Mobil versiya
“CİHAD ELƏMƏK” ÜÇÜN TRİBUNA AXTARAN MOLLANƏSRƏDDİNÇİ MİRZƏ CABBAR ƏSGƏRZADƏ
Tarix: 28-08-2020 | Saat: 09:47
Bölmə:Yazar2 | çapa göndər

“CİHAD ELƏMƏK” ÜÇÜN TRİBUNA AXTARAN MOLLANƏSRƏDDİNÇİ MİRZƏ CABBAR ƏSGƏRZADƏ


(Anadan olmasının 135 illiyi münasibətilə)


Köhnə dimağları, düşüncələri, ümumiyyətlə, tarixin çarxını yeni yola salmağı, dünyanı çirkablardan təmizləməyi, yer üzünə yeni baxış, yeni düşüncə, azadlıq və səadət gətirməyi qarşısına məqsəd qoyanlardan biri də mollanəsrəddinçi maarifçi-pedaqoq Mirzə Cabbar Əsgərzadə (1885-1966) olmuşdur. XX əsrin ilk illərində Azərbaycanın şəhər və kəndlərində kök salan cəhalətin, fanatizmin, avamlığın, geriliyin, dünyəvi təhsildən geridə qalmağın acı nəticələrindən təsirlənən Əsgərzadə bu vəziyyətə qarşı “Məhkəmə pişiyi”, “Leylək” kimi gizli imzalarla “cihad eləmək” üçün tribuna axtarırdı.
Mirzə Cabbar Əsgərzadə gənclərə elə tərbiyə verməyi irəli sürürdü ki, o tərbiyə ictimai həyatın düzgün inkişafına, maarifin, mədəniyyətin irəliləməsinə, mühafizəkar əxlaq normalarının aradan qaldırılmasına, həyatın inkişafına mane olmağa çalışan köhnəlmiş əxlaq normalarının, tərbiyə sisteminin, pis adət-ənənələrin aradan qaldırılmasına kömək etsin və onun üçün bir vasitə olsun. Görkəmli maarifçi pedaqoq bəşəriyyətin inkişaf mərhələsinə mane olan ayrıseçkilik yaradan burjua əxlaq normalarını şiddətli tənqid atəşinə tutmaqla kifayətlənməyib, həm də bu sistemin söykəndiyi hakimiyyətə, sarsılmış dövlət quruluşuna və mütləqiyyətə qarşı çıxırdı. Əsgərzadə dövrün nöqsanlarının mahiyyətini yaxşı bildiyi üçün müxtəlif təbəqələrə mənsub olan adamların daxili aləmini, dünyagörüşlərini, psixologiyasını açıb göstərə bilmişdir. Bu priomları bəzən yuxu vasitəsilə, bəzən nitqlər söyləməklə, bəzən də şeirlər deməklə təzahür etmidir. İstismarçılar cəmiyyətində yaşayan tüfeyli adamların əxlaq tərbiyəsini mollanəsrəddinçi Mirzə Cabbar Əsgərzadə “Məhkəmə pişiyi” imzası ilə jurnal səhifələrində təsvir edirdi. “Balaca felyeton” şeirində yuxarıda qeyd etdiyimiz çatışmazlıqları satirik dili ilə çox gözəl təsvir edir və onların özlərini öz dilləri ilə ifşa edir və iç üzünü açır.

Vəz – Xalqı vəz eyləyirəm hiylə və əfsanə ilə
Həkim – Seçməsəm kim naxoş olsa mən onun illətini,
Onda dərmanlarımı hər qədər olsa sınaram.
Molla – Gündə bir övrətə mən on kərə kəbin kəsərəm,
Hərəsindən oların altıca şahi alaram.
Mərsiyəxan – Başlaram şurilə şahnaz səri- minbərdə,
Hey, ağam vay, deyərəm, qışqıraram, bağıraram.
Əyan – Məni tənqid eləyən olsa qəzetlərdə yəqin,
Pul qoyub çalışaram ol işin üstün açaram.
Bəzzaz – Nə qədər kasıb adam olsa, onu aldadaram,
Arşınından çitimik bir şahı artıq alaram.
Baqqal – Dükanımda satılan qatıq əgər köhnəlsə,
Torbaya dolduraram mən onu, bir də sataram.
Aşpaz – Yay günü bozbaş əgər satılmayıb qalsa,
Mən onu duzlayıb üç gün eləcə saxlayaram.
Dərviş – Pul yığıb, cuşə gəlib, şövqilə yahu deyərəm,
Çox tüfürcək dağıdıb, xalqın üzün isladaram.
Qəzetçi – Mən qəzet yazmağa çox zəhmət ilə izn alaram,
Çalışıb milləti qandırmağa sözlər yazaram [Bax: “Molla Nəsrəddin” jurnalı, 1911, №29].

