Mobil versiya
Zəfərimizin əbədi yaşayan böyüklüyü
Tarix: 03-11-2026 | Saat: 11:53
Bölmə:Siyasət | çapa göndər

Zəfərimizin əbədi yaşayan böyüklüyü

8 Noyabr Azərbaycan tarixinin yalnız təqvimdə xüsusi yer tutan günü deyil. Bu tarix xalqımızın milli iradəsinin, dövlətçilik əzminin və tarixi ədalətə inamının möhtəşəm təntənəsidir. Zəfər Günü onilliklər boyu qəlbimizdə yaşatdığımız torpaq həsrətinin sona çatmasının, milli qürurumuzun bərpasının və Azərbaycanın öz taleyinə sahib çıxmaq qüdrətinin rəmzinə çevrilib.

Müstəqil Azərbaycanın bugünkü gücünün təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır. Ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyimiz ciddi təhlükələrlə üzləşəndə, ölkədə siyasi xaos və iqtisadi böhran hökm sürəndə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Dövlət idarəçiliyində sabitliyin yaradılması, milli maraqlara söykənən siyasətin formalaşdırılması, iqtisadi potensialın səfərbər olunması və beynəlxalq əlaqələrin genişləndirilməsi sonrakı inkişafın möhkəm əsaslarını qurdu.

Ordu quruculuğuna verilən önəm, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi həmin strategiyanın mühüm istiqamətləri idi. Deməli, 2020-ci ilin Zəfəri qəfil yaranmış hadisə deyil, dövlətin bütün sahələrdə məqsədyönlü inkişafının bəhrəsi idi.

Ulu Öndərin siyasi kursunu yeni dövrün reallıqlarına uyğun şəkildə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qarşıya qoyulan tarixi məqsədə çatmaq üçün ardıcıl və çoxşaxəli fəaliyyət göstərdi. Ölkənin iqtisadi gücünün artırılması, enerji strategiyasının uğurla həyata keçirilməsi, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi, müasir ordu quruculuğu və müdafiə sənayesinin inkişafı bir-birini tamamlayan istiqamətlər kimi reallaşdırıldı. Bu siyasət Azərbaycanın təkcə hərbi deyil, diplomatik və iqtisadi baxımdan da müstəqil qərar qəbul etmək imkanlarını genişləndirdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi həmin hazırlığın, siyasi iradənin və milli birliyin sınağı oldu. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanında misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Ordumuzun uğurları xalqın iradəsi, arxa cəbhənin fədakarlığı və bütün cəmiyyətin vahid məqsəd ətrafında birləşməsi ilə tamamlandı. Prezident İlham Əliyevin müharibə günlərində xalqa müraciətləri, beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr Azərbaycanın mövqeyini dünyaya çatdırdı, informasiya müstəvisində ölkəmizə qarşı aparılan kampaniyalara tutarlı cavab oldu.

Noyabrın 8-də Şuşanın azad edilməsi Zəfər salnaməsinin zirvə məqamlarından biri oldu. Qədim şəhərin qayalıqları, dar küçələri və tarixi məkanları uğrunda aparılan döyüşlər Azərbaycan əsgərinin cəsarətini, döyüş hazırlığını və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. Çünki Şuşa Azərbaycan mədəniyyətinin, musiqisinin, ədəbiyyatının və tarixi yaddaşının canlı rəmzidir. Prezident İlham Əliyevin həmin gün xalqa müraciətində səsləndirdiyi “Şuşa, sən azadsan!” müjdəsi milyonlarla insanın illərlə gözlədiyi qayıdışın müjdəsi idi.

Zəfərin arxasında, ilk növbədə, şəhidlərimizin müqəddəs fədakarlığı, qazilərimizin qəhrəmanlığı dayanır. Bu Qələbənin hər səhifəsi Vətən uğrunda canından keçənlərin əziz xatirəsi ilə yazılıb. Zəfər Günü həm də bu müqəddəs borcu xatırladır: qazanılmış tarixi nailiyyətə layiq olmaq, şəhidlərin əmanətini qorumaq, dövlətimizin gücünü və birliyini daha da möhkəmləndirmək.

44 günlük müharibənin nəticələri Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ yaratdı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin suverenliyi bütün ərazimizdə tam bərpa olundu. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri isə Qələbənin yalnız hərbi nəticə olmadığını, onun yeni inkişaf mərhələsinin başlanğıcına çevrildiyini təsdiqləyir. Doğma yurdlarına qayıdan ailələr, yenidən qurulan şəhər və kəndlər, yaradılan infrastruktur Zəfərin real həyatda davam edən təcəssümüdür.

Bu gün 8 Noyabrın mənası keçmişə qürurla baxmaqdan daha genişdir. Zəfər müstəqilliyin məsuliyyətini, suverenliyin qorunmasının vacibliyini və gələcək nəsillər qarşısında borcumuzu xatırladır. Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan öz gücünə arxalanan, milli maraqlarını qətiyyətlə müdafiə edən və regionda yeni reallıqlar yaradan dövlətə çevrilib.

Zəfər eyni zamanda milli həmrəyliyin nə qədər böyük qüvvə olduğunu təsdiqlədi. Müxtəlif siyasi baxışlara və sosial mövqelərə malik insanların Vətən naminə vahid amal ətrafında birləşməsi dövlətin dayanıqlığını daha da artırdı. Bu birlik gələcək uğurlarımızın da mühüm təminatıdır.

Zəfər Günü xalqımızın yaddaşında əbədi yaşayacaq. Çünki bu Qələbə yalnız azad edilmiş torpaqların deyil, milli ləyaqətin, tarixi ədalətin və gələcəyə inamın təntənəsidir. Azərbaycan xalqı öz birliyini, iradəsini və qurub-yaratmaq əzmini nümayiş etdirərək sübut etdi ki, qarşıya qoyduğu ali məqsədlərə çatmaq qüdrətinə malikdir. Bu günün şərəfi həm də sabahın məsuliyyətidir. Zəfərimizin böyüklüyünü qorumaq, onu inkişaf, tərəqqi və güclü dövlətçiliklə möhkəmləndirmək hər birimizin vətəndaşlıq borcudur.

Qurban Qaraisayev,
YAP Balakən rayon təşkilatının sədr müavini.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-11-2026