Mobil versiya
Səttar Möhbalıyev:"Üçrəngli bayrağımız milli qürurumuzun, dövlətçiliyimizin və kimliyimizin əbədi rəmzidir"
Tarix: 03-11-2026 | Saat: 10:59
Bölmə:Manşet / Siyasət | çapa göndər

Səttar Möhbalıyev:"Üçrəngli bayrağımız milli qürurumuzun, dövlətçiliyimizin və kimliyimizin əbədi rəmzidir"

“Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. Ümummilli Lider Heydər Əliyevin bu müdrik fikirləri üçrəngli bayrağımızın xalqımızın həyatında tutduğu müqəddəs yeri, daşıdığı tarixi və mənəvi dəyəri aydın ifadə edir. Azərbaycan Bayrağı bizim milli qürurumuz, müstəqilliyimizin təcəssümü, azadlıq iradəmizin və dövlətçilik əzmimizin rəmzidir. O, xalqımızın keçdiyi mürəkkəb tarixi yolun, istiqlal uğrunda apardığı mübarizənin, milli birliyinin və gələcəyə inamının canlı təcəssümüdür.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, hər il noyabrın 9-da qeyd etdiyimiz Dövlət Bayrağı Günü hər bir azərbaycanlı üçün xüsusi məna daşıyır. Cənab Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən təsis edilən bu əlamətdar gün dövlət rəmzimizə ehtiramın, milli dəyərlərimizə sədaqətin və müstəqilliyimizə bağlılığın təntənəsidir. Bayrağımıza baxarkən yalnız üç rəngdən ibarət bir parçanı deyil, xalqımızın azadlıq arzusunu, tarixini, mənəviyyatını və müstəqil dövlət qurmaq iradəsini görürük. Azərbaycanın üçrəngli Dövlət Bayrağının tarixi XX əsrin əvvəllərində, xalqımızın milli oyanış və istiqlal mübarizəsinin geniş vüsət aldığı dövrə gedib çıxır. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli demokratik respublikalardan biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcı oldu. Həmin ilin noyabrın 9-da hökumətin iclasında mavi, qırmızı və yaşıl rənglərdən ibarət üçrəngli bayraq qəbul edildi. Beləliklə, xalqımızın azadlıq və müstəqillik arzusu dövlət rəmzində öz parlaq ifadəsini tapdı. Bayrağımızın rəngləri dərin məna daşıyır. Görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin ideya irsi ilə bağlı olan “Türkləşmək, islamlaşmaq, müasirləşmək” prinsipləri milli istiqlal düşüncəmizin əsas istiqamətlərini müəyyənləşdirdi. Mavi rəng türk mənsubiyyətimizi, qırmızı rəng müasirliyi və tərəqqi amalını, yaşıl rəng isə islam sivilizasiyasına və mənəvi dəyərlərimizə bağlılığımızı ifadə edir. Bayrağımızın mərkəzindəki ağ aypara və səkkizguşəli ulduz isə bu müqəddəs rəmzin ayrılmaz elementləridir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımızın dövlət rəmzi kimi istifadəsinə son qoyulsa da, onun ifadə etdiyi istiqlal ideyası xalqımızın yaddaşından silinmədi. Bayraq azadlıq düşüncəsinin, milli özünüdərkin və müstəqil yaşamaq istəyinin rəmzi olaraq yaşadı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi. Bu tarixi addım milli dövlətçilik ənənələrinin bərpası yolunda mühüm hadisəyə çevrildi. Həmin sessiyada muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması barədə də qərar qəbul edildi. Ulu Öndər bu hadisəni xatırlayaraq demişdir: “1990-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq”.

Millət vəkili onu da bildirib ki, Naxçıvanda atılan bu cəsarətli addım Azərbaycanın müstəqilliyə doğru irəlilədiyi tarixi şəraitdə xüsusi əhəmiyyət daşıyırdı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı yenidən Dövlət Bayrağı elan etdi. Həmin il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi dövlət rəmzlərini bərpa etdi. Beləliklə, üçrəngli bayrağımız müstəqil dövlətimizin səmasında yenidən qürurla dalğalanmağa başladı. Ümummilli Lider Heydər Əliyev dövlət rəmzlərimizin mənəvi gücünü yüksək qiymətləndirərək bildirmişdir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”. Azərbaycan Respublikasının Dövlət Bayrağı Konstitusiyamızla qorunan ali dövlət rəmzlərindən biridir. Onun fiziki təsviri, rəngləri və elementlərinin yerləşməsi qanunvericiliklə müəyyən edilir. Bayrağa hörmət hər bir vətəndaşın konstitusion borcudur. Çünki dövlət rəmzlərinə ehtiram göstərmək Vətənə, xalqa və müstəqil dövlətimizə sədaqətin ifadəsidir. Bakıda yaradılmış Dövlət Bayrağı Meydanı da bu müqəddəs rəmzə verilən yüksək dəyərin təcəssümüdür. Meydanın 2010-cu il sentyabrın 1-də keçirilmiş açılışı, Dövlət Bayrağı Muzeyinin yaradılması dövlətçilik tariximizin və milli rəmzlərimizin təbliği baxımından əlamətdar hadisələrdir.

Bu gün üçrəngli bayrağımız Azərbaycanın beynəlxalq aləmdə tanınmasının, dövlət suverenliyinin və milli birliyinin rəmzidir. O, ölkəmizin şəhər və kəndlərində, dövlət müəssisələrində, təhsil ocaqlarında, beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanaraq xalqımızın müstəqil dövlətə sahib olmaq əzmini nümayiş etdirir. Bayrağın müqəddəsliyi yalnız onun ucaldıldığı meydanlarla ölçülmür. Onun həqiqi mənası hər bir insanın qəlbində yaşatdığı Vətən sevgisində, dövlətinə sədaqətində, milli dəyərlərinə münasibətində özünü göstərir. Xüsusilə gənc nəslin bayrağımızın tarixini, rənglərinin mənasını və müstəqilliyimizin hansı mübarizələr bahasına qazanıldığını dərindən bilməsi mühüm əhəmiyyət daşıyır. Dövlət Bayrağı Günü bizi bir daha milli kimliyimiz ətrafında sıx birləşməyə, müstəqilliyimizin qədrini bilməyə və dövlətçilik ənənələrimizi gələcək nəsillərə ötürməyə çağırır. Üçrəngli bayrağımız keçmişimizlə gələcəyimiz arasında mənəvi körpü, xalqımızın birlik və həmrəylik andıdır-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-11-2026