AZ RU Mobil versiya
2021-ci ildə Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi qeyd olunur
Tarix: 16-07-2021 | Saat: 13:27
Bölmə:Siyasət | çapa göndər

2021-ci ildə Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi qeyd olunur

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan bu hərəkat konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Qoşulmama Hərəkatınin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır.

Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirmişdir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib və həmin il Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.

Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Nəticə etibarilə, dünyanın 120 dövləti, yəni, planetin təqribən üçdəiki hissəsi Azərbaycanın ədalətli mövqeyinə öz dəstəyini ifadə edib.

Əgər xatırlayırsınızsa, Qoşulmama Hərəkatı üzvləri Ermənistanın silahlı qüvvələrinin Tovuz istiqamətində dövlət sərhədində törətdiyi hərbi təxribatına qarşı da mövqeyini nümayiş etdirmiş, Ermənistanın silahlı hücumunu kəskin şəkildə pisləmişdi. Eləcə də, Vətən müharibəsi dövründə də Hərəkata üzv olan ölkələr tərəfindən müxtəlif beynəlxalq platformalar vasitəsilə Azərbaycana göstərilən dəstəyin şahidi olmuşuq.

Həmçinin, Ermənistanın Azərbaycan Respublikasının silahlı qüvvələrinin mövqelərinə və mülki yaşayış məntəqələrinə, bütün cəbhə boyu silahlı hücumu ilə bağlı da Hərəkat üzvləri kəskin mövqeyini nümayiş etdirmiş və mövcud proseslər fonunda Azərbaycan Respublikası ilə həmrəy olduqlarını bildirmişdilər.

Azərbaycan ordusu vətən torpaqlarını düşmən tapdağından azad etməyə başladıqda hərəkat üzvlərinin mütləq əksəriyyəti Azərbaycanla həmrəy oldu, bizim haqq səsimizi müdafiə etdi. Beynəlxalq miqyasa malik belə bir qurumun Azərbaycan dövlətinə münasibəti bizim vaxtilə düzgün seçim etdiyimizi, mümkün bloklara qoşulmamağının Azərbaycanın maraqlarına cavab verdiyini bir daha sübut etdi.

Döövlətimiz növbəti bir il də bu təşkilata sədrlik edəcəkdir. Düşünürəm ki, Azərbaycan hələ uzun müddət hərəkat daxilində fəal iştirakçılardan biri olaraq qalacaqdır.

Əminə Ağazdə,

Millət vəkili




Məlumatlanmaq üçün Facebook səhifəmizi

5211 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2021
24-09-2021