Mobil versiya
Mətanət Misirxanova: “İşğaldan azad edilmiş ərazilərdə milli ənənələrimizin də bərpası həyata keçirilir”
Tarix: 18-05-2021 | Saat: 18:53
Bölmə:Manşet / Təhsil | çapa göndər

Mətanət Misirxanova: “İşğaldan azad edilmiş ərazilərdə milli ənənələrimizin də bərpası həyata keçirilir”

“Müzəffər Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə olunmuş şanlı Qələbə sayəsində Azərbaycanın 30 il ərzində işğal altında olan torpaqları əsl sahibinə qayıtdı. Bu gün dövlətimiz işğaldan azad olunan ərazilərdə böyük quruculuq işləri həyata keçirir. Qürurverici haldır ki, bərpa işləri yalnız dağıdılmış bina və tikililəri, tarixi və mədəni abidələrimizi deyil, eyni zamanda da milli-mənəvi ənənələrimizi də əhatə edir.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Ağdam Rayon Təhsil Şöbəsinin müdiri, YAP Ağdam rayon təşkilatı İdarə Heyətinin üzvü Mətanət Misirxanova deyib.

Təhsil şöbə müdiri həmçinin bildirib ki, qədim mədəniyyət beşiyi olan Şuşada yenidən “Xarıbülbül” festivalının keçirilməsi bütün xalqımız üçün əsl bayram oldu: “Həqiqətən də 12 may tarixi artıq ölkəmiz üçün əlamətdar bir gün oldu. Uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirildi. Bu hadisəni əlamətdar edən daha bir önəmli məqam da budur ki, uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı Vətən müharibəsində bizə Qələbəni öz canları bahasına qazandıran qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu. Ali Baş Komandanımızın da dediyi kimi, biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Məhz xalqımızın birliyi və həmrəyliyi sayəsində Azərbaycan bu möhtəşəm Qələbəni qazandı. Şuşanın azad edilməsindən dərhal sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyev bəyan etmişdi ki, bu şəhərdə işğala qədər keçirilən ənənəvi “Xarıbülbül” musiqi festivalı bərpa ediləcək və belə də oldu. Artıq bundan sonra bu möhtəşəm musiqi bayramı Şuşada hər il keçiriləcək. “Xarıbülbül” festivalının diqqətəlayiq cəhətlərindən biri də budur ki, bu festival Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrini əhatə edir, musiqi mədəniyyətlərinin nümunələrini özündə əks etdirir. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyyəsi ilə festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış ediblər. Öz çıxışında dövlət başçısı xüsusi olaraq vurğulamışdır ki, Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların öz payı vardır. Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin nəticəsi olaraq ölkəmizdə bütün xalqlar, millətlər dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, Azərbaycanda mövcud olan milli birlik ən yüksək səviyyədədir və sarsılmazdır.”

Daha sonra Mətanət Misirxanova deyib ki, festivalın gedişində Şuşadan bütün dünyaya ötürülən mesajlar da Azərbaycana qarşı hələ də hansısa təzyiqlər göstərməyə çalışan qüvvələrin təxribatlarına ən tutarlı cavabdır: “Təəssüflər olsun ki, bu gün dünyada tez-tez demokratiyadan, insan haqlarından dəm vuran, əməllərində isə ikili standartlardan əl çəkə bilməyən bəzi dövlətlər hələ də Ermənistanın haqsız mövqeylərinə dəstək olmaq, bu faşist rejiminin vəhşiliklərinə haqq qazandırmaq cəhdlərini səngitmək istəmirlər. Hətta bu səbəbdən ölkəmizə qarşı əsassız, cəfəng iddialar irəli sürənlər də var. Məhz buna görə də Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda xalqlar arasında yaşanan birlik və həmrəyliyi qısqanan bütün qüvvələrə səslənərək onlara Şuşadan, qədim və müqəddəs torpağımızdan öz növbəti mesajını verdi: “Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır.” Həqiqətən də bu mesaj çox böyük siyasi önəm daşıyır. Artıq ölkəmizə qarşı ittihamçı mövqeylərdən çıxış etməyə çalışan bütün dövlətlər də bilməlidirlər ki, Azərbaycan bu gün dünyada tolerantlıq və multikulturalizmin ən yüksək səviyyədə mövcud olduğu bir ölkədir və bu həqiqəti heç kim dana bilməz.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə