəm. Amma mən Bakını çox sevdim. Qısa zamanda dostlar tanıdım. Dilinizi də yaxın zamanda öyrənməyə çalışacam. Mən inanıram ki, Azərbaycan mənim uğurumun başlanğıcı olacaq".

İndi onlar yaşadıqları evə 400 manat aylıq kirayə haqqı ödəyirlər. Bu məbləğ Patrik üçün çoxdur. İndi ucuz ev axtarışında olan Patrik klub tapana qədər çətin şəraitdə yaşamağa razıdır. 3 otaqlı mənzildə Patrik balaca qardaşı Hugo və dostu ilə yaşayır. Mənzildə bir xanım da gözümüzə dəyir. Onun kimliyi ilə də maraqlanırıq.

Bu xanım Kamerundan Partiklə birlikdə Azərbaycana gəlib. Patrikin qohumu olan bu xanım ev işlərini görür, yemək bişirir.

Kabab əladır, amma Bakı soyuqdur...

Milli mətbəximizə yad olan kamerunlular öz yeməklərini bişirməyə üstünlük verirlər. Bakının bahalı şəhər olduğunu artıq onlar da bilir. Lakin Kamerunda yaşamağın çətin olduğunu deyən Patrik burada özlərinə normal həyat qurmağı düşünür. Afrika aclığın, yoxsulluğun hökm sürdüyü, terror qruplaşmaların meydan suladığı bir qitədir. Ona görə də Bakı onlar üçün nağıllardakı şəhərlərdən biridir. "İndi dünyanın hər yerində yaşamaq çətindir. Kamerunda isə daha çətindir. Azərbaycan yeməklərindən hələ ki, kababı çox yeyirik (gülür). Dönər də ləzzətlidir. Evdə isə daha çox öz mətbəximizə üstünlük veririk. Zaman keçdikcə yəqin ki, alışacağıq"- deyən Patriklə söhbətimiz davam edir.

Bakıda Patrik və dostlarının qarşılaşdığı əsas çətinlik havaların soyuq olmasıdır. İsti qitənin insanları Bakının küləyinə və soyuğuna öyrəşməyə çalışır.

Azərbaycanla bağlı böyük xəyalları olan Patrik ailəsini də Bakıya gətirmək istəyir: "Anam və atamın da yanımda olmasını istəyirəm. Ancaq indiki halda bu mümkün deyil. Əgər burada özümə normal həyat qursam, onları da Bakıya dəvət edəcəm. Digər qardaşım Maksim Ziepop indi Filippin çempionatında oynayır. Onunla Azərbaycan haqda danışmışam. Gələcəkdə onun da buraya gəlməsinə istəyərəm".

Bəlkə də bu yazını oxuyan hər kəs düşünür ki, onlar indi pulu hardan alır, necə dolanır.
Bu sualı elə Patrikin özünə ünvanladıq. Çıxış etdiyi klublarda qazandığı maaşın bir hissəsini yığan Patrik Kamerun milli komandasında da keçirdiyi 5 oyuna görə pul qazana bilib. Milli komandanın qələbəsinə görə 8 min dollar, heç-heçəyə görə isə 4 min dollar qazanan Patrik o zamandan yığdığı pullarla hələ ki, dolanışıqlarını təmin edə bildiklərini deyir.

Patrik burada da fırıldaqçı menecerlə qarşılaşmasa arzuladığı həyatı Azərbaycanda qura bilər. Azərbaycan klubları ilə mövsüm başa çatdıqdan sonra danışıqlara başlayacaq Patrik yoxlanış məşqlərindən uğurla çıxacağına inanır...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024