Mobil versiya
Azərbaycanın müasir səhiyyə sisteminin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır
Tarix: 30-04-2021 | Saat: 10:36
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycanın müasir səhiyyə sisteminin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır

Ulu öndər Heydər Əliyev xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşmış, səhiyyənin cəmiyyət həyatında həlledici rol oynadığını dəfələrlə vurğulamışdır. Ümummilli lider səhiyyə sahəsini cəmiyyət və dövlət həyatında ən mühüm, prioritet sahə kimi qiymətləndirərək deyirdi: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.


1969-cu il iyul ayının 14-də ulu öndər Heydər Əliyevin ilk dəfə Azərbaycan rəhbərliyinə gəldiyi dövrdə respublikamızda əhali arasında xoş əhval-ruhiyyəli canlanma, gələcəyə nikbinliklə baxmağa əsas verən sevincli mühit bərqərar olmuşdu. Azərbaycan xalqının öz liderinə, onun möhtəşəm ideyalarına olan inamının geniş vüsət alması ulu öndər tərəfindən yerinə yetirilən əməli tədbirlərə, onun gərgin fəaliyyətinin əyani nəticələrinə əsaslanırdı. Həmin dövrdə də ümummilli lider Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin inkişafını ahəngdar şəkildə, ardıcıllıqla həyata keçirirdi.

Ulu öndər bütün sahələrdə olduğu kimi Azərbaycanın səhiyyə sahəsini də daim diqqət mərkəzində saxlayırdı. Ümummilli lider ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Keçən əsrin 60-70-ci illərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev ölkəmizin səhiyyə sahəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasa çıxmasına, bütün sahələrdə olduğu kimi bu sahələrin də dayanıqlı və sabit inkişafının təmininə əlverişli şərait yaradırdı. Həmin dövrdən başlayaraq ulu öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş Sovetlər İttifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşə və ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Bu, gələcəyin kadr hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. O, gənclərin təhsilinə, işlə təmininə, hərtərəfli inkişafına, onların dünyagörüşünün, beynəlxalq əlaqələrinin artmasına, dünya gənclərinin intellekt yüksəkliyinə inteqrasiya olunmalarına, yeniliklərdən bəhrələnmələrinə, fiziki və əqli cəhətdən sağlam böyümələrinə xüsusi diqqət yetirirdi. Ümummilli lider Heydər Əliyev deyirdi: “Dövlətimizin gələcəyi bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır”. Azərbaycan səhiyyəsi, Azərbaycan tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 35 ilə yaxın bir dövrdə bilavasitə ulu öndər Heydər Əliyevin himayəsində olub.

Ötən əsrin 90-cı illərinin əvvəllərində bütün sahələrdə olduğu kimi ölkəmizin səhiyyə sistemində də tənəzzül yaşanırdı. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Azərbaycan rəhbərliyinə qayıdışından sonra ölkə səhiyyəsinin, həmçinin tibb elmi və tibb təhsili sisteminin inkişafının yeni mərhələsi başlandı. Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı. Heydər Əliyevin Azərbaycan səhiyyəsi qarşısındakı xidmətlərindən danışarkən səhiyyə islahatları proqramının hazırlanması və icrasını xüsusi qeyd etmək lazımdır. Ölkə başçısının “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə” 13 mart 1998-ci il tarixli Sərəncamı səhiyyənin bütün sahələrini əhatə edən islahatların daha geniş miqyasda və sürətlə aparılması üçün şərait yaratdı.

Qürurverici haldır ki, bu gün Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş səhiyyə siyasəti Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ulu öndərin gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu ilə inamla irəliləyir və möhtəşəm qələbələrə imza atır.


Ramiz Pirverdiyev,
Akademik Z.Əliyeva adına Gədəbəy MRX-nın
Baş həkimi
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024