Mobil versiya
ANA DİLİNƏ ƏN DƏRİN EŞQ VƏ MƏHƏBBƏTLƏ SARILAN REPRESSİYA QURBANI ÖMƏR FAİQ NEMANZADƏ
Tarix: 17-07-2020 | Saat: 13:20
Bölmə:Yazar2 | çapa göndər

ANA DİLİNƏ ƏN DƏRİN EŞQ VƏ MƏHƏBBƏTLƏ SARILAN REPRESSİYA QURBANI ÖMƏR FAİQ NEMANZADƏ





KAMAL CAMALOV
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
Pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi


Xalqın yaşaması və mövcud olmasında əsas amil olan dili hər bir xalq ana südü kimi sevmiş, onu yad təsirlərdən mühafizə etməyə, qoruyub saxlamağa çalışmışdır. Azərbaycan maarifçiləri də ana dilini yabançı sözlərdən, xarici təsirlərdən qorumağı, hər bir azərbaycanlının başa düşdüyü bir dildə yazmağı çox vacib bir məsələ hesab edirdilər.

Bunlardan biri də Azərbaycan pedaqoji fikir tarixində öz yeri, öz dəsti xətti ilə fərqlənən Ömər Faiq Nemanzadə olmuşdur.
Ömər Faiq Nemanzadə xalqına məxsus dili, əlifbası olmasını arzulayan və bu yöndə xalqının xeyrinə bir çox işlər görən ziyalılardan olmuşdur. Onun əsərlərində, eləcə də mətbuatda dərc etdirdiyi bir sıra məqalələrində Azərbaycan dilinə məxsus bir əlifba olmasını və məktəblərdə bu əlifbadan istifadə etməklə xalqımızın balalarına milli dilimizin tədris olunmasını istəyirdi.

Nemanzadə hər zaman ana dilimizə xor baxanları tənqid etmiş və onlarla kəskin mübarizə aparmışdır. O, Cəlil Məmmədquluzadə ilə birlikdə yaratdığı «Molla Nəsrəddin» jurnalının səhifələrində istər məqalələri ilə, istərsə də felyetonları ilə açıq şəkildə bunu bəyan etmişdir.
Maarifçi-pedaqoq Nemanzadə qeyd edirdi ki, dilimizi tədris etmək üçün gərək onu xalqa sevdirək, bu da ki, dövrün ziyalılarının üzərinə düşürdü. Onlar qəzet və jurnallarda dərc etdirdikləri məqalələrdə ana dilində olan sözlərimizdən istifadə etməklə, doğma dilimizi xalqa sevdirməlidirlər. Əgər ziyalılarımız bunu bacarmırlarsa avam camaat bunu necə anlasın.

Ömər Faiq Nemanzadə dili millətin varlığı hesab edirdi. Elm, maarif və mədəniyyəti, təmiz ana dilində yazmağı, bu sahədə qonşu xalqlardan ibrət götürməyi odlu bir ürəklə təbliğ edirdi.

Nemanzadə ölkəmizdə milli məktəblərin açılmasının, orada müsəlman uşaqlarına dərs verilməsinin tərəfdarı idi. Lakin xalqın maariflənməyə etinasız qalması onu xalqı oyandırmaq üçün işlər görməyə sövq edirdi. O, «Axalsixdən» adlı məqaləsində yazırdı: «Camaatımız çox rahatdır. Nə yeni məktəblərimiz var, nə də əski! Azqurda müsəlmanların parası ilə keçinən 5 böyük meyxana, 6 qəhvəxana vardır. Bu hesabca 40 min camaata bir üsuli-cədid məktəbi düşdüyü halda 20 evə bir meyxana ilə 2 qəhvəxana isabət edir. Maarifimiz də o dərəcədədir ki, dörd saatlıq yolu olan Qori müəllimlərdə bizdən ancaq bir müsəlman var» (1, s.34).

