Mobil versiya
Məktəb direktorunun intiharının sensasion təfərrüatları
Tarix: 27-04-2016 | Saat: 13:04
Bölmə:Cəmiyyət | çapa göndər

Məktəb direktorunun intiharının sensasion təfərrüatları

Fəxrəddin Əliyevin oğlu atasının ölümündə 2 məmurun günahkar olduğunu açıqladı; Düzyurd bələdiyyəsinin daha bir sədrinin ölümü üzə çıxdı
Ötən sayımızda “Gədəbəydə məktəb direktoru özünü asdı” sərlövhəli yazı dərc etmişdik. Yazıda Talakənd kənd orta məktəbinin direktoru Fəxrəddin Kamil oğlu Əliyevin intihar etməsindən söhbət açılırdı. Redaksiyamıza Gədəbəydəki müxtəlif mənbələrdən daxil olan məlumat əsasında hazırlanan yazıda F.Əliyevin intiharının direktoru olduğu məktəbdəki yeyintilərlə əlaqəli olması ehtimalı irəli sürülürdü.


“Deyirdilər ki, səni tutdurarıq, səni öldürərik”

Mərhum direktorun oğlu Elvin Əliyev dünən “Yeni Müsavat” qəzeti redaksiyasına zəng edərək atasının intiharının ilginc detallarını açıqlayıb. E.Əliyevin sözlərindən məlum olur ki, atasının intiharı onun zorla sədr təyin edildiyi bələdiyyə ilə əlaqəlidir. Onun sözlərinə görə, Düzyurd bələdiyyəsinə sədr qoyulandan sonra atası çox gərgin durumda olub: “Atamı 3 ay əvvəl zorla Düzyurd bələdiyyəsinin sədri qoydular. Bunu edən Düzyurd kənd İnzibati Ərazi Dairəsinin sədri Vahid İsrafil oğlu Kazımov və Gədəbəy İcra Hakimiyyəti Başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nizaməddin müəllim idi. Bu adamlar atama hədə-qorxu gəlirdilər. Deyirdilər, ”səni tutdurarıq, öldürərik. Bələdiyyənin möhürünü götürməlisən". Atam da demişdi ki, mən möhürü götürə bilmərəm, 2 vəzifəni necə daşıyım? Atam məktəb direktoru idi. Onu məcbur elədilər ki, bələdiyyə sədri olsun. Bələdiyyənin möhürünü zorla atama verdilər. Sonra da ona hədə-qorxu gəlməyə başladılar".

“İcra başçısı Ramiz Yediyarova 5 dəfə məktub yazıb...”

Elvin Əliyevin sözlərindən belə aydın olur ki, Düzyurd bələdiyyəsinə atasından əvvəl sədrlik edən Zakir Nuriyev də təzyiqlərə tab gətirməyərək dünyasını dəyişib: “Atam 3-4 ay idi ki, Düzyurd bələdiyyəsinə zorla sədr qoyulmuşdu. O, bu müddət ərzində icra başçısı Ramiz Yediyarova 5 dəfə məktub yazıb bələdiyyə sədri olmaq istəmədiyini bildirib. Atamdan əvvəl həmin vəzifədə Zakir Nuriyev idi. Ona da zorla bələdiyyənin möhürünü vermişdilər. İnfarkt keçirib öldü. Atamı ora qoyanda Zakir Nuriyevin 40-ı çıxmamışdı”.

“Atamı sıxırdılar, bankdan 1000 manat borc götürüb aparıb verdi”

Elvin Əliyev deyir ki, atası bələdiyyə sədri qoyulandan sonra ondan hesabat tələb olunub: “Onu rayon mərkəzinə çağırırdılar. Tələbləri də bu olurdu ki, gəlib hesabat versin. Atamı hədələyirdilər, zəng edirdilər, tələb edirdilər ki, hesabat versin. Deyirdilər ki, pul verməsə hesabat verə bilməz. Onu çox sıxırdılar, axırda atam bankdan 1000 manat borc götürüb, aparıb verdi. Ona güc göstərirdilər. Deyirdilər ki, həbsə atacağıq, tutduracağıq. Atamı Gədəbəy icra hakimiyyətində olanlar hədələyirdilər. Onu çağırırdılar rayon mərkəzinə, fağır adam idi, gedirdi. Atama bələdiyyənin möhürünü verəndən sonra o, nə gülürdü, nə danışırdı. Vəziyyəti gərgin idi. Danışmırdı. Biz kasıb ailəyik. Evimizi kənardan gəlib görən olsa, ürküb qaçar ki, bu evdə necə yaşayırsınız? Özüm işsizəm. Hərbidən xəstə gəlmişəm, Ailəliyəm. Bizi atam dolandırırdı. Atamı da belə etdilər, yedilər... Atam qorxusundan gəldi evə, bir də səhərə yaxın bildik ki, özünü asıb”.

“Atam babamın yurdunda özünü asıb”

E.Əliyev deyir ki, atasının asılmış meyitini anası görüb: “Səhər anam yuxudan qalxanda görüb ki, atam yoxdur. Çıxıb həyətə, görüb ki, atam özünü babamın yurdunda asıb. Zəng elədik, polis gəldi, apardılar”.

“Ört-basdır məsələsi olmayacaq”

E.Əliyevin sözlərindən məlum olur ki, atasının ölümündən sonra Gədəbəy Rayon Prokurorluğunun müstəntiqi atasına məxsus telefonu da onlardan alıb: “Biz ölkə rəhbərliyinə hələlik müraciət etməmişik. Ört-basdır məsələsi olmayacaq. Olsa, bizim Bakıda adamlarımız var, gedib şikayət edəcəyik”.

“Anamın vəziyyəti ağırlaşdı, apardılar xəstəxanaya”

Elvin Əliyevin sözlərinə görə, atasının intiharından sonra anası ağır durumda Gəncə Şəhər Xəstəxanasına yerləşdirilib: “Anamın xəstəliyi vardı. Dədəm belə olandan sonra anamın vəziyyəti ağırlaşdı, apardılar xəstəxanaya”.

Baş Prokurorluq araşdırma aparıldığını deyir

Baş Prokurorluğun mətbuat xidməti F.Əliyevin intihar həddinə çatdırılması ilə bağlı “Yeni Müsavat”ın sorğusuna cavab verib.

Həmin cavabda deyilir: “19 aprel 2016-cı il tarixdə saat 07 radələrində Gədəbəy rayonunun Talakənd doqquzillik məktəbinin direktor əvəzi, 1955-ci il təvəllüdlü Əliyev Fəxrəddin Kamil oğlunun yaşadığı evin həyətində asılmış vəziyyətdə meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır. Rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir. Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla mərhumun ailə üzvləri, iş yoldaşları və digər şahidlər dindirilmişdir. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

Mövzuya qayıdacağıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024