Mobil versiya
Azərbaycan Ordusu ad gününü qalib ordu kimi qeyd etdi
Tarix: 29-06-2021 | Saat: 11:06
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan Ordusu ad gününü qalib ordu kimi qeyd etdi


26 iyun 2021-ci il tarixində Azərbaycan xalqı Vətən müharibəsindəki parlaq zəfərdən sonra ilk Ordu gününü qeyd etdi. Zəfər salnaməsinə qızıl hərflərlə yazılan Vətən müharibəsi ordumuzun qalibiyyət tarixinin ən fəxarətli, ən şərəfli anıdır. 30 ildən sonra doğma torpaqlarımızı düşmən tapdağından azad edən yenilməz Azərbaycan Ordusu yaranma gününü qürurla, şərəflə, fəxarətlə qeyd edir. Dünyanın ən güclü orduları sıralarında yer alan Azərbaycan Silahlı Qüvvələri Ermənistanın 30 illik işğalına son qoyaraq “məğlubedilməz ordu”nu tarixin arxivinə göndərdi.

Bu gün güclü orduya sahib olan ölkələr məhz Azərbaycan hərb siyasətinin dərinliklərini öyrənir, nümunə, örnək götürür, Vətən müharibəsindəki təcrübəmizə əsaslanırlar. İlk dəfədir ki, qalib xalq olaraq sözümüzü döyüş meydanında dedik, düşməni məhv etdik, bayrağımızı Şuşaya sancdıq və ilk dəfə olaraq Azərbaycan Ordusu ad gününü qalib ordu kimi qeyd etdi. Xalqın sosial sifarişini ordu çox böyük şərəf, ləyaqət və cəsarətlə ən qısa müddətdə minimal itki ilə yerinə yetirdi. Dünya hərb tarixinə Ordumuz təmassız müharibənin müəllifi kimi düşdü. Pilotlu və pilotsuz aviasiyanın düşmən hədəfini göyə sovurmaq kimi mühüm əməliyyatlarını Türkiyədən sonra ikinci ölkə kimi həyata keçirdik. Digər tərəfdən Ordumuz artileriyanın, zirehli texnikanın qoruduğu dağ üzərindəki qalanı yüngül silahlarla, texnikasız, aviasiyasız, artileriyasız azad etməyə nail oldu ki, bu da dünya tarixində bir ilkdir. Belə ilklər sadalamaqla bitməyəcək qədər çoxdur. Bütün bunlar bir daha göstərirki, dünyada hərbi sənayesi güclü olan ölkələr çoxdur lakin hibrid müharibəni aparmaq, pilotlu və pilotsuz aparatları məharətlə istifadə hər orduya qismət olmur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, müharibədə Azərbaycanın qələbəsini şərtləndirən bir sıra faktorlar (siyasi, iqtisadi, mənəvi və ideoloji) var idi. Bunların içərisində ən önəmlisi, ən vacibi ordu faktoru idi. 44 günlük müharibədə məhz Azərbaycan əsgəri, Azərbaycan zabiti qalib oldu. Hər bir Ali Baş komandanın, generalın, əsgərin ürəyində, qəlbində qələbə ruhu olmasa heç bir qələbədən söhbət gedə bilməz. Bu dönəmdə Azərbaycan xalqı cənab Prezidentin paylaşdığı qələbə “tviti”lərini səbirsizliklə gözləyirdi. Eyni zamanda ölkə başçımızın hər bir çıxışında ancaq qələbə ruhu, qələbə əzmi, qələbə qətiyyəti vardı.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Gülüstan sarayında Azərbaycan Ordusunun rəhbər şəxsi heyətinin bir qrupu ilə görüşü baş tutmuşdur. Ölkə başçımız çıxışında qeyd etmişdir ki, “Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü Müzəffər Ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir.”. 2020-ci ilin sentyabrında start götürən əks hücum əməliyyatının sonunda torpaqlarımızın cəmi 44 gün ərzində azad edilməsi ilə nəticələnməsi isə təsdiq edirki, xalqımız Ali Baş Komandanın rəhbərliyi altında müasir hərb sənəti tarixinə qızıl hərflərlə yazılan yeni əsrin müharibəsini aparmaq gücündə olan bir orduya sahibdir. Bir sözlə qalib xalq, qalib Ordu və qalib lider. Ermənistan üzərində zəfər salnaməmizin yazılmasında müstəsna rol oynayan bu üç faktor Azərbaycanda milli birliyin, vətənpərvərliyin, həmrəyliyin ideal formulunu, düsturunu təşkil edir. Silahlı Qüvvələr deyiləndə artıq hər kəsin gözü önündə canlanan bir mənzərə var: Vətən müharibəsi, qalib ordu, qələbə hissini yaşayan xalq. Bizlərə qələbə sevincini yaşadan Ordumuza dərin minnətdarlıq hissi ilə yaşasın Şanlı Azərbaycan Ordusu!

Şəbnəm Eldarova
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024