Nemanzadə azərbaycanlı uşaqların məktəbə cəlb olunması ilə yanaşı onlara ana dilimizdə təhsil verilməsini də tələb edirdi. Ömər Faiq qeyd edirdi ki, bizim minlərcə öz türk sözlərimiz ola-ola onları buraxıb, ata yerinə pədər, ana yerinə madər, Tanrı yerinə haqq-təala və s. sözləri işlətməyi, hətta onlar ilə yazmağı özümüzə bir hünər saymağı ən böyük qəbahət hesab edirik.
O, yazırdı ki, «indi insaf ediniz, bir millət ki, ata, ana, su, çörək kimi sözləri də yad bir dildən alıb işlədə, dəxi o dilin, o millətin nə şanı olar. Dəxi bu halda nə deyə bilərik ki, mənim də dilim və vücudum vardır» (1, s.195).

Ana dilinin dərin, sonsuz sevgi duyğularını o, «Eşq və məhəbbət» məqaləsində də ürək yanğısı ilə ifadə edirdi. Qeyd edirdi ki, «dünyada nə çətin iş ola bilər ki, məhəbbət onu vücuda gətirə bilməsin? Əl verər ki, başda bir iş üçün məhəbbət ola! Əl verər ki, elm həvəsi, millət məhəbbəti, vətən eşqi, mədəni istiqlal arzusu hamı məhəbbətlərin güclüsü ola! Bunlar - insanı idarə edən bu güclər oldumu, daha irəlisini düşünməyin: istənilən hər şey bu sayədə yapıla biləcəkdir. Mən inanmıram ki, insan hər şeyi ürəkdən istəyə, ürəkdən elm və tədbir ilə çalışa, ürəkdən məhəbbət bağlaya, o şey başa gəlmiyə! Mən inanmıram ki, məhəbbətlə can qıyılan yerdə dünyalar əmələ gəlməyə. Eşidirik ki, bir yaponiyalı dənizdə üzən qorxulu bir düşmən minasını partladıb, öz vücudu ilə bərabər darmadağın edir. Eşidirik ki, bir avropalı on min metrlik aeroplan (aeroport - K.C.) ilə bərabər aşağı fırlanıb düşmənin əhəmiyyətli bir flotunu özü ilə bərabər parça-tikə edir. Eşidirik ki, bir şəxs Vətən uğrunda düşmən qalasının barıt anbarını odlayıb özü ilə bərabər havaya sovurur. Bəli, məhəbbət nələr, nələr elətdirməz! Dilinə olan məhəbbət deyilmidir ki, Rusiya təbəəsi iki polyakı, iki fini öldürəsən rusca danışmaz. Əcəba, polyak rusca, nemescə bilmirmi? Bəlkə firngcə də bilir! Lakin hamısından artıq öz dilini sevir. Öz dilinin aşiqidir. Polyak bilir ki, bir millətin yaşaması dili ilədir. Dil yoxluğu millət yoxluğudur. Bu gün Polşa hər nə olursa olsun, madam ki, polyak dili vardır, Polşa dili də olacaqdır.

Sevgili oxucularım! Millətlərin qan və od içində çalışdığı belə bir həngamədə «dil» məsələsi ilə vaxt keçirməyimə çaşıb məni qınamayın. Mən görürəm ki, bizi o qan və od dənizindən qurtarmaq istəyənlərin çoxu hələ özgələrin dil və adət əsiridirlər. Bunlar öz əsirlikləri ilə bərabər bizi də əsirlikdən qurtarmamaq, yalançı pəhlivanlıqla bulundurmaq istəyirlər. Bəlkə deyirsiniz ki, «dil»in millətpərvərliyə nə dəxli var? Bir kişi türkcə bilə-bilə qəsdlə danışmaz, amma ürəkdən millətpərvər olar.