Mirzə Cabbar Əsgərzadənin çap etdirdiyi bu şeirdə müxtəlif dünyagörüşlü, müxtəlif əqidəli, müxtəlif sənət sahibləri öz ürək sözlərini deyir, onların hərəsi özünəməxsus dildə danışır, öz-özünəməxsus bir məharətlə zəhmətkeş xalqı soymaqdan, aldatmaqdan həvəslə söhbət açır. Mirzə Cabbar Əsgərzadə göründüyü kimi, hər bir peşə sahiblərinin piz mərəzlərini açıb göstərməklə, həm də onları o cümlədən Vətənə həqiqi xidmət etməyə çağırırdı. Yazırdı ki, öz həyatının mənasını insanların azadlığı və xoşbəxtliyində görən və onun uğrunda dönmədən mübarizə aparan və bu mübarizədə qalib gələn, öz dostu ilə düşmənini tanıyan və habelə insanları tanıtdıran möhkəm iradəli və qorxu bilməyən gənclər tərbiyə olunmalıdır. Mollanəsrəddinçi Əsgərzadənin tənqid atəşinə tutduğu nöqsanları düzəltməyə çalışması, onun vətənpərvərliyindən irəli gəlirdi. Onun tənqidi, şiddətli satirası, uzaq görənliyi, gələcəyə inamı, xalqını sevməsi onun vətənpərvərliyinin qırılmaz hissəsidir.

Mirzə Cabbar Əsgərzadə öz yaradıcılığında insanları həmişə cəmiyyət üçün faydalı əməyə çağırır. O, başqasının əməyi ilə şəxsi mülkiyyətini çoxaldıb xoşbəxt həyat keçirən imtiyazlı insanların əxlaqını kəskin tənqid edir. Mollanəsrəddinçi şairə görə əmək nəinki insanların yaşayışının və inkişafının mənbəyidir, əmək eyni zamanda insanların ən yaxşı əxlaqi sifətlərinin və mənəvi keyfiyyətlərinin mənbəyidir. Mirzə Cabbar Əsgərzadə qeyd edir ki, əməksiz insan həyatı mövcud deyil, əməksiz insan cəmiyyəti və onun mədəniyyəti inkişaf edə bilməz, işləməyən, çalışmayan adam xoşbəxt ola bilməz.
Mirzə Cabbar Əsgərzadənin yaradıcılığı “Molla Nəsrəddin” jurnalındakı çıxışları bizi belə fikir söyləməyə əsas verir: Şərqinin əksəriyyətinin xüsusiyyəti ondan ibarətdir ki, hər bir məsələnin həllini dövlətlilərə tapşırmışlar, zəhmətkeşlər öz taleyini imtiyazlı siniflərə həvalə etmişlər. Onlar özləri öz yaradıcılıqlarına inanmamışlar. Bu xüsusiyyət Şərq istibdadının bir nəticəsi olmuşsa da müsəlman fanatizminin nəticəsi olmuşdur: “alnına nə yazılıbsa elə də olacaqdır”, “qismətdən artıq yemək olmaz”, “olacağa çarə yoxdur” və s. kimi dini məzmun daşıyan sözlər zəhmətkeş insanları cəsarətli işdən, faydalı əməkdən uzaqlaşdırır.

Mirzə Cabbar Əsgərzadə tənbəlliyə qarşı dönmədən mübarizə aparmışdır. Tənbəllik, ətalət, bekarçılıq insanın şərəfini aşağı salır, ömrünün bihudə getməsinə səbəb olur və belə adamlar cəmiyyətə öz xalqına faydalı əməyi ilə xeyir vermir, öz gözəl ömrünü tənbəllikdə, avaraçılıqda, bekarçılıqda keçirən adamlar cəmiyyətin ağır yükündən başqa bir şey deyildir. Tənbəllik insanın həyatında ən böyük bədbəxtlikdir. Ömrünü tənbəllikdə keçirən adamlar hökmən başqasının əməyindən istifadə edir və onun hesabına yaşayır. Belə adamlar həmişə başqalarına möhtacdırlar. Tənbəllik insan həyatını zəhərləyir, onu cəmiyyətin ən alçaq bir fərdinə çevirir. Əksinə, fiziki əməkdə iştirak edən şəxs kamilləşir, həyatı yaxşılaşır, əxlaqı gözəlləşir, hər cür pis əməllərdən uzaqlaşır, cəmiyyət üçün yararlı şəxsə çevrilir. Qeyd olunur ki, tənbəllik insanın əxlaqına pis təsir edir. Bunun nəticəsində adamda bir sıra xoşagəlməz mənfi əxlaqi sifətlər yaranır və bunun nəticəsində insan uçuruma gedir.

Bu münasibətlə Mirzə Cabbar Əsgərzadə – “Məhkəmə pişiyi” imzası ilə yazırdı. Onun jurnalda çap etdirdiyi “Təfaxür” şeirində əməkçi insanları istismar edən müftəxor insanlar tənqid atəşinə tutulur:

Uzadıb saqqalımı, peysərimi bərkidərəm,
Gündə bir tövr müsəlmanlara təzvir edərəm,
Həq danışsa kim, onu fövricə təkfir edərəm.
Haşa lillah ki, bu əxlaqımı mən tərk edərəm.
Küpədə milləti qatıq kimi mən çalxalaram,
Kərəsin işlədərəm, ayranını həm yalaram.

Əməkçi insanların halal əməyini mənimsəyən, haram yolla qazandığı pullarla kef görən müftəxorları satira atəşinə tutan Mirzə Cabbar Əsgərzadə xalqın halallıq, işgüzarlıq və əmək tərbiyəsinin keşiyində ayıq-sayıq dayanan bir mollanəsrəddinçi və maarifçi kimi özünü göstərir:

Minmişəm onları, hər bir tərəfə mən sürərəm,
Hər nə onlar qazanar mən yeyərəm kef görərəm.
Soraram qanlarını, canlarını həm üzərəm,
Kimsə bilməz, nə qədər gizlin iş olsa, görərəm,
Küpədə milləti qatıq kimi mən çalxalaram,
Kərəsin işlədərəm, ayranını həm yalaram.

M.C.Əsgərzadə köhnə cəmiyyətin, köhnə adamların psixologiyasını, zəif iradələrini, yöndəmsiz əxlaqi sifətlərini, durğun həyat keçirmələrini, öz şəxsi mənafelərini hər şeydən üstün tutmalarını hamıdan yaxşı bilir və görürdülər, ona görə də Əsgərzadənin yazdığı şeir həyatidir, real həyatı olduğu kimi canlandırır.

Müftə çay, müftə şəkər, müftə badımcandı mənim,
Müftə aş, müftə plov, müftə fisincandı mənim,
Müftə hörmətdi mənim, müftəcə qəlyandı mənim,
Müftədir rəng, həna, saqqalım əlvandı mənim,
Küpədə milləti qatıq kimi mən çalxalaram,

Kərəsin işlədərəm, ayranını həm yalaram [Bax: “Molla Nəsrəddin” jurnalı, 1911, №31].
– deyən mollanəsrəddinçi şair M.C.Əsgərzadə əməkçi insanları istismar edən müftəxorları satira atəşinə tutan bir maarifçi kimi pedaqoji fikir tarixi üçün layiqli irs qoymuşdur.

