Mobil versiya
Oktay Abdullayev: “Ələt Azad İqtisadi Zonası ölkəmizdə sosial məsələlərin həlli istiqamətində görülən işlərə də böyük fayda verəcək”
Tarix: 07-07-2021 | Saat: 11:30
Bölmə:Gündəm | çapa göndər

Oktay Abdullayev: “Ələt Azad İqtisadi Zonası ölkəmizdə sosial məsələlərin həlli istiqamətində görülən işlərə də böyük fayda verəcək”

“Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən sərrast müəyyənləşdirilmiş strategiya, daxili imkanlardan düşünülmüş şəkildə istifadə edilməsi nəticəsində Azərbaycanın qədim İpək Yolu üzərində ticarət mərkəzi kimi tarixi mövqeyini bərpa edib. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycan bu gün artıq Avrasiyanın regional mərkəzinə çevrilib. Bu isə ölkəmizin həm regional, həm də beynəlxalq layihələrdə rolunu və əhəmiyyətini daha da artırır. Ələt Azad İqtisadi Zonasının yaradılması da bu istiqamətdə irəliyə doğru atılmış son dərəcə uğurlu və əhəmiyyətli bir addımdır”.

Bu sözləri Xızı rayon Təhsil şöbəsinin müdiri, Azərbaycan Respublikasının “Əməkdar müəllimi”, YAP Xızı rayon təşkilatı İdarə Heyətinin üzvü Oktay Abdullayev deyib.

Hakim partiyanın təmsilçisi qeyd edib ki, Azərbaycanın davamlı inkişafının təmin olunmasında Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət və bu siyasətin prioritet istiqamətlərindən biri olan iqtisadiyyatın şaxələndirilməsi xətti həlledici rol oynayır: “Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti iqtisadi siyasəti milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi və geosiyasi amilləri, ortamüddətli proqnozları nəzərə almaqla həyata keçirir. Ölkənin müxtəlif ərazilərində texnoparkların və sənaye zonalarının yaradılması qeyri-neft sektorunda məhsul istehsalının getdikcə artmasını stimullaşdırır və təmin edir. Eyni zamanda da qeyd etmək lazımdır ki, əlverişli coğrafi mövqeyə və təbii iqlim şəraitinə, zəngin təbii sərvətlərə, kifayət qədər əmək resurslarına, inkişaf etmiş beynəlxalq əhəmiyyətli su, hava, dəmir yolları şəbəkəsinə, özünəməxsus istehsal potensialına malik Azərbaycan dünya iqtisadiyyatına da sürətlə inteqrasiya olunur. Hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır. O cümlədən, dövlət başçısının təməlqoyma mərasimində iştirak etdiyi Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına mühüm təsir göstərəcək. Prezident İlham Əliyev də çıxışlarında azad iqtisadi zonaların ölkələrin ticarət dövriyyəsinə müsbət təsirindən söz açaraq bildirib ki, bu iqtisadi əlaqə ölkələri və xalqları daha da yaxınlaşdırır, dostluq münasibətləri yaradır və onları strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. İndiyədək azad iqtisadi zonalar mövcud olduqları ölkələrdə iqtisadi inkişafa böyük töhfələr verib. Azərbaycanın da bu təcrübədən istifadə etməsi şübhəsiz ki, ölkəmizə yeni uğurlar qazandıracaq.”

Oktay Abdullayev həmçinin Ələt Azad İqtisadi Zonasının yüksək səviyyədə fəaliyyət göstərməsi üçün ölkəmizdə tələb olunan bütün imkanların mövcud olduğunu vurğulayaraq bunları deyib: “Artıq xəbər verildiyi kimi, Azad İqtisadi Zona üçün ayrılmış və ümumi sahəsi 850 hektarı əhatə edən bu ərazinin 60 hektarında layihələndirmə işləri tamamlanıb və inşaat işlərinə başlanılıb. Burada investorların fəaliyyətə başlaması üçün lazım olan bütün zəruri infrastruktur yaradılacaq. Azərbaycanın dünya birliyində ən uğurlu gənc dövlət kimi qəbul olunması, Dünya Bankının “Doing Business” hesabatında 190 ölkə arasında 28-ci yerə layiq görülməsi və Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlindəki yüksək mövqeyə sahib olması dünya miqyasında çox böyük nailiyyətdir. Bütün bu şərtlər Ələt Azad İqtisadi Zonasının qısa zaman ərzində investorları qəbul etməyə hazır olduğunu göstərir. Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması ölkəmizdə iqtisadi inkişafa təkan verməklə yanaşı, sosial məsələlərin həllinə də geniş imkanlar açacaq. İlkin hesablamalara görə, bu iqtisadi zonada 10 min yeni iş yeri açılacaq. Bu hal insanların gəlir əldə etməsinə və öz güzəranlarını daha da yaxşılaşdırmasına imkan verəcək. Belə ki, bu zonada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqları da yüksək olacaq. Həmçinin rəqabətqabiliyyətli məhsul istehsalının artması ilə qeyri-neft sektorunun ixrac imkanları da genişlənəcək. İdeyanın əsasında duran məqsədlərdən biri də Ələt qəsəbəsinin və ətraf ərazilərin inkişafına yeni dinamika gətirməkdən ibarətdir. Belə ki, Ələt qəsəbəsinin ərazisində böyük boş torpaq sahələri var və bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır. Azad İqtisadi Zona tədricən formalaşdıqca bu, bölgənin inkişafını sürətləndirəcək.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-02-2025