Belə ikiüzlülər bəlkə ola bilsin. Lakin, mən inanmıram ki, dilini sevməyən millətini sevsin. Çünki dil millətin tək nişanıdır, millət sevgisinin birinci əlamətidir. Dilini sevməyənin ürəyində millətpərvərlik duyğusu aramaq istiotdan bal dadı gözləməyə oxşar. Milli dilində danışmaq istəməyənin millətpərvərlikdən dəm vurması yalançılığın təzə modasından özgə bir şey ola bilməz. Mənə deyirlər ki, öz dili, öz ədəbiyyatı olmayan millət öz varlığından danışmağa utanmalıdır. Türk dili pis də olsa özümündür. Halbuki dilimiz dünyadakı asan və gözəl dillərdən biridir. Elə bu asanlığı səbəbdəndir ki, bəzi millətlərin ararsında ümumi dil kimidir. Bir rum ilə erməninin türkcədən özgə dil ilə danışdıqlarını görməzsiniz. Halbuki bizim bəzi ağalar dilimizin çətinliyini bəhanə edib evdə arvad-uşaqları ilə də özgə dil ilə danışmaq xəyalında bulunurlar» (1, s.229).

Göründüyü kimi, xalqın öz dilinə laqeydsizliyi maarifçi pedaqoqu hiddətləndirirdi. O inanmırdı ki, dilini sevməyən, millətini sevsin. Çünki maarifçi pedaqoqun dediyi kimi dil millətin tək nişanıdır, millət sevgisinin birinci əlamətidir. «Dilini sevməyənin ürəyində millətpərvərlik duyğusu aramaq istiotdan bal dadı gözləməyə oxşar». O milli dilində danışmaq istəməyənin millətpərvərlikdən dəm vurmasını yalançılığın təzə modasından özgə bir şey saymırdı.
Yazıçı «Yazımız, dilimiz, ikinci ilimiz» adlı məqaləsində yazırdı ki, Atalarımız müsəlmanlığı ərəb hərfləri ilə və ərəb dili ilə öyrənmək istəyib böyük zərərlərə, fəlakətlərə düçar oldular. «Düşün sonra iman gətir» qaydasını buraxıb «gözünü, beynini yum ərəb dili ilə, ərəbə, müqəllidliklə iman gətir» - üsulunu təqib etdilər. Bu yol ilə həm özləri, həm də bizləri bədbəxt etdilər» (1, s.190).

Nemanzadə xalqına səslənirdi ki, «dili məhəbbətin başlanğıcı bilək! Dilimizə ən dərin eşq və məhəbbətlə sarılaq. Bunun xatirini heç bir xatirə dəyişməyək. Millət düşüncəsini yenə milli dil ilə ürəklərə birləşdirək. Yeri düşəndə deyirik ki, camaatımız oxumur, oxumaq istəmir. Bunu demək doğru deyildir. «Hansı açıq dil ilə əsərlər yazıb camaatı oxumağa alışdırırıq ki, camaatdan şikayət eyləyək, onlara nə verdik ki, nə istəyək? Bir-iki para yazarlarımız, ha qışqırırlar ki, «Qoymayın millət geri qaldı!» Lakin millətin əsl geri qalmasına səbəb olan yazımızın, dilimizin izahı üçün, türkcəmizin işlənməsi üçün heç çalışdılarmı?» (1, s.198).

Nemanzadə qeyd edir ki, bu üsuldan ölümdən qaçan kimi qaçmalıyıq. «Türk nə qədər ki, türklükdən, Türküstandan uzaq düşüb, əsrlərcə ərəb hökuməti və dini, fras ədəbiyyatı nüfuzu altında qaldılar türklüklərini və türk dilini itirdilər» (1, s.187). Pedaqoq qeyd edir ki, məhəbbətimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq. Dilimizi sevmək hamımızın ən birinci müqəddəs borcu olmalıdır. «A canım! Biz özümüzü bilməsək, öz dilimizi bəyənməsək, kim bizə hörmət edəcək və nədən ötrü də etsinlər. Heç düşünmürük ki, biz özümüzü istəməyəndə özgələrinin bizi istəmələrini ummaq dəlilikdir» (1, s.230).

Yekun olaraq qeyd edək ki, Ömər Faiq Nemanzadə ömrünün sonuna qədər ana dili və onun tədrisi ilə bağlı mübarizə aparmış və ana dilinin incələiyini, təmizliyini, sadəliyini və səlisliyini xalqa sevdirməyə qadir olmuşdur.


ƏDƏBİYYAT

1. Ömər Faiq Nemanzadə. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1992.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə