Mobil versiya
Bütün Azərbaycan xalqının qəlbinin döyündüyü məkan - Şuşa, “Xarıbülbül” festivalı
Tarix: 17-05-2021 | Saat: 09:58
Bölmə:Seçki 2024 | çapa göndər

Bütün Azərbaycan xalqının qəlbinin döyündüyü məkan - Şuşa, “Xarıbülbül” festivalı



Azərbaycan xalqı 30 illik müstəqillik tarixində heç vaxt indi olduğu qədər qürurlu və məğrur olmayıb. Müstəqillik tariximizin başladığı ilk günlərdən etibarən üz-üzə qaldığımız erməni məsələsi və ardınca baş verən daxili çaxnaşmalar sonrakı dövrdə də daima xalqımızın qəlbində kölgə olaraq qalıb. Hər bir azərbaycanlı hətta ən xoşbəxt günlərində belə qəlbinin bir hissəsində Qarabağ yanğısını, Şuşa həsrətini hiss edib. Bu gün isə artıq bu həsrət bitib. Biz Qarabağa, Şuşaya qayıtmışıq. Bu gün Azərbaycan xalqı haqlı olaraq qürur duyur ki, onun igid övladları vətənlərinin müstəqilliyi, suverenliyi, bütövlüyü uğrunda canından keçmək bahasına ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, nəhayət 28 illik düşmən işğalından sonra Şuşamız, mədəniyyət beşiyimiz azadlığına qovuşdu və əvvəllər olduğu kimi indi də öz mədəniyyət töhfələrini ölkəmizə, regionumuza ərmağan etməyə başladı. Ötən günlərdə, daha dəqiqi 12–13 may tarixlərində Şuşada, Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalı bir daha Azərbaycanın qazandığı qələbəni dosta, düşmənə elan etdi. “Xarıbülbül” festivalı Azərbaycan xalqının Şuşaya qayıtdığının təsdiqi idi. Xüsusilə də son dövrlərdə Ermənistanda, seçki ərəfəsində xalqın səslərini qazanmaq üçün revanşist fikirlərlə çıxış edən, Şuşa və Hadrutun qaytarılması ilə bağlı tamamilə boş və təhlükəli bəyanatlar səsləndirən siyasətçilər bu festivalla birgə reallıqlarla bir daha üzləşdi. Şuşa və ümumilikdə Qarabağ əzəli Azərbaycan torpaqlarıdır və Azərbaycanın nəzarətindədir. Heç nə və heç kəs bu reallığı dəyişdirə bilməz. Azərbaycan qan tökərək, can verərək aldığı bu torpaqlardan əsla çıxmayacaq. Nə Şuşa, nə Hadrut, nə də qeyri bir yer. Vətən torpağının bir qarışı belə güzəştə gedilməyəcək. Bizlər işğaldan azad etdiyimiz hər qarış torpağımızda yaşayacaq, qurub-yaradacağıq.

Şuşada təşkil olunan “Xarıbülbül” festivalı hər birimiz üçün qürur rəmzinə çevrildi. Ölkə başçımız festivalın açılışında çıxış edərək festivalın Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunduğunu elan etdi. Beləliklə, qələbəni bizə gətirən şəhidlərimizə bir daha ehtiram göstərildi. İki gün davam edən festivalın ilk gününə fərqli xalqların nümayəndələrinin çıxışları sözün əsl mənasında damğa vurdu. Bu, mültikulturalizmin ən yüksək səviyyədə təbliği idi. 44 günlük müharibədə olduğu kimi Cıdır düzündə təşkil olunan festivalda da hər bir azərbaycanlı “Dəmir yumruq” kimi birləşmiş və dünyaya birlik, bərabərlik, sülh mesajları verirdi. Ölkəmizdə yaşayan bütün xalqların bir səhnədə mahnılar ifa etməsi, bir yumruq kimi birləşməsi şübhəsiz ki, erməni xalqına və dünyaya verilən bir mesaj idi. Azərbaycan xalqının hər bir nümayəndəsi hansı etnik kökə mənsub olmasından asılı olmayaraq birdir, birlikdədir. Bizim hər birimiz vətənimiz, torpağımız üçün canımızdan keçməyə hazırıq.

Bir nüansı xüsusilə vurğulamaq yerinə düşərdi ki, çox yox cəmi iki il bundan öncə hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın xanımı Anna Akopyan Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanı Qarabağa muğam dinləməyə dəvət edirdi. Təsəvvür belə etmək çətindir ki, torpaqlarımızı zor gücü ilə işğal edən dövlətin nümayəndəsinin xanımı Azərbaycanın birinci xanımını öz torpaqlarına “qonaq” kimi dəvət edirdi. Həqiqətən də bizim üçün bunu anlamaq və qəbul etmək çətin idi. Əslində bu, Azərbaycan xalqının heysiyyatına toxunan bir məsələ idi. Bizi öz evimizə qonaq kimi dəvət etmək hər birimiz üçün qəbuledilməz idi. Ancaq Anna Akopyanın bu istehzalı cavabından heç bir il də keçmədən, Mehriban xanımın yazdığı statusun isə bir ilində artıq Qarabağ və Şuşa düşməndən azad edilmişdi. Şanlı Azərbaycan Ordusu, qəhrəman, igid oğullarımız tarixi ədaləti bərpa edərək Şuşanı öz sahiblərinə qaytarmışdı. Biz indi xalq olaraq, dövlət olaraq Şuşaya qayıtmışıq. İndi biz sual edə bilərik ki, Mehriban xanım qalib xalqın nümayəndəsi kimi, eyni zamanda qalib dövlətin Birinci vitse-prezidenti kimi, Şuşanın bərpa-quruculuq işlərində yaxından iştirak edən Heydər Əliyev fondunun prezidenti kimi Şuşaya qayıdıb və Şuşada “Bayatı Şirazı” dinləyib. Bəs Anna Akopyan özü haradadır? Onun çox güvəndiyi “yenilməz” Ermənistan Ordusu haradadır? Yəqin ki, bu sulların cavabı Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən artıq verilib.

Şuşaya qayıdışımızı simvolizə edən digər əlamətdar hadisə isə bütün müsəlman aləminin bayramı olan Ramazan bayramında Şuşa şəhərinin Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması idi. Bu anları sözlə ifadə etmək mümkünsüzdür. İllərdir ki, zülmə, vandalizmə məruz qalan, hər bir azərbaycanlının qəlbində nisgillə, ağrı-acı ilə kök salan məscidimizdə indi bayram namazı qılınır, əzan səsləri eşidilir. Qeyd edək ki, Şuşada bayram namazının qılındığı dəqiqələr bir çox kanalımız tərəfindən canlı şəkildə təqdim olundu. Şübhə yoxdur ki, həmin anlarda bütün Azərbaycan xalqının qəlbi Qarabağda, Şuşada, Yuxarı Gövhərağa məscidində döyünürdü. Bu xoşbəxtliyə hər kəs şahidlik edir və az qala 30 ildir ki dualarımızda olan həmin anın yaşanması ilə xoşbəxtliyə qərq olurdu. Hər bir azərbaycanlı, fərqi yoxur ki, o Şuşalıdır, Ağdamlıdır ya da İsmayıllı, Qazaxlı və ya Bakılıdır hər birimiz illərdir ki, torpaqlarımızın işğaldan azad olunduğu, zülmə, təhqirə məruz qalan məscidlərimizin yenidən əzan səsləri ilə inlədiyi gün üçün dua edirdik. Ən xoşbəxt günümüzdə də hər birimizin ilk arzusu gələn il bugünü Qarabağda keçirmək olurdu. Və indi bu arzumuz reallaşdı. Biz qayıtmışıq, Biz Şuşadayıq, Qarabağdayıq. Biz tarixi ədaləti, haqqı bərpa edərək qayıtmışıq. İndi Şuşamız, Ağdamımız, Kəlbəcərimiz, Zəngilanımız və digər işğal altında olan torpaqlarımız azaddır. Bununla fəxrlənməmək, qürrələnməmək olarmı?

Hazırda Şuşada bir çox işlər görülür, layihələr reallaşdırılır. Ölkə başçımız ailəsi ilə birgə vaxtaşırı bölgələrə səfərlərə gedir və görülən işlərlə tanış olur. Beləliklə, Şuşanın bərpası və yenidən qurulması, onun Azərbaycan mədəniyyətində layiqli yerini tutması Azərbaycan üçün əsas prioritetlərdən biridir. Gec və ya tez bütün Ermənistan da qəbul edəcək ki, Qarabağ Azərbaycandır və bu reallığı dəyişməyə heç kimin gücü çatmaz.



Xəyalə Cavanşirli
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024