Mobil versiya
Azərbaycanın bugünkü uğurları Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin uğurla və layəqətlə davam etdirilməsinin nəticəsidir
Tarix: 17-06-2021 | Saat: 11:52
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycanın bugünkü uğurları Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin uğurla və layəqətlə davam etdirilməsinin nəticəsidir


1991-ci ildə Azərbaycan öz müstəqilliyinə qovuşsa da o zamanki hakimiyyət ölkəni inkişafa deyil, tənəzzülə sürükləyirdi. 1992-ci ildə hakimiyyəti ələ alan AXC-Musavat cütlüyü isə Azərbaycanı tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı və xaos, anarxiya bütün respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə təhdid altına aldı. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Eyni zamanda Qarabağda baş verən hadisələr, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyacı şərtləndirirdi. Ölkədə vəziyyət o həddə çatmışdı ki, insanların bu gündən sabaha ümidi qalmamışdı. Müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət isə məhz Heydər Əliyev idi. 1993-cü ilin iyunun 9-da Ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. 1993-cü ilin iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu günü Azərbaycan xalqı Milli Qurtuluş günü adlandırır. Çünki Heydər Əliyevin Böyük Qayıdışı nəticəsində ölkəmizin müstəqilliyə və firavanlığa doğru inkişaf yolunun əsası qoyuldu. Ulu Öndərin qarşısında yalnız ölkəni böhran vəziyyətindən çıxarmaq deyil, həm də xalqın geniş təbəqələrini Azərbaycan dövlətçiliyi ideyası ətrafında birləşdirmək, ona ümid və inam aşılamaq, qətiyyət və mübarizlik təlqin etmək vəzifəsi dayanırdı. Heydər Əliyev bunu böyük ustalıqla reallaşdırdı. Çiyinlərində uzun illərin dövlət idarəçiliyi təcrübəsi olan Ulu Öndər özünə xas müdrikliklə, verdiyi əsaslandırılmış qərarlarla ölkənin parçalanması təhlükəsinin qarşısını qətiyyətlə almağa müvəffəq oldu. Bu möhtəşəm dönüşdən sonra ölkəmizdə vəziyyət sabitləşməyə doğru getməyə başladı, qanunsuz silahlı birləşmələr tərksilah edildi və nizami ordu quruculuğuna başlanıldı. Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən sonra 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalanmaqla Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən yeni neft strategiyası həyata keçirilməyə başlandı. “Əsrin müqaviləsi”nin reallaşdırılması Azərbaycan iqtisadiyyatında əsaslı dönüş yaratdı və daha iri layihələrin reallaşdırılmasına imkanlar açdı. Neftdən əldə edilən vəsaitlər böyük öndər Heydər Əliyev tərəfindən ölkənin taleyüklü məsələlərinin həllinə və sosial problemlərin aradan qaldırılmasına yönəldildi.

Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır, çünki ötən illər ərzində ölkəmiz böyük inkişaf yolu keçib. Qazanılan bütün nailiyyətlərin əsasında isə Ümumilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və bu kursu layiqincə davam etdirən İlham Əliyev dayanır. İlham Əliyevin illərdir ki, apardığı dərin, düşünülmüş, hədəfə hesablanmış siyasət nəticəsində ən böyük dərdimiz, yanğı yerimiz -Qarabağımız düşmən işğalından azad edilib. Artıq Qarabağda Azərbaycan Silahlı Qüvvələrinin yenilməz əsgərləri keşik çəkir, Şuşada-Cıdır düzündə “Qarabağ şikəstəsi” səsləndirilir. Qarabağın geri qaytarılması ilə birgə xalqımızın qüruru da sanki geri qaytarıldı. Bugünki günlərimizə baxanda artıq Azərbaycanın gələcəyi daha işıqlı və daha firəvan görünür. Çünki müstəqil azərbaycanın idarəçilik sükanı Ulu öndərin siyasi varisi İlham Əliyevin əlindədir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. Ümumilli liderin uzaqgörənliklə dediyi bu fikirlər bugün öz təsdiqini tapıb. Xalqımızın ən mühüm problemi – Qarabağ münaqişəsi tarixin arxivinə qovuşandan sonra Azərbaycan daha da sürətli inkişaf yoluna qədəm qoyub. Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən azad olunmasını gerçəkləşdirdi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bununla yanaşı, ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir, ölkəmizin qüdrətinin daha da artmasına xidmət edən mühüm addımlar atılır. Son zamanlar Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər sosial, iqtisadi və digər sahələri əhatə edən islahatların davamlı xarakter daşıdığını göstərir. İndi Respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Görülən işlər isə sadəcə olaraq kampaniya xarakteri daşımır, şəhər, qəsəbə və kəndlərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir. Bu da təsadüfi deyil. Çünki ölkə Prezidentinin tikinti-quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyələri layiqincə yerinə yetirilməkdədir. Bugün cənab Prezidentin şəxsi təşəbbüsü ilə yaradılan Pirallahı rayonunda da Respublikanın digər ərazilərində olduğu kimi, güclü abadlıq-quruculuq işləri aparılır. İnsanların rahat, əlverişli şəraitdə yaşaması üçün hər cür tədbirlər görülür. Günü-gündən müasirləşən rayonumuz turizmin inkişafı istiqamətində də zəngin potensiala malikdir. Çünki rayonun coğrafi mövqeyi turizmin inkişafı üçün çox əlverişlidir. Atılan bütün uğurlu addımlar Cənab Prezidentin güclü iradəsinin və düzgün siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Rüstəmova Səkinə
YAP Pirallahı rayon təşkilatının fəalı
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə