Mobil versiya
Könül Nurullayeva: “Azərbaycan regional sülhün qorunmasında əsas faktordur”
Tarix: 05-10-2020 | Saat: 20:42
Bölmə:Manşet / Siyasət | çapa göndər

Könül Nurullayeva: “Azərbaycan regional sülhün qorunmasında əsas faktordur”


Məlum olduğu kimi, Cənubi Qafqaz regionu özünün geosiyasi mövqeyinə görə şərq-qərb iqtisadi əməkdaşlığı baxımından dünyanın kilid nöqtələrindən biri hesab olunur. Ən azından bu gün bir çox Avropa ölkələrinin enerji resursları ilə təhlükəsiz təminatı məsələsi məhz bu regionda, Cənubi Qafqazda sülhün və əməkdaşlığın mövcudluğunu zəruri şərtlərdən biri kimi tələb edir. Elə son illər Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artması, dünya və Avropa dövlətlərinin ölkəmizlə əməkdaşlığa üstünlük vermələri də Azərbaycanın regional sülhün qorunmasında müstəsna rolu və bütün ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığa açıq olması ilə izah olunur.
Bu fikirləri saytımıza verdiyi açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib. Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin 2003-cü ildən bəri yürütdüyü daxili və xarici siyasət Azərbaycanla yanaşı, bütövlükdə regionun inkişafının təmin olunmasına əlverişli zəmin yaradıb. Bununla belə bəzi qüvvələr Azərbaycanın bu mehriban qonşuluq və dostluq prinsiplərinə üstünlük verməyindən sui-istifadə etməyə çalışmışlar. Son 30 ildə Ermənistanın beynəlxalq birlik tərəfindən qəbul edilən baza prinsiplərindən imtina etməsi sülh danışıqlarının nəticəsiz qalmasına zəmin yaratdı.
Öz açıqlamasında millət vəkili Ermənistan iqtidarının yürütdüyü işğalçı siyasətin, xüsusilə son bir ildə Paşinyan hökumətinin Azərbaycana qarşı təxribatçı davranışlarının yolverilməz olduğunu qeyd edərək, hazırda yaranmış vəziyyətə görə, həmçinin Azərbaycan Ordusunun öz ərazilərini işğaldan azad etmək uğrunda apardığı döyüşlərin nəticəsində erməni xalqını gözləyən daha böyük iqtisadi və siyasi böhrana görə bütün məsuliyyətin birbaşa Ermənitanın hərbi-siyasi hakimiyyətinin üzərinə düşdüyünü bildirmişdir. Könül Nurullayeva həmçinin qeyd etmişdir ki, əgər erməni xalqı bundan sonra da regional inkişafı təmin edən layihələrdən kənarda qalmaq, yoxsulluq içərisində və daimi terror təhdidi altında yaşamaq, ən əsası da öz övladlarını Paşinyan kimi diletantların şəxsi ambisiyaları naminə digər ölkələrin ərazilərində ölümə göndərməyə davam etmək istəmirsə, mövcud siyasi rejimə qarşı qətiyyətlə çıxış etməyin vaxtıdır. Bununla belə, millət vəkili Rəsmi Bakının heç zaman hansısa bir ölkənin daxili işlərinə qarışmaq niyyətinin olmadığını da vurğulamışdır: “Bununla belə, istənilən ölkənin yürütdüyü siyasət Azərbaycanın maraqlarına, ərazi bütövlüyünə və suverenliyinə təhdid xarakteri alarsa, bu zaman Azərbaycanın həmin təhdidi aradan qaldırmaq üçün bütün mövcud imkanlardan istifadə etmək hüququ var.”
Hazırda Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın azad olunması məqsədilə aparılan hərbi əməliyyatları şərtləndirən amilləri qeyd edən millət vəkili həmçinin bildirib ki, bu gün Ermənistanın işğalçı siyasəti sadəcə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı deyil, eyni zamanda regional sülhə ciddi təhlükə törətməkdədir. Məhz bu səbəbdən də Azərbaycanın özünün ərazi bütövlüyünü bərpa etməklə yanaşı, bütövlükdə regional təhlükəni aradan qaldırmaq missiyasını da öz üzərinə götürmək zərurəti yaranmışdır.
Sonda Könül Nurullayeva bir daha əmin olduğunu bildirmişdir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlar ən qısa zamanda tarixi torpaqlarımızın azad olunması ilə başa çatacaqdır.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə