Mobil versiya
İlham Əliyevin müzəffər hərbi yürüşü
Tarix: 12-11-2020 | Saat: 14:29
Bölmə:Manşet / Gündəm | çapa göndər

İlham Əliyevin müzəffər hərbi yürüşü


Torpaqlarımzın azad olunması ilə bağlı Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Möhtərəm İlham Əliyevin Ali Baş Komandanlığı ilə şanlı Azərbaycan Ordusu cəmi 44 gün ərzində torpaqlarımızı azad edərək, 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Bu tarixi hadisə ilə son bir neçə yüz il ərzində ilk dəfə olaraq Azərbaycan işğal olunmuş torpaqlarını özünə qaytardı, bununla da ərazi bütövlüyümüz təmin edildi.

Hər bir azərbaycanlı kimi bu Qələbə sevincini yaşayarkən Ümummilli Lider Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də xalqımıza müraciəti gözümün önündə canlandı. Ulu Öndər müraciətində demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ötən 17 ildə Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən, onun ideyalarını inamla həyata keçirən cənab İlham Əliyev Azərbaycan dövlətinin tarixində görünməmiş inkişafı reallığa çevirdi. Ən mühümü odur ki, bu siyasətin nəticəsində indi biz tarixin ən güclü Azərbaycanının vətəndaşları olmağımızla fəxr edirik. Prezident İlham Əliyevin nail olduğu bütün uğurlar Heydər Əliyevin arzularının həyata vəsiqə almasının təsdiqi idi. Nəhayət, Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə İlham Əliyev xalqımızın taleyüklü problemini həll etdi.

Bu Qələbə gözlənilən idi. Hər kəs Dağlıq Qarabağ cəbhəsində yenidən hərbi əməliyyatların başlayacağı təqdirdə Ermənistanın sarsıdıcı məğlubiyyətə uğrayacağına əmin idi. Çünki İlham Əliyev elə bir ordu yaradıb ki, onun qarşısında Ermənistanın duruş gətirməsi tamamilə mümkünsüz idi. Bu illər ərzində möhtərəm Prezident ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlara sadiqlik nümayiş etdirməklə, Ermənistanın bu prosesdəki imitasiyasını böyük səbirlə izləməklə yanaşı, ordu quruculuğu məsələlərini xüsusi diqqət mərkəzində saxlayıb. Azərbaycan Prezidenti müdrik siyasətçidir, uzaqgörəndir. Təcrübə göstərir ki, dövlət başçısı hər bir prosesin gedişatını son nəticəsinə qədər zərgər dəqiqliyi ilə proqnozlaşdırır. Bu mənada cənab İlham Əliyev danışıqlar prosesinin nəticəsiz qalacağını görür, günlərin birində torpaqlarımızın azadlığı uğrunda hökmən gücdən istifadənin zəruriliyini bilirdi. Ona görə ötən 17 ildə ordu quruculuğu İlham Əliyevin inkişaf siyasətinin xüsusi prioritetlərindən birini təşkil edib. Bu baxımdan hər bir azərbaycanlının qürur və fəxarət ünvanlarından biri də Silahlı Qüvvələrimizdir. Ulu Öndərin yaratdığı bu ordu İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 17 ildə böyük inkişaf yolu keçib. Bu dövrdə Azərbaycanda ordu quruculuğu bir gün belə dayanmayıb, əksinə daha da vüsət alıb, sürətlənib. Bunun nəticəsidir ki, Silahlı Qüvvələrimizin, hər bir qoşun növünün döyüş imkanları ən müasir standartlar səviyyəsinə çatdırılıb. Bu məqsədlə inkişaf etmiş hərbi sənaye kompleksinə malik olan dövlətlərdən müasir silah və texnikalar alınaraq ordumuzun arsenalına daxil edilib. "Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir” - deyə Prezident İlham Əliyev bildirib.

Ordumuzun inkişafı və arsenalını gücləndirməsi hərbi sahə üzrə ixtisaslaşmış reytinq agentliklərinin də diqqətindən yayınmayıb. İndiyədək paradlarda nümayiş etdirilən hərbi texnikalar, düşmənə müasir döyüş imkanları ilə zərbələrin vurulması Silahlı Qüvvələrimizin ən güclülər sırasına daxil olmasını şərtləndirib.

Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribat Azərbaycan Ordusunun öz tarixi missiyasını həyata keçirməsinə vəsilə oldu. Bir-birinin ardınca Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Tərtərin, Xocalının, Xocavəndin kənd və qəsəbələri azad edildi. Hər gün cəbhədən Azərbaycan əsgərinin qələbə dolu müjdələri gəldi və ordumuzun müzəffər yürüşü ilə Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazdı. Hər gün işğaldan azad edilmiş yaşayış məskənlərimizin sıralarına yeniləri əlavə olundu.

Zəngin tariximizin təsdiqi olan Xudafərin körpüsündə oktyabr ayının 18-də bayrağımız ucaldıldı. Qısa vaxtda 132 km-lik İranla dövlət sərhədi işğalçılardan tam təmizləndi. Həmçinin, bütün cəbhələrdə strateji yüksəkliklər ələ keçirildi.

Azərbaycan ictimaiyyətinin gözlədiyi həm də Şuşa idi. Prezident İlham Əliyev də müsahibələrinin birində bəyan etmişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Qədim Azərbaycan şəhəri olan Şuşa mədəniyyət məbədimiz, musiqi beşiyimizdir. Şuşa bizim qürur rəmzimiz, milli kimliyimiz, qeyrət qalamız deməkdir. Azərbaycanlılar Şuşanı müqəddəs sayır və ona görə bu şəhərin işğal altında qalması hər birimizin yarası idi.

Noyabrın 8-də, 28 illik həsrətdən sonra Qarabağın mirvarisi Şuşanın rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi ikinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu. Müharibədə asan qələbə olmur. Hər bir zəfərdə şəhid qanı var. Hər bir şəhər və kəndimiz əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qanının axması hesabına azad olunub. Uca dağların zirvəsində yerləşən Şuşanın azad edilməsi isə göstərdi ki, Azərbaycan əsgərinin qarşısında işğalçı ordunun tab gətirə bilməsi mümkünsüzdür. Şuşanın alınması ilə əsgərlərimiz düşmənin mümkün saymadığını reallığa çevirdilər, hərb elminin yeni səhifəsini yazdılar, Azərbaycanın hərb tarixini şərəfləndirdilər.

Tarixə səs salan Şuşa döyüşünün sərkərdəsi isə Ali Baş Komandan İlham Əliyevdir. Artıq Azərbaycan Prezidentinin adı çoxsaylı möhtəşəm uğurlarla yanaşı, tariximizə həm də Şuşanı işğaldan azad edən lider kimi həkk olunub. Şuşanı azad etməklə İlham Əliyev bütün xalqımızın nisgilinə son qoydu. Şuşanın işğaldan azad edilməsi ilə möhtərəm İlham Əliyev Azərbaycan tarixinin yeni şərəfli səhifəsini yazdı.

Hərbi əməliyyatların başladığı ilk gündən cənab İlham Əliyev bəyan etdi ki, Ermənistan işğal altında saxladığı rayonlarımızın azad edilməsi ilə bağlı qrafik təqdim etsə, problemin danışıqlar yolu ilə həlli mümkündür. İşğalçı tərəf isə ilk gündən müharibənin diplomatik yolla həllinin mümkünsüzlüyünü dedi. Hər gün ayrı-ayrı dövlətlərin başçılarına zəng edən N.Paşinyan güman edirdi ki, onlar Azərbaycana təsir edəcək, erməni lobbisi ordumuzun müzəffər yürüşünün qarşısını alacaq. Lakin ötən 44 gündə Ermənistan rəhbərliyinin və erməni lobbisinin fikirləşdiyinin tamamilə əksi olan proseslər baş verdi. Cənab İlham Əliyev sübut etdi ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan, torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizədən saxlaya bilməz. Bu dövrdə Prezident İlham Əliyev çox təzyiqlərlə üzləşdi. Lakin dövlətimizin rəhbəri onların hamısına qətiyyətlə, cəsarətlə sinə gərdi. İlham Əliyev siyasi peşəkarlıqla Azərbaycana qarşı beynəlxalq miqyasda diplomatik cəbhənin formalaşmasının qarşısını aldı. Və bütün bunların fonunda Qarabağ cəbhəsində Azərbaycan Ermənistanı cəzalandırdı.

Noyabrın 10-da isə Azərbaycan xalqı gözlədiyi müjdəni aldı. Gecə saatlarında xalqa müraciət edən müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı Qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi. Böyük Qələbə xəbərini xalqımız son dərəcə böyük coşqu ilə qarşıladı. Səhər saatlarından başlayaraq Bakının, ölkəmizin və bütün şəhər və rayonlarının küçə və meydanlarına, parklarına axışan böyüklü-kiçikli milyonlarla insanın bayram şənliyi axşama qədər davam etdi.

Qeyd edim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imzalanmış üçtərəfli bəyanatda Ermənistanın kapitulyasiyası elan edildi. İlham Əliyevin dediyi kimi, sənədlə Ermənistanın qarşısında qrafik qoyulub və dekabr ayının 1-nə kimi işğalçı ölkə Laçın, Ağdam və Kəlbəcər rayonlarından qalan qüvvələrini çıxaracaq.

Sənədin ən mühüm tərəflərindən də biri odur ki, Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında Ermənistandan keçməklə nəqliyyat əlaqəsi yaradılacaq. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Beləliklə, Azərbaycan bu müharibədən qalib çıxdı, Ermənistan isə Prezident İlham Əliyevin şərtlərini yerinə yetirməyə məcbur oldu. Bir vaxtlar işğal siyasəti yürüdən Ermənistan indi təslimçi akta imza atmaqla tarixinin ən utanc səhifəsini yazdı. İşğalçını bu hala salan güclü Azərbaycan dövləti və onun rəhbəridir. Prezident İlham Əliyev sərkərdə qətiyyəti ilə Vətən müharibəsini öz məntiqi sonluğuna qətiyyətlə çatdırdı və ərazi bütövlüyümüzü bərpa etdi. Qələbəmiz mübarək olsun!

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı

"AZƏRBAYCAN" qəzeti

12.11.2020-ci il




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024