Mobil versiya
Rəhman Məmmədov: Ulu öndər azərbaycanlı olması ilə daim fəxarət duyurdu.
Tarix: 06-05-2021 | Saat: 09:54
Bölmə:Seçki 2024 | çapa göndər

Rəhman Məmmədov: Ulu öndər azərbaycanlı olması ilə daim fəxarət duyurdu.

Mədəniyyət hər bir xalqın milli mövcudluğunun əsas meyarlarından biridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin kökləri də çox qədim zamanlara gedib çıxır. Bununla belə etiraf olunmalıdır ki, XX əsrdə xalqımızın mədəni həyatında tamamilə yeni bir dövr başlanmışdır. Bu, mədəniyyətimizin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan əsl intibah dövrüdür.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, mədəniyyət sahəsinə də böyük işlər görülmüşdür. Xüsusilə son illər ərzində ölkəmizdə mədəni həyatın demokratikləşdirilməsi, gənclərin, yeniyetmələrin, əmək qabilliyətli insanların bu prosesdə yaxından iştirakı, əhalinin mədəni həyat səviyyəsinin daha da gücləndirilməsi yolunda böyük addımlar atılmışdır. Bütün bunlarla yanaşı etiraf olunmalıdır ki, milli-mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında dahi şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri var. Ölkəmizdə ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq, xalça sənəti və bir çox başqa sahələrin hələ sovet dönəmində təşəkkül tapmış inkişaf və tərəqqisi birmənalı olaraq Heydər Əliyevin diqqət və qayğısının nəticəsində mümkün olmuşdur. Ulu öndər öz çıxışlarında deyirdi: “Milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır”.

Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirirdi. Kinoteatrlar, teatr binaları, muzeylər inşa olunur, kadr potensialı gücləndirilirdi. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edir, mədəni-mənəvi dəyərlərin qorunması, təbliği, yeni estetik düşüncəyə malik əsərlərin yaradılması üçün şərait yaradırdı. Azərbaycanın tanınmış sənət adamlarına göstərdiyi diqqət və qayğı, yaradıcı şəxslərlə yaxın dostluq əlaqələri Heydər Əliyevə böyük sənət adamları arasında dərin hörmət və nüfuz qazandırmışdı. Ulu öndər yaşadığı dövrün siyasi durumundan asılı olmayaraq, daima Azərbaycan incəsənətinin, bütövlükdə mədəniyyətimizin rifahı naminə misilsiz işlər həyata keçirib, Azərbaycan mədəniyyətinin inkişafına töhfə verən sənətkarların həmişə qayğısına qalıb. Təsadüfi deyil ki, respublikamızın ayrı-ayrı yerlərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin heykəllərinin qoyulması da məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi dövrünə aiddir.

Məhz sovet dönəmində Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Etiraf olunmalıdır ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. Ulu öndər mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Azərbaycanın böyük sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adını almışlar. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir.

Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sənət adamlarına xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycanda bir çox tamaşa müəssisələri təmir olundu, Filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi. Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olmuşdur. Qədim zəngin maddi və mənəvi mədəniyyətə malik xalqımız məhz ümummilli liderimiz Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər. Ulu öndər öz çıxışlarından birində demişdir: “XX əsrdə Azərbaycan musiqi mədəniyyətində böyük nailiyyətlər əldə edilmişdir. Milli musiqi incəsənətini inkişaf etdirən görkəmli musiqi xadimləri və onların qiymətli əsərləri xalqımızın çox böyük milli sərvətidir. Xalqımız Azərbaycana dünya şöhrəti qazandıran istedatlı musiqiçiləri ilə haqlı olaraq fəxr etmiş, edir və edəcəkdir.” Məhz buna görədə ulu öndər həmişə bəstəkarlara, ifaçılara, musiqişünaslara qayğı və hörmətlə yanaşmış, onlar ilə tez-tez görüşlər təşkil etmiş və əməklərini daima yüksək qiymətləndirmişdir. Ümummilli lider Azərbaycan musiqisinin dünya arenasına çıxması üçün böyük işlər görmüş, Azərbaycan musiqi mədəniyyətinin görkəmli simaları olan dünya şöhrətli bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov, məşhur müğənnilər Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Zeynəb Xanlarova və başqalarının sənətinə yüksək qiymət verərək, onların dünya səhnələrinə çıxa bilmələri üçün böyük çalışmalar həyata keçirmişdir. Həmçinin yaradıcılıq evlərinin tikilməsi, dünyasını dəyişən görkəmli mədəniyyə tvə incəsənət xadimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə ev muzeylərinin yaradılması, yubiley gecələrinin keçirilməsi musiqiçilərin fəxri adlar, orden və mükafatlarla təltif olunmaları da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Ulu öndər Azərbaycan mədəniyyətinin və mənəviyyatının əsl himayədarı idi. Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan ulu öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verilmişdir. Onların bir çoxu “Şöhrət” ordeninə layiq görülmüş, Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev kimi musiqi xadimləri “İstiqlal” ordeni ilə təltif olunmuşlar. Ümummilli lider mədəniyyətə sadəcə qayğı göstərməklə kifayətlənmirdi. İstənilən musiqi əsəri, incəsənət xadiminin yaradıcılığı haqqında elə dəqiq fikirlər söyləyirdi, təhlillər edirdi ki, sənətşünaslar həsəd aparırdılar. Heydər Əliyev hər bir sənət sahibi ilə məhz o sənətin mahir bilicisi kimi söhbət edirdi.

Heydər Əliyevin mədəniyyət siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə təkcə zəbt olunmuş torpaqlarımız deyil, eləcə də zəbt olunmuş mədəniyyətimiz işğaldan azad edilmiş oldu. Azərbaycanın mədəniyyət beşiyi olan qədim Şuşa şəhərinin azad edilməsi və möhtərəm dövlət başçımız tərəfindən ölkənin mədəniyyət paytaxtı elan olunması isə xalqın bütün milli-mədəni irsinin yenilənməsinə, möhtəşəm oyanışına səbəb oldu.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, biz azad edilmiş ərazilərdə bütün tarixi-mədəni abidələrimizi bərpa edəcəyik və həmin torpaqlar yenidən öz mədəni incilərini bütün dünyaya təqdim etmək imkanı alacaqlar.

Rəhman Məmmədov,
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024