Mobil versiya
Rəfail Mehralıyev: “Ələt Azad İqtisadi Zonası – iqtisadi inkişafın yeni üfüqləri”
Tarix: 05-07-2021 | Saat: 10:00
Bölmə:Gündəm | çapa göndər

Rəfail Mehralıyev: “Ələt Azad İqtisadi Zonası – iqtisadi inkişafın yeni üfüqləri”

“Ölkə Prezidenti cənab İlham Əliyevin inamla həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsidir ki, Azərbaycan son iki ildə dünyanı bürümüş qlobal pandemiya şəraitində belə iqtisadi inkişafını davam etdirir. Həmçinin pandemiyadan əvvəlki son bir neçə il ərzində dünya iqtisadiyyatını bürümüş iqtisadi böhranlar da Azərbaycan iqtisadiyyatına əhəmiyyətli təsir göstərə bilməmişdi. Bu gün isə ölkəmizdə yeni yaradılan Ələt Azad İqtisadi Zonası artıq az bir müddət sonra iqtisadiyyatımızın inkişafında yeni, daha perspektivli imkanlar açacaq.”

Bu sözləri Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rəfail Mehralıyev deyib.

Müsahibimiz ilk növbədə bildirib ki, Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasətin son dərəcə əhəmiyyətli bir hissəsidir: “Danılmaz həqiqətdir ki, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət bu gün bütün digər dünya ölkələrində tətbiq olunan iqtisadi strategiyalarla müqyisədə ən uğurlu kurslardan biridir. Xüsusilə son bir neçə ildə dünya iqtisadiyyatını sarsıdan ardıcıl böhran dalğaları və bunun ardınca meydana gəlmiş qlobal pandemiyanın hətta bir çox inkişaf etmiş dövlətlərin iqtisadiyyatını çökdürdüyü halda belə, Azərbaycan nəzərdə tutulan, əvvəlcədən planlaşdırılmış bircə dənə də olsun layihənin icrasını təxirə salmadı. Təbii ki, bu gün artıq reallaşdırılmasına start verilmiş Ələt Azad İqtisadi Zonasının yaradılması da Prezident İlham Əliyevin yürütdüyü son dərəcə uğurlu iqtisadi siyasətin mühüm tərkib hissəsi olaraq təzahür edir. Əlbəttə ki, bu zonanın yaradılması Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafının təmin olunması və ölkəmizin məhz bu istiqamətdə ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biri olacaq. Ələt Azad İqtisadi Zonasının yaradılması ilə eyni zamanda bir çox vacib məqsədlərə nail olunacaq ki, bunlardan da qabaqcıl idarəetmə təcrübəsinə əsaslanan ixracyönümlü istehsalın təmin edilməsi, innovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorların cəlb olunması və əlbəttə ki, minlərlə, on minlərlə yeni iş yerlərinin yaradılması prioritet məqsədlər kimi qeyd oluna bilər.”

Rəfail Mehralıyevin sözlərinə görə, Azad İqtisadi Zonanın yaradılması qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək: “Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafı ya birbaşa dövlət sərmayəsi, ya da yerli şirkətlərin yatırdıqları sərmayə hesabına baş verir. Ölkə Prezidenti də öz müsabisəndə qeyd etdi ki, xarici şirkətlər daha çox enerji sektoruna sərmayə qoymağa meyillidirlər. Məhz buna görə, Azad İqtisadi Zonanın yaradılması sözsüz ki, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Digər tərəfdən isə Azad İqtisadi Zonanın yaradılması ideyasını verməklə dövlətimizin başçısı hər zaman olduğu kimi, vətəndaşların rifah yüksəlişinin təmin olunması məsələsini də düşünmüşdür. Belə ki, bu zonada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq. Həmçinin rəqabətqabiliyyətli məhsul istehsalının artması ilə qeyri-neft sektorunun ixrac imkanları da genişlənəcək. İdeyanın əsasında duran məqsədlərdən biri də Ələt qəsəbəsinin və ətraf ərazilərin inkişafına yeni dinamika gətirməkdən ibarətdir. Belə ki, Ələt qəsəbəsinin ərazisində böyük boş torpaq sahələri var və bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır. Azad İqtisadi Zona tədricən formalaşdıqca bu, bölgənin inkişafını sürətləndirəcək. Öz növbəsində bölgənin inkişaf dinamikası iqtisadiyyatımızın ümumi inkişafına böyük müsbət təsir göstərəcək.”

Sonda Rəfail Mehralıyev qeyd edib ki, Azərbaycan bu gün dünyanın ən təhlükəsiz və ən stabil ölkələrindən biri kimi də xarici investorlar üçün kifayət qədər cəlbedicidir: “Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə eyni zamanda həm öz ərazi bütövlüyünü təmin etdi, həm də Dağlıq Qarabağ münaqişəsinə son qoymaqla regionda sabitlik yaratdı. Təbii ki, ən kiçik hərbi münaqişə ehtimalı belə istənilən bölgədən xarici investorların çıxıb getməsi üçün yetərli ola bilər. Hətta bütün digər iqtisadi və maliyyə şərtləri nə qədər cəlbedici olsa belə, investisiyanın təhlükəsizliyinin təminatı ən önəmli məsələlərdən biridir. Məhz bu baxımdan da Azərbaycanı bu gün bütün dünya etibarlı tərəfdaş kimi tanıyır. Azərbaycan öz gücünü, ordusunun qüdrətini Vətən müharibəsinin gedişində göstərdi və artıq bu xüsusda xarici sərmayəçiləri narahat edəcək heç bir məqam yoxdur. Digər tərəfdən, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik də hər bir investor üçün əsas şərtlərdən biridir. Məsələ bundadır ki, investisiyaların təhlükəsizliyinin təminatı üçün təkcə ölkələrarası hərbi münaqişələrin istisna edilməsi kifayət deyil. İnvestisiya qoyuluşları ölkədaxili destabillik səbəbilə də itirilmə riskinə düşə bilərlər. Buna görə də sabitlik olmayan ölkələrə heç bir şirkət sərmayə qoymur. Məhz bu baxımdan da Azərbaycanda bu gün xarici investorlar üçün son dərəcə cəlbedici mühit formalaşıb. Bu gün ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi dünyanın heç bir ölkəsində müşahidə olunmur. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti və bu zəmində formalaşmış və son dövrlərdə daha da güclənmiş milli birlik Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini təmin edən əsas amillərdəndir və bu həqiqəti artıq bütün dünya bilir.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-02-2025