Yeni fikir, yeni düşüncə və milli təfəkkürün inkişafında yorulmadan çalışan və əsərlərində ancaq öz mənfəətini düşünən molla, vaiz, şeyx, axund, qazı, məmur kimilərin ifşasına xüsusi yer verən M.C.Əsgərzadə ariflə zahidi, mədəniyyətlə cəhaləti, elm ilə dində olmayıb dinə gətirilən şəriət qanunlarını qarşı-qarşıya qoyur. Minbərdən moizə söyləməyi xalqı soymaq üçün bir vasitə, “çapqınçılıq aləti” adlandırır. Əsgərzadə “Məhkəmə pişiyi” imzası ilə yazdığı bir çox əsərlərində, xüsusən taziyanələrində, qitələrində bilavasitə yalançı mollaları, zahidləri “elmsiz yoxsulların, fəqirlər evinin oğru pişiyi” adlandırır. Şairin satiralarında ariflər, xalqın maariflənməsinə çalışan qabaqcıl ziyalılar riyakar zahidlərə qarşı qoyulur. Xüsusən, 1905-ci il hadisələrindən sonra xalq arasında mütərəqqi ziyalıların çoxalması, xalqın nisbətən ayılıb öz haqqını anlaması, dünyəvi elmlərə marağın artması ruhanilərin təşvişinə səbəb olur. Satiradan məlum olur ki, zahidin belə xoş, firavan günlərinin əldən getməsinə səbəb ariflər, “qəzet-jurnal yazanlar” yəni Mirzə Ələkbər Sabir, Əli Nəzmi kimi xalqı qaranlıq dünyadan, zülmətdən işıqlı dünyaya aparmağa ciddi cəhd göstərən maarifçilər olmuşlar.

Əli Nəzminin “Kefsiz” imzası ilə “Molla Nəsrəddin” jurnalının 22-ci nömrəsində yazdığı “İzhari-qədrdani” şeirinin təsirindən qaynaqlanan “Çıxdı əldən” satirasında ruhanilər, şəriət məddahları keçmişi, xalqın avamlıq çağlarını yenidən geri qayıtmasını ürəkdən arzu edirlər. Keçmiş xoş günlərini gözləyən zahidlərdən birinin dilindən yalançı ruhanilərin arzusu eşidilir:

Çıxdı əldən, ah, əfsus, ol gözəl dövranımız,
İşləyirdi xalqa hərdən hökmümüz, fərmanımız,
Xasü əma busəgah olmuşdu bu damanımız,
İndi təsir etməz amma vəzimiz, ünvanımız,
Xalqa, vallah, neyləyim, od tutdu, yandı canımız.

Satirada ruhanilərin ikiüzlülük və əxlaqsızlığını, xalqa biganəliyini, eyş-işrət və şəhvət düşkünü olduğunu görürük.

Qoymaz idi yanımızdan kimsə bir yana qədəm,
Ya şəkər, ya pul yağırdı başımızdan dəmbədəm,
Gəlmiş indi ərsəyə, var bir neçə əhli-qələm,
İztiyad etməkdədir dərdim, qəmim, hey lacərəm,
Öldürür axır məni bu dərdi-bidərmanımız.

Müəllif xüsusi ustalıqla ruhanilərin zahiri və batini cizgilərini, mənfi sifətlərini onların öz dili ilə verməklə portret yaradır. Şeirdə ruhanilər sanki öz tərcümeyi-hallarını danışır, mənfi, nalayiq əməllərini sadalamaqla özlərini oxucuya tanıdırlar. Bu da şairin ifşa və tənqid üsullarından biridir.

Cəm idi hər vəqt yanımda müridanım mənim,
Əskinas ilə dolurdu boş cibişdanım mənim,
Höccət idi xalqa hər bir qövli-böhtanım mənim,
Uf acındım, yandım, Allah, getdi dövranım mənim!

Ədlimə yoxdur bazarda qol qoyan heyvanımız [Bax: “Molla Nəsrəddin” jurnalı, 1911, №24].
Mirzə Cabbar Əsgərzadə vətənin gələcəyi ilə maraqlanmayan, xalqın azadlığı, xoşbəxtliyi üçün heç bir iş görməyən, onun gələcəyini düşünməyən tüfeyli həyat keçirməklə, ömrünü başa verən adamları pisləyirdi. Vaxtını eyş-işrətdə keçirən atanın pulunu eninə-uzununa kef məclislərində keçirən faydalı əməyin nə demək olduğunu bilməyən burjua əxlaqını “Molla Nəsrəddin” jurnalında şiddətli tənqid etmişdir.

M.C.Əsgərzadəyə görə tərbiyənin məqsədi Vətənini, xalqını qəlbən sevən, elmli, təhsilli, saf mənəviyyatlı, sağlam əqidəli, geniş dünyagörüşlü, əməksevər, mərd, mübariz, vətənpərvər şəxslər yetişdirməkdən ibarətdir. O, Nəcəf Bəy Vəzirovun yaradıcılığında olduğu kimi, tərbiyənin sinfi xarakterdə olduğunu göstərmiş və sübut etmişdir ki, nəcib əxlaq, saf mənəviyyat məhkum sinifdə, əməkçi xalqda daha parlaq təzahür edir. Əxlaq tərbiyəsindən bəhs edərkən Əsgərzadə haqlı olaraq antaqonist siniflərin olduğu cəmiyyətin mahiyyətindən irəli gələn, adamlarda daha çox özünü göstərən acgözlük, mənsəbpərəstlik, fərdiyyətçilik, xəsislik, tamahkarlıq, lovğalıq, paxıllıq, yaltaqlıq, kobudluq və s. kimi sifətləri kəskin tənqid etmişldir.
M.C.Əsgərzadənin yaradıcılığında tənqid etdiyi mənfi əxlaqi sifətlərdən biri sərxoşluqdur. Maarifçi-pedaqoq “Ər deyil” adlı satirik şeirində qeyd edir ki, artıq içki insanları fiziki cəhətdən şikəst etdiyi kimi, onların şüurunu, mənəviyyatını və əxlaqını da zəhərləyir, nəhayətdə bir ailənin dağılması ilə nəticələnir. Yaşamağın mənasını “çaxır, konyak, pivə, araq” içməkdə görən, öz şəxsi hissləri ilə yaşayan, mənliyini içkiyə qurban verməyə hazır olan “ərin” xüsusiyyətlərini arvadın dili ilə təsvir edir və əri xalq içində rüsvay edir.

Ay canım, bu zalım oğlu bir qabandır, ər deyil,
Şümürdür, cəlladdır, bu, can alandır, ər deyil.
Bir zaman mən görmədim keflənməyib gəlsin evə,
Zəhrimar olsun, içir hər gün çaxır, konyak, pivə,
Öylə ki, gəldi evə, onda dönür vəhşi divə.
Çərlədim, vallahi, bu hər gün piyandır, ər deyil,
Şümürdür, cəlladdır, bu, can alandır, ər deyil.

Mirzə Cabbar Əsgərzadə qeyd edir ki, sərxoşluq ailə kollektivinin sağlamlığına ağır zərbə vurur. Şair sərxoşluğun daxili mərəzlərini açmaqla oxucuya

iyrənc sifətlərə nifrət hissi aşılamağa çalışır.
Gündə bir başım yarar, tapdar məni nahaq yerə,
Yanmaram, öldürsə gər, təqsirim olsa bir kərə,
Dərdini qıysın, görüm, tanrı özü böylə ərə,
Bu adamcıl qurtdur, övrət tapdayandır, ər deyil

Şümürdür, cəlladdır, bu, can alandır, ər deyil [Bax: “Tuti” jurnalı 1915, №4].

Bu parçadan aydın görünür ki, artıq sərxoşluq insanda vicdan, qeyrət, namus kimi gözəl, nəcib hissləri də boğur, bunun inkişafına mane olur. Bu cür pis adətlə məşğul olan şəxslərin öz mənliyini, ləyaqətini, namusunu qorumağa qeyrəti çatmaz. Şeirin məzmunundan aydın olur ki, içkiyə aludə olan şəxslər vətənin, xalqın şərəfini heç vaxt müqəddəs hesab edə bilməz, vətəndaşlıq ləyaqətini qoruyub saxlaya bilməz. Namussuz, qeyrətsiz şəxslərdən hər cür çirkin hərəkətlər gözləmək olar, hətta onlar Vətəni, xalqı satar, ona xəyanətkarlıq edə bilərlər. Buna görə Əsgərzadə yaradıcılığında belə “ərləri” əxlaqlı adam hesab etməmiş, gənclərdə mənəvi zənginliyin və əxlaqi saflığın ən mühüm əlaməti kimi qiymətləndirdiyi qeyrət, namus və ləyaqəti qorumağa səsləmiş, vətən övladlarına heç vaxt belə yola düşməməyi tövsiyə etmişdir.

Mirzə Cabbar Əsgərzadənin fikrincə, ailədə kişinin bütün sahələrdə hökmran olması, tərbiyə məsələlərində öz qadını ilə hesablaşmaması tərbiyənin düzgün qurulmamasına səbəb olur. Qısa və dərin mənaya malik olan “Molla əmi” satirasında qadın ləyaqətini tapdalayan, onun hisslərini, istək və arzularını boğan siğəbazlıq və çoxarvadlılıq kimi mənəvi eybəcərlikləri tənqid hədəfinə çevirir və pisləyir. Bu şeirdə də, şair, qadını insan yerinə qoymayan köhnəpərəst, hiyləgər və çoxarvadlı olmaq eşqinə düşən 60 yaşlı Məşədi Zamanın cizgilərini çəkir. Məşədi Zamanın məqsədi Məşhədə ziyarətə getmək və fikri orada özünə azyaşlı qız uşağı siğə etdirməkdir. Bu fikrinə arvadı qarşı çıxdıqda isə onu söyüb təhqir edir.

