Mobil versiya
Bəhram Yaqubov: “Dövlətin institusional təşəbbüsləri milli birliyimizin güclənməsinə bir töhfədir”
Tarix: 13-04-2021 | Saat: 10:14
Bölmə:Gündəm | çapa göndər

Bəhram Yaqubov: “Dövlətin institusional təşəbbüsləri milli birliyimizin güclənməsinə bir töhfədir”


“İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işinə könüllü dəstək göstərilməsi məqsədilə dövlətin institusional təşəbbüsü olaraq yaradılmış Qarabağ Dirçəliş Fondu bu gün cəmiyyətimizdə formalaşmış milli birlik və həmrəylik mühitinin qorunmasına və daha da gücləndirilməsinə misilsiz bir töhfədir. Həm ölkədə, həm də bütün dünyada yaşayan azərbaycanlıların bu Fonda istənilən məbləğdə vəsaitlər köçürmələri təkcə maddiyyatla bağlı olmayacaq, eyni zamanda, milli-mənəvi birliyimizi möhkəmləndirəcək, Vətən, torpaq, yurd sevgisini daha da artıracaq. Bu Fondun hesabına vəsait köçürən hər bir azərbaycanlı Vətən torpaqlarının bərpasında paylarının olması ilə qürur duyacaq. Heç şübhəsiz otuz illik işğal dövründə erməni vandalları tərəfindən dağıdılmış, viran qoyulmuş, maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Viləşçay Su Anbarı İstismar İdarəsinin mühəndisi, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının üzvü Bəhram Yaqubov deyib.

Həmçinin öz açıqlamasında Bəhram Yaqubov şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı üzrə təşəbbüslərin yerli icra hakimiyyəti orqanlarını da əhatə etməsinin əhəmiyyətini vurğulayıb: “Ölkə Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2021-ci il tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin yaradılması nəzərdə tutulub. Demək lazımdır ki, bu qərar ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan zəruri və çox əhəmiyyətli bir addımdır. Bu şöbələrin yaradılması dövlətin müvafiq xidmətlərindən vətəndaşların faydalanmaq imkanlarını artırır. Dövlət xidmətlərinin əlçatanlığı isə Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir. Bu gün Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dövlət tərəfindən göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir. Təkcə belə bir faktı qeyd edək ki, Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin edilib. Həmçinin şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub. Ümumiyyətlə Azərbaycanda hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, həmin kateqoriyaya aid olan insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar.”

Daha sonra Bəhram Yaqubov “YAŞAT” Fondunun fəaliyyətini qeyd edərək şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsində qurumun rolunu vurğulamışdır: “Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılmışdır. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Əminliklə demək olar ki, hal-hazırda Fond öz funksiyalarını yüksək səviyyədə həyata keçirir. Fondun vəsaitləri hesabına şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması və digər bu kimi sosialyönümlü layihələr həyata keçirilir. Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, təsis olunduğu gündən “YAŞAT” Fonduna könüllü ödəmələr dayanmadan davam edir. Əlbəttə ki, bu hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir.”


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024