Mobil versiya
Prezident İlham Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasından daxili və xarici auditoriyaya verilən mesajlar...
Tarix: 18-05-2021 | Saat: 10:21
Bölmə:Seçki 2024 | çapa göndər

Prezident İlham Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasından daxili və xarici auditoriyaya verilən mesajlar...


Ötən həftə Azərbaycan xalqı üçün bir çox əlamətdar anlarla yadda qalan oldu. 32 illik fasilədən sonra Şuşada iki gün davam edən “Xarıbülbül” festivalının keçirilməsi və Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması bütün ölkənin diqqətini Qarabağa, Şuşaya yönəltdi. Ancaq həftə ərzində Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri və ertəsi gün Rusiya Federasiyasının XİN başçısı Sergey Lavrovla görüşü də gözdən yayınmayacaq qədər əhəmiyyətli məsələlər idi. Ölkə başçımızın Naxçıvan Muxtar Respublikasına səfəri və səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə diqqətə layiq idi. Əminliklə demək olar ki, Zəngəzur dəhlizinin reallaşması ilə bağlı danışıqların getdiyi bir vaxtda ölkə başçımızın Naxçıvana səfəri həm də simvolik məna daşıyırdı. Aydındır ki, Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın bundan sonrakı inkişafında xüsusilə əhəmiyyətli rol oynayacaq. Dəhlizin reallaşdığı halda Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə birləşməsi və Naxçıvan vasitəsilə Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil yolu ilə əlaqə qurulması mümkün olacaq ki, bunun həm bizim, həm də region üçün üstünlüklərini saymaqla bitirmək olmaz. Belə olan halda ölkə başçımızın Naxçıvana səfəri və oradan daxili və xarici auditoriyaya verdiyi mesajların əhəmiyyəti daha da artmaqdadır.

Müsahibəni bir neçə əsas başlığa bölsək ilk növbədə Naxçıvan Muxtar Respublikasında görülmüş işlər və perspektivdə görüləcək işlərlə bağlı açıqlamalar diqqət çəkdi. Ən əsası Naxçıvanın müdafiəsi ilə bağlı səsləndirilən fikirlər və Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə böyük diqqət göstərildiyinin ölkə rəhbərliyi səviyyəsində bəyan edilməsi oldu. Ali Baş Komandan onu da vurğuladı ki, Azərbaycan ordusunun arsenalında olan ən müasir silahların bir qismi Naxçıvanda yerləşdirilib. Bu Naxçıvanla sərhəddə yerləşən Ermənistana xəbərdarlıq mesajının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Əslində, Naxçıvanın hərbi potensialı 2018-ci ildə, uğurlu Günnüt əməliyyatında özünü tam təsdiq etmişdi. Ancaq, xüsusilə vurğulamaq da lazımdır ki, 44 günlük Vətən müharibəsində də Naxçıvan Ordusunun hərbçiləri yüksək şücaət göstərmiş, Vətənin keşiyində qəhrəmanlıqla durmuş və şəhidlər vermişdir.

Prezident İlham Əliyevin müsahibə çərçivəsində vurğuladığı ən vacib məsələlərdən biri şübhəsiz ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidinin olmaması və Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapdığı ilə bağlı fikirləri idi. Əslində bu fikirlər ölkə başçısı tərəfindən artıq dəfələrlə səsləndirilib. Ancaq hələ də bəzi ermənipərəst qüvvələr onlara heç bir aidiyyəti olmayan bu məsələ ilə bağlı bəyanatlar verərək münaqişənin həll olunmalı olduğunu deyirlər. Belə olan halda maraqlıdır ki, münaqişə həll olunmayıbsa deməli, 10 noyabr bəyanatı öz qüvvəsini itirib? Bu həqiqətən də təhlükəli yanaşmadır. Ələlxüsus da Ermənistan üçün. 44 günlük Vətən müharibəsindən sonra Ermənistan Ordusunun vəziyyətini nəzərə alsaq bu kimi çıxışların nə qədər təhlükəli olduğunu yəqin ki, anlamaq olar. Düzdür, hazırda seçki ərəfəsində olan Ermənistanda bir çox populist siyasətçilər tərəfindən revanşizm mahiyyətli çıxışlar səsləndirilir və xüsusilə də Şuşa və Hadrutun qaytarılması kimi xəyalpərəst açıqlamalar verilir. Ancaq, hər halda başa düşmək olar ki, bunlar daxili auditoriyaya hesablanmış sözün əsl mənasında ucuz siyasi oyunlardır. Əgər Ermənistan bu istiqamətdə sözdən əməli-praktiki addıma keçərsə alacağı cavab heç şübhə yoxdur ki, 44 günlük Vətən müharibəsindən də qat-qat ağır olacaq. Ölkə başçımız da müsahibəsi zamanı bu məsələyə toxunmuş və qəti olaraq bildirmişdir ki, “Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik”. Bəli, Ermənistan buradan özünə dərs götürməli və daha çox öz ölkəsinin gələcəyi üçün ağılla hərəkət etməlidir. Əks təqdirdə Azərbaycanın dəmir yumruğu bu səfər Ermənistanda bərpası mümkün olmayan yaralara gətirib çıxaracaq.

Dövlət başçımız tərəfindən verilən daha bir mesaj isə bölgə ilə heç bir əlaqəsi olmayan xarici dövlətlərin Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndirməsi və bəyanatlar verməsi ilə bağlı oldu. Bu məsələdə də maksimum qətiyyət və prinsipiallıq nümayiş etdirən ölkə başçımız vurğuladı ki, bu, qəbul edilməzdir. Həqiqətən də, ATƏT-in Minsk qrupunun həmsədri kimi az qala 30 ildir ki, heç bir fəaliyyət göstərməyən Fransa indi həll olub bitmiş məsələyə daxil olmağa çalışır. Üstəlik də tamamilə ədalətsiz və qərəzli mövqedən. Və digər belə bir ölkə Kanada. Axı Kanadanı Qarabağla, Ermənistanla ya da Azərbaycanla nə bağlayır ki, indi Kanada bu qədər canfəşanlıq edir. Ən maraqlısı da budur ki, bu ölkələrin heç bir tarixi reallığa və beynəlxalq hüquqa istinad etmir. Qarabağ tarixi Azərbaycan torpaqlarıdır və 30 il idi ki işğal altında idi. Torpaqlarımızın işğal altında olduğunu və mənfur ermənilərin buradan çıxmalı olduğunu bildirən Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Beləliklə, Azərbaycan əsla öz daxili işlərinə hansısa dövlətlərin qarışmasına icazə verməyəcək və belə bəyanatların davam etməsi həmin ölkələrlə Azərbaycanın münasibətlərinə kölgə salmaqdan başqa heç nəyə yaramayacaq. Biz 44 günlük Vətən müharibəsi ilə tarixi ədaləti və haqqı bərpa etmişik. 27 ildir ki, icra olunmayan BMT TŞ-nın qətnamələrini reallaşdırmışıq. Heç bir başqa ölkə bu məsələyə qarışa və bu barədə fikir bildirə bilməz. Azərbaycanın canı ilə, qanı ilə əldə etdiyi bu qələbə münaqişəyə son qoyub, 10 noyabr bəyanatı da cəbhədə qazanılan zəfərimizin masada təsdiqi idi. Hər kəs bunu anlamalı və qəbul etməlidir.


Xəyalə Cavanşirli
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024