Mobil versiya
Heydər Əliyev – uşaqları sonsuz məhəbbətlə sevən lider
Tarix: 29-04-2021 | Saat: 11:18
Bölmə:Gündəm | çapa göndər

Heydər Əliyev – uşaqları sonsuz məhəbbətlə sevən lider


Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Azərbaycanın hər yerində təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar gündə Azərbaycan xalqı öz xilaskarının, müasir müstəqil dövlətimizin memarı ümummilli lider Heydər Əliyevin əziz xatirəsini sonsuz sevgi ilə anır, ulu öndərin Vətən və dövlət qarşısındakı misilsiz xidmətləri minnətdarlıqla xatırlanır.

Bu gün uşaqlarımızın necə tərbiyə almalarından, hansı ideyalara meyillənmələrindən ölkəmizin gələcəyi çoz asılıdır. Ona görə də uşaqlara xüsusi diqqət və qayğı hər zaman göstərilməlidir. Əminliklə demək olar ki, bu gün Azərbaycanda uşaqların problemləri dövlətimiz tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır, onların həllinə ciddi nəzarət olunur. Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur.

Ulu öndər Heydər Əliyev demişdir: “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir.” Uşaqları bütün varlığı ilə sevən ulu öndərimizin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, “SOS Kinderdorf İnternəşnl” təşkilatı ilə respublika hökuməti arasında əldə olunmuş razılaşmaya əsasən “Bakı SOS uşaq kəndi” salınmışdır. Heydər Əliyev xalqımızın sabahını – gənc nəsli yaşatmaq, uşaqlar arasında həyat səviyyəsini yaxşılaşdırmaq üçün xarici ölkələrin diqqətini respublikamıza yönəltmişdi. Bu gün ölkəmizdə uşaqların sağlamlığı, inkişafı, təhsili, onların hüquqlarının qorunması üçün bütün tədbirlər həyata keçirilir. Dövlətimiz hər bir azərbaycanlı uşağın yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

Uşaqların Beynəlxalq televiziya və radio günü münasibətilə keçirilən ənənəvi bayramında iştirak edən ulu öndərimiz Heydər Əliyev demişdir: “Artıq biz ictimai-siyasi cəhətdən çox sabit bir Azərbaycan yaratmışıq. İnsanlar rahat yaşasınlar və biz bunu, sabitliyi daimi edəcəyik... Əmin olun ki, siz bizim rastlaşdığımız çətinliklərlə rastlaşmayacaqsınız. Ancaq bu, sizə imkan verəcək ki, bizim başladığımız işləri daha da uğurla həyata keçirəsiniz. Siz bizim ümidimiz, gələcəyimizsiniz.” Ulu öndər Heydər Əliyev müstəqilliyinin ilk illərində böyük ictimai-siyasi problemlərlə üzləşmiş, ədalətsiz müharibəyə cəlb olunmuş, torpaqlarının 20 faizini itirmiş ölkəmizi düçar olduğu faciələrdən xilas edərkən uşaqların taleyini bir an belə unutmamış, böyük işlərdən vaxt taparaq həmişə onların görüşünə gəlmiş, problemlərinin həlli istiqamətində təsirli tədbirlər görmüşdür. Məhz bu sonsuz diqqət və qayğının nəticəsi idi ki, uşaqlar ulu öndər Heydər Əliyevlə hər bir görüşdən sonsuz coşqu, böyük həyat eşqi alırdılar. Heç şübhəsiz bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşdur.

Aydındır ki, hər bir uşağın şəxsiyyət kimi formalaşdırılması dövlətin təhsil sisteminin də əsas vəzifəsidir. Ulu öndər 1993-cü ildə xalqın təkidi və tələbi ilə ölkədə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün sosial-iqtisadi istiqamətlərdə sürətlə inkişaf etməyə başladı. Tezliklə ölkədə siyasi-iqtisadi stabilliyi təmin edən ulu öndər ölkəyə rəhbərlik etdiyi əvvəlki dövrlərdə olduğu kimi, müstəqil Azərbaycanda da elmin, təhsilin inkişafını xüsusi diqqət mərkəzinə çəkdi. Qeyd etmək lazımdır ki, Heydər Əliyev sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə də təhsilin inkişafını daim diqqət mərkəzində saxlamış, təhsil sistemində ciddi islahatlar həyata keçirmişdir. 1972-1973-cü illərdə Azərbaycanda orta ümumtəhsil məktəblərinin sayı qısa müddət ərzində 3 dəfə artmışdır. Bu, yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Ulu öndər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.

Artıq müstəqillik dövründə, ölkəyə rəhbərliyin ilk illərindən ümummilli lider Azərbaycanda təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu öndər təhsil sahəsində olan problemlərin həllinə sistemli şəkildə yanaşmanın zəruriliyini qeyd edərək demişdir: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir.”

Ölkəmizdə son dövrlər həyata keçirilən islahatlar proqramının prioritet istiqamətlərinə diqqət yetirdikdə, Heydər Əliyevin təhsil strategiyasının nə qədər fundamental bir konsepsiya olduğu anlaşılır. Əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin yaratdığı və gələcək nəsillər üçün miras qoyduğu ənənələr bu gün də ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əilyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycanlı uşaqların taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.


Sevda Əliyeva
Sumqayıt şəhəri,
Evdə Fərdi Təhsil Məktəbinin direktor əvəzi
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025