Molla əmi, bu başı batmış kişi,
Sinni keçib altmışa çatmış kimi,
Qeyrət, namusunu atmış kişi,
Başımı min əngələ qatmış kişi,
Məşqə düşübdür ki, gedə Məşhədə,
Orda edib siğə çata məqsədə,
İstəyirəm, getmə deyim hər vədə,
Mənlə o saat eləyir ərbədə:
Kəs donuzun doğduğu, dinmə hələ,
Mən qayıdınca burada səbr elə.

Təsvir edilmiş bu söhbətdə o dövrün ailə tərbiyəsi aydın və bədii şəkildə verilmişdir. Ər ilə arvad arasında gedən bu söhbəti oxuyarkən o zamanın ailə tərbiyəsində qarşılıqlı münasibəti, atanın öz valideynlik borcuna məsuliyyətsiz yanaşması barəsində düzgün məlumat əldə edilir. Ailə ağır maddi şərait içərisindədir, uşaqlar quru çörəyə belə möhtacdır. Məşədi Zaman isə bir başqa niyyətdədir. Şeir çox həqiqi və real verilmişdir.

Söyləyirəm, xərcimizi barı çək,
Yoxdu, deyir, heç qara pul bircə tək,
Mən gedirəm şahi-Xorasana tək,
Gör yeməyə olmasa, arvad, çörək,
Fələlik eylə, dalına al şələ,
Sən də adamsan, qazanıb xərc elə.

M.C.Əsgərzadə müsəlman qadınlarının kölə vəziyyətini, hüquq, şərəf, ləyaqətlərinin hər addımbaşı təhqir olunmasını böyük qəlb ağrısı ilə qeyd edir, qadınları əzən ictimai mühitə nifrət yağdırır.

İndi uşaqlar eyləyirlər fəğan,
Vallah, acından gecə yatmır, inan,
Yalvarıram, ay kişi, Məşədi Zaman,
İnsaf elə, biz yazıqıx ələman,
Top kimi hərdən açılır: çıx çölə!

Üstümə az baş-gözünü silkələ [Bax: “Molla Nəsrəddin” jurnalı, 1911, №36].

Bu kimi tərbiyə ilə bağlı materialları oxuyub təhlil edəndə adamın qarşısında cahil, nadan olduğu qədər də amansız olan mollalar, mərsiyəxanlar, həkimlər, dərvişlər, məşədi zamanlar kimi iyrənc simalar canlanır. Çoxdan ölüb getmiş iyrənc aləmin olmasına belə insan inana bilmir. Lakin bu olmuş bir həqiqətdir. Mollanəsrəddinçi Mirzə Cabbar Əsgərzadəni düşündürən də bu idi – köhnəlikdən xilas olmaq.

Yekun olaraq bildirək ki, Mirzə Cabbar Əsgərzadə yeni, sağlam, gözüaçıq, mədəni insanlar yetişdirmək işinə mane olan əngəlləri ailədən tutmuş din pərdəsi altında gizlənənlərə qədər bir-bir göstərmiş, bu əngəlləri törədən səbəbləri incə yumor hissi ilə açıb demiş və eləcə də tərbiyə işinə böyük xalq və vətən işi kimi baxmışdır. Bu kimi gerçək həqiqətləri bəyan edən Mirzə Cabbar Əsgərzadə ailə-övlad tərbiyəsi, yetişən nəslin təhsili, təlimi, onların əxlaqi keyfiyyətlərinin saflaşdırılması, halal əməyə alışdırılması, qeyrətli-namuslu vətəndaşlar kimi yetişdirilməsi ilə bağlı satirik şeirləri ilə Azərbaycan məktəb və pedaqoji fikir tarixinin zənginləşdirilməsi sahəsində misilsiz xidmətlər göstərmişdir.


KAMAL CAMALOV
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikasının Əməkdar müəllimi
[email protected]




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə