Mobil versiya
Elçin Əsədov: “Ərazilərimizin sürətlə azad olunması Ali Baş Komandanımızın və ordumuzun qüdrətinin göstəricisidir”
Tarix: 05-11-2020 | Saat: 15:27
Bölmə:Gündəm | çapa göndər

Elçin Əsədov: “Ərazilərimizin sürətlə azad olunması Ali Baş Komandanımızın və ordumuzun qüdrətinin göstəricisidir”





“Düşmənin beş il ərzində işğal etdiyi torpaqların böyük bir hissəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu tərəfindən bir ay ərzində azad edilib. Nəzərə alsaq ki, işğaldan keçən 30 il ərzində erməni işğalçıları həmin ərazilərdə necə möhkəmləndirilmiş istehkamlar yaratmışdılar, bu zaman şanlı ordumuzun gücünü və Ali Baş Komandan cənab İlham Əliyevin yüksək komandanlıq qabiliyyətini daha aydın görmək olar.” Bu sözləri aia.az saytına verdiyi müsahibəsində Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədov demişdir.


Əməkdaşımızın suallarını cavablandıran Elçin Əsədov bildirmişdir ki, onun fikrincə Azərbaycan ordusunun torpaqlarımızın azad edilməsi istiqamətində zəfər yürüşü kifayət qədər yüksək sürətlə davam edir: “Siz də bilirsiniz ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 4-dək 4 şəhər, 3 qəsəbə və 199 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 77 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 46 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 23 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub. İndi həmin torpaqlarda üçrəngli Azərbaycan bayrağı dalğalanır. Bu çox böyük göstəricidir və birmənalı olaraq Azərbaycan Ordusunun üstünlüyünə dəlalət edir. Ermənistan torpaqlarımızı işğal etməklə və burada qanunsuz məskunlaşdırma aparmaqla elə düşünürdü ki, Azərbaycan sona qədər buna dözəcək və susub oturacaq. Amma Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz bütün istiqamətlərdə - ordu quruculuğu, diplomatiya və siyasət sahələrində öz işini görürdü. Bu gün döyüş meydanında qazandığımız nailiyyətlər güclü maddi-texniki bazaya, peşəkar kadrlara və döyüşkən əsgərlərə malik ordumuzun sayəsində mümkün olub.”

Həmçinin Elçin Əsədov Azərbaycanın apardığı bu Vətən müharibəsinin müasir hərb sənətinə böyük təsiri olacağı və bu səbəbdən bir çox qəbul olunmuş meyarların dəyişəcəyi ehtimalının da yüksək olduğunu söyləmişdir: “Artıq bir çox xarici informasiya agentliklərinin reportajlarında Azərbaycanın öz torpaqlarının azad olunması uğurunda apardığı döyüş əməliyyatlarının dünyanın əksər orduları tərəfindən diqqətlə izləndiyi və tətbiq olunan döyüş taktikasının öyrənildiyi barədə məlumatlar təqdim edilir. Əksər ekspertlərin rəyinə görə Azərbaycan Ordusu lokal döyüş taktikası baxımından bir çox yeniliklər tətbiq edir və böyük üstünlüyə malikdir. Bu isə əlbəttə ki, ordumuzun yüksək hazırlıq səviyyəsindən xəbər verir. Həmçinin Ali Baş Komandan cənab İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi, bu gün Azərbaycan Ordusunun sərəncamında ən müasir silahlar, yüksək texnologiyalar vardır. O cümlədən düşmənin döyüş texnikasının və canlı qüvvəsinin məhv edilməsində pilotsuz uçan aparatlardan geniş istifadə olunması taktikası bundan sonrakı dövrdə ağır zirehli hərbi texnikanın səmərəlilik məsələsini də sual altına ala bilər. Bütün bunlar bizə bir daha əmin olmağa əsas verir ki, düşmən tezliklə torpaqlarımızdan tamamilə qovulub çıxarılacaq və Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı azad olunmuş rayon və şəhərlərimizi yenidən həyata qaytarmaq üçün vüsətli quruculuq işlərinə başlayacaq.”

aia.az
Abbas Abbasov
Elıbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024