Mobil versiya
Namidə Abbasova: “Bu ildən 26 iyun Silahlı Qüvvələr Günü xalqımız üçün tam yeni bir mahiyyət daşıyacaq”
Tarix: 29-06-2021 | Saat: 13:00
Bölmə:Gündəm | çapa göndər

Namidə Abbasova: “Bu ildən 26 iyun Silahlı Qüvvələr Günü xalqımız üçün tam yeni bir mahiyyət daşıyacaq”

“Şanlı Azərbaycan Ordusu Vətən müharibəsinin gedişində bütün dünyaya müasir, ədalətli və şərəfli döyüş taktikası nümayiş etdirdi. Ordumuz heç vaxt mülki obyektləri hədəfə almadı, dinc sakinlərə zərər vermədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ölkənin ərazi bütövlüyünü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Azərbaycanda formalaşmış dövlət-xalq-ordu birliyi Cənubi Qafqazda yeni reallıqlar yaratdı.”

Bu sözləri Yevlax Rayon Təhsil Şöbəsinin müdiri Namidə Abbasova deyib.

Müsahibimiz Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi şərtləndirən əsas amillər barədə danışaraq bunları deyib: “Bu gün biz birmənalı olaraq deyə bilərik ki, 2003-cü ildən Vətən müharibəsinə başlandığı günə qədər keçən dövr ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə bir hazırlıq dövrü olub. 17 il ərzində Ölkə Prezidenti cənab İlham Əliyev səbr və əzmkarlıqla, müdrikcəsinə Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə düşünülmüş siyasət yürüdüb, zəruri tədbirlər həyata keçirib. İşğalın davam etdiyi 30 il ərzində nə qədər sülh danışıqları aparılsa da, beynəlxalq təşkilatların vasitəçilik fəaliyyətlərində zaman-zaman müəyyən format dəyişiklikləri müşahidə olunsa da torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. Bunu isə hamıdan daha əvvəl və hamıdan daha yaxşı bilən məhz Azərbaycan Prezidenti idi. Buna görə də möhtərəm dövlət başçımız bizim hazırlaşmalı olduğumuzu heç zaman gizlətməyib. Bütün bu illər ərzində Azərbaycan Prezidenti deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə bunu həll edəcəyik. Təsəvvür etmək belə çətindir ki, bu kimi bəyanatlar verdiyinə görə cənab Prezidentə qarşı necə güclü təzyiqlər olurdu. Xüsusən də ermənipərəst qüvvələrin çoxluq təşkil etdiyi bir sıra böyük dövlətlərin nümayəndələri dövlətimizin başçısını müharibəni təbliğ etməkdə ittiham edirdilər. Demək olar ki, bu münaqişəyə münasibət bildirən, onu müzakirə edən bütün beynəlxalq qurum və təşkilatlar dünyanı, ilk növbədə isə əlbəttə ki, bizi inandırmağa çalışırdılar ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Yalnız Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman bunun əksini söylədi. Danışıqlar davam edən dövrdə beynəlxalq təşkilatlar Prezident İlham Əliyevə təkidlə və davamlı olaraq təklif edirdilər ki, Ermənistanla hər hansı bir formada bir protokol imzalansın. Bu təklifin mahiyyətində isə münaqişənin hərbi yolla həllini istisna etmək cəhdi dururdu. Təbii ki, dövlət başçımız buna razılıq vermədi və bundan sonra həmin qüvvələr ittiham formasında bəyan etdilər ki, Azərbaycan Prezidenti müharibəyə hazırlaşır. Bu ağır, hətta mən deyərdim ki, son dərəcə riskli məqamda da Prezident İlham Əliyev öz siyasi iradəsini ortaya qoymaqdan çəkinmədi və birmənalı olaraq bəyan etdi: “Bəli, hazırlaşıram, xalq hazırlaşır, dövlət hazırlaşır. Əgər məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik!” Ölkə Prezidenti cənab İlham Əliyev 17 il ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Azərbaycan Prezidenti məqsədyönlü fəaliyyəti və ciddi səyləri nəticəsində bunu təmin etdi.”

Həmçinin Namidə Abbasova xüsusi olaraq vurğulayıb ki, Vətən müharibəsində tarixi Qələbəni əldə etmək üçün xüsusilə son illər ərzində həm ölkə daxilində həm də beynəlxalq müstəvidə böyük hazırlıq işləri həyata keçirilib: “Vətən müharibəsində Qələbəni əldə etmək üçün ölkədə və beynəlxalq müstəvidə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük hazırlıq işləri görülüb. İlk növbədə əlbəttə ki, beynəlxalq müstəvidə uğur qazanmaq vacib idi. Məsələ bundadır ki, Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi Dağlıq Qarabağla bağlı, oradakı vəziyyətlə bağlı daim tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək Azərbaycan üçün başlıca vəzifə idi və Azərbaycan Prezidenti yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində buna nail oldu. Son illər ərzində aparıcı beynəlxalq təşkilatlar məhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində Azərbaycan sübut etdi ki, beynəlxalq hüquq bizim tərəfimizdədir və Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, ölkəmizin maraqlarına cavab verən qərar və qətnamələr qəbul etdilər. Digər tərəfdən isə Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün bu illər ərzində ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirən ikitərəfli əlaqələrin inkişafını xüsusi diqqət mərkəzində saxladı. Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Ermənistan tamamilə təcrid edilmiş vəziyyətdə düşdü. Dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür formalaşdı. İkitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurulmuş münasibətlər Azərbaycanın gücünü artırdı. Qardaş ölkələr – Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından öz dəstəyini göstərdi.”

Sonda Namidə Abbasova xalqımızın tarixi Qələbə sayəsində bu il Silahlı Qüvvələr Gününü tam fərqli bir ruh yüksəkliyi ilə qeyd etdiyini deyib: “Bu il Azərbaycan xalqı Silahlı Qüvvələrin yaradılmasının 103-cü ildönümünü xüsusi bir təntənə, indiyədək görünməmiş ruh yüksəkliyi ilə qeyd etdi. Bunun yeganə səbəbi də heç şübhəsiz Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədir. Məhz bu şanlı Zəfər sayəsində bu ildən 26 iyun Silahlı Qüvvələr Günü xalqımız üçün və ordumuz üçün tam yeni bir mahiyyət kəsb etməyə başladı. Artıq bu ildən Azərbaycan bu tarixi qalib ölkə, qalib xalq və Müzəffər ordu olaraq qeyd edəcək. Azərbaycan Ordusu öz qüdrətini bütün dünyaya nümayiş etdirdi və bundan sonra da Cənubi Qafqazda sülhün və sabitliyin pozulmasında maraqlı olan mürtəce qüvvələrin qarşısında mətanətlə duracağını açıq-aşkar bəyan etdi.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-02-2025