AZ RU Mobil versiya
Azərbaycan qlobal “peyvənd millətçiliyi”nə qarşı ön cəbhədə mübarizə aparır
Tarix: 17-07-2021 | Saat: 10:49
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycan qlobal “peyvənd millətçiliyi”nə qarşı ön cəbhədə mübarizə aparır


Azərbaycan artıq beynəlxalq səviyyədə koronavirus pandemiyasına qarşı mübarizə aparır. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdəki çıxışları çərçivəsində ölkəmiz COVİD-19 infeksiyası ilə qlobal şəkildə mübarizənin aparılması üçün dünyanı səfərbərliyə çağırır, vaksin millətçiliyinin yolverilməzliyi və inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərin bərabər paylanmaması ilə bağlı həyəcan təbili çalır.

Təsadüfi deyil ki, məhz bu mövzuda Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsüylə bəşər tarixində ilk dəfə bu təşkilatın videoformatda xüsusi sessiyası çağırıldı. Beləliklə, 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşü baş tutdu. Təmas Qrupunun dünyanın müxtəlif regionlarını təmsil edən üzvləri ilə yanaşı, onlayn Zirvə görüşündə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də iştirak etdilər.

Bu Zirvə görüşünün praktiki nəticəsi olaraq, Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı. Bu gün Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir.

Bundan başqa, Zirvə görüşü zamanı Azərbaycan Prezidenti Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif etdi. Həmin təşəbbüs ümumilikdə BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəkləndi və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutdu.

Eyni zamanda, Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub.

Bu arada, xatırladaq ki, iyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransında Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olundu. Həmin çıxışında dövlət başçısı bir daha qeyd etdi ki, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Dövlət başçısı vurğuladı ki, qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi” narahatlıq doğurur. Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb. Bugünədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur.

“Bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. Bununla yanaşı, biz hər fürsətdə, inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırırıq” – deyə, Azərbaycan Prezidenti növbəti dəfə dünya ictimaiyyətinə çağırış etdi.

Bütün bunların fonunda Azərbaycan azgəlirli dost ölkələrə öz qardaş əlini uzatmaqdan da çəkinmir. Elə bu gün məlum oldu ki, Azərbaycan tərəfindən Qırğızıstana humanitar yardım kimi 40 min doza “AstraZeneca” vaksini göndəriləcək. Həmçinin, Azərbaycanın Özbəkistandakı səfirliyinin və UNICEF-in bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə COVAX proqramı çərçivəsində ölkəmizdən Özbəkistana 50 min doza “AstraZeneca” vaksini çatdırılıb.

Azərbaycan tərəfindən humanitar yardım olaraq digər ölkələrə də vaksinlərin göndərilməsi nəzərdə tutulur.

Beləliklə, dünya bir daha şahid oldu ki, Azərbaycan ilyarımlıq ağır pandemiya dövründə real təşəbbüskar ölkələrin önündə gedib. Azərbaycanın ağır dövrdəki təşəbbüs və ideyaları təkcə milli çərçivədə böyük nəticələr ortaya qoymaqla məhdudlaşmadı. Ölkəmizin COVİD 19-la mübarizə platformasının bütün bəşəriyyət üçün faydalı olduğu artıq hamı tərəfindən qəbul edilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

680 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-08-2021