Mobil versiya
Könül Nurullayeva: “Mədəniyyət paytaxtımız Şuşadan dünyaya sülh mesajları verdik”
Tarix: 13-05-2021 | Saat: 11:48
Bölmə:Gündəm / Seçilənlər-5 | çapa göndər

Könül Nurullayeva: “Mədəniyyət paytaxtımız Şuşadan dünyaya sülh mesajları verdik”


Şuşada uzun fasilədən sonra keçirilən Xarıbülbül musiqi festivalı hər birimizi qürurlandırdı. Festivalın açılış mərasimində ali baş komandanın da söylədiyi kimi, biz burada əbədi yaşayacağıq. Bu festival isə bizim üçün qayıdış və ləyaqət bayramıdır. Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi, burada yeni məscidin təməlinin qoyulması ədalətin təntənəsidir. Bu gün Şuşada bayram namazı qılındı. Azərbaycanlılar 28 ildən çox idi ki, bu anı gözləyirdilər.
Cıdır düzü isə hər zaman Azərbaycan muğamının, Azərbaycan musiqisinin səsləndiyi məkan olub. Şuşa bizim mədəniyyət paytaxtımız olmaqla yanaşı, həm də milli sərvətimizdir. Şəhərin hər qarışında Azərbaycanın tarixi var. Prezident İlham Əliyevin də söylədiyi kimi, Şuşa Azərbaycan ruhunu qoruyub saxlayıb. Şəhərin bütün abidələrini orijinal üslubda bərpa etməklə bir daha dünyaya mədəniyyət paytaxtımızın tarixən Azərbaycan torpağı olduğunu sübut etmiş olacağıq. Eyni zamanda gələn il şəhərin 270 illiyini qeyd edəcəyik. Təsadüfi deyil ki, ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından da su məhz azərbaycanlılar bu əraziyə qayıtdıqdan sonra gəldi. Artıq bu bulaqlar heç zaman qurumayacaq. Şuşanın hər qarışı canlanacaq. Bu torpaqların həqiqi sahibləri bunu təmin edəcək.
Şuşada uzun fasilədən sonra keçirilən Xarıbülbül musiqi festivalının bizə böyük qələbəni canları və qanları ilə bəxş edən şəhidlərimizin əziz xatirəsinə həsr olunmasında da rəmzilik var. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Çünki Şuşa başda olmaqla tarixi torpaqlarımız azaddır. Döyüşə girən hər bir Azərbaycan əsgərinin ən böyük arzusu Şuşada Azərbaycan bayrağını ucaltmaq idi.
Şuşada bizim bütün ənənələrimiz bərpa olunmaqla yanaşı, həm də burada müxtəlif mədəniyyətlərin dialoqu təşkil olunacaq. Xarıbülbül festivalı ilə artıq bu ənənənin təməli qoyuldu.
İki gün ərzində Azərbaycanın mədəniyyət paytaxtından dünyaya sülh mesajları ötürülür. Müxtəlif xalqların musiqi nümunələrinin təqdimatı həm də Azərbaycanın tolerant və multikultural ölkə olduğunu göstərir. Biz Şuşaya və ümumilikdə Qarabağa qayıtmaqla bölgəyə rifah gətiririk.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024