Mobil versiya
Padşah qızının dəniz səyahəti
Tarix: 29-06-2020 | Saat: 13:51
Bölmə:Yazar1 | çapa göndər

Padşah qızının dəniz səyahəti


Şəcahan Gün


(nağıl)

Biri vardı, biri yoxdu, qədim Hindistanda geniş çay və qəhvə plantasiyalarına sahib olan bir padşah yaşayırdı.

Bu padşahın çox sevdiyi Kəhkəşan Fatimə adlı gözəl bir qızı da vardı. Müdrik padşah qızına yaxşı təhsil verməklə bərabər, ona ov ovlamağı, at çapmağı, suda yaxşı üzməyi, qılınc oynatmağı da öyrətmişdi. “Dünyanın işini bilmək olmaz, qoy ağıllı və bacarıqlı olsun” - düşünmüşdi.
Qonşu şahzadələr bu qıza nə qədər elçi düşsələr də, Kəhkəşan Fatimə heç kəsə ərə getməyə razılıq vermirdi. O, öz doğma ölkəsini gəzər, Hindistan torpağının tarixini, qədim abidələrinin sirlərini öyrənər, ölkəsinin füsunkar gözəlliklərinə tamaşa etməkdən doymazdı.

Günlərin bir günü bu qız, bir neçə günlük dəniz səyahətinə çıxmaq həvəsinə düşdü. “Heç səmanı dənizdən seyr etməmişəm” -deyə düşündü. Atasından dənizə çıxmağa izn istədi. Atası da ona yeddi gün vaxt qoydu.

Təmtəraqlı dəniz səyahəti başladı. Musiqiçilər çalır, rəqqasələr rəqs edirdilər. Səhərlər günəşin çıxmasını, gecələr ayın səmada gəzişini dənizdən seyr etməyin ayrı ləzzəti vardı. Kəhkəşan Fatimə gəminin göyərtəsindən saatlarla ulduzları seyr edirdi. Möcüzələr bitmirdi...
Artıq atanın verdiyi vaxt tamam oldu. Kəhkəşan Fatimə kapitana gəmini geri döndərmək əmri verdi. Elə bir neçə mil getmişdilər ki, birdən hava qaraldı, göy guruldadı, şimşək çaxdı, şiddətli tufan qopdu. Gəmidəkilər nə edəcəklərini bilmirdilər. Qorxudan hərə öz kayutuna çəkilmişdi . Elə bu vaxt gəmi qayaya çırpıldı...

Kəhkəşan Fatimə gözünü açanda özünü tək – tənha dənizin sahilində gördü. Güclə ayağa durub ətrafa baxdı. Nə gəmi vardı, nə də gəmidəkilər. Fırtına bir neçə anın içində hər şeyi məhv etmişdi.

Bura gözəl və kiçik bir adaya oxşayırdı. Tək qalmış qız nə edəcəyini bilmirdi. Xeyli sahildə gəzdi. Acından və susuzluqdan əzab çəkirdi. Adanı gəzməyə başladı ki, bəlkə yeməyə bir şey tapar. Nə qədər axtardısa heç nə tapa bilmədi. Yenə gəlib sahildə oturub, kədərli – kədərli dənizi seyr edirdi. Birdən nə görsə yaxşıdır, gəmidə olan ərzaq ehtiyatları suyun üzündə üzür. Sevincindən nə edəcəyini bilmədi. Sonra tez suya baş vurub, yeməkləri sahilə çıxartdı.

İndi qalırdı sığınacaq tapmaq. Yaxınlıqda gözünə qoca bir qəribə ağac dəydi , onun koğuşunda birtəhər yer düzəltdi, yeməkləri oraya yerləşdirdi. Yeməklərdən doyunca yedi, gözünə işıq gəldi, özünə otlardan rahat yataq düzəltdi. Belə yataq padşah qızı üçün narahat olsa da, başqa çarəsi yox idi. Yorğun olduğundan tezcə də şirin yuxuya getdi.

Gecənin bir zamanında üzünə toxunan isti nəfəsdən gözlərini açıb dəhşətə gəldi. Qarşısında nəhəng bir əjdaha dayanıb mat – mat ona baxırdı. Bir göz qırpımnda sıçrayıb ağaca dırmaşdı. Əjdaha qızın yeməklərinin hamısını yedi, sonra ağacın altında yıxılıb yatdı. Kəhkəşan Fatimə fikirləşdi ki, hər şeyin sonu çatıb, yəqin əjdaha onu da yeyəcək. Əvvəlcə çox həyəcanlandı. Amma yadına salanda ki, anası uşaqlıqda həmişə ona deyərdi ki, “heç vaxt təslim olma, ağılla və səbirlə düşünsən, hər bir çətinlikdən çıxış yolu taparsan”, qorxusu çəkilib getdi, qollarına qüvvət gəldi. Vəziyyətdən çıxış yolu axtarmağa başladı.

Baxıb gördü ki, bu ağacın budaqları ox şəklindədir. Ağlına ideya gəldi. Budaqları dərib yanına yığdı, sonra bir – bir əjdahaya atdı. Budaqlar ox kimi əjdahanın başına, bədəninə sancılırdı. Ağrıdan oyanan əjdaha dözə bilməyib sürünüb buralardan uzaqlaşdı.
Aclıq onu taqətdən salmışdı. Düşündü, necə etsin ki, özünə yemək tapsın? Yenə ağac onun köməyinə yaradı. Ağacdan düşüb, sahilə gəldi, özü ilə gətirdiyi budağın iti ucu ilə balıq ovlamağa başladı. Beləliklə padşahın qızı tək – tənha adada yaşamağı bacara bildi.
Günlər keçirdi...

Bir gün səhər yenə də sahildə oturub ümidlə dənizə tamaşa edirdi ki, bəlkə buralardan təsadüfən bir gəmi keçər, onu görər. Arxadan gələn qarmaqarışıq səs – küy onu arxaya çevrilməyə məcbur etdi. Bir dəstə adamyeyən meymun ona tərəf gəlirdi. Özünü itirdi, yenə anasının “heç vaxt təslim olma, hər bir çətinlikdən çıxış yolu var”- sözləri yadına düşdü. Yaxşı ki, çox uzağa getməmişdi.Tez qaçıb həmin ağaca çıxdı. Meymunlar da onun dalınca ağaça dırmaşmaq istəyəndə qız cəld budaqları qoparıb nizə kimi meymunlara tərəf tulladı. Meymunlar onlara dəyən zərbələrə tab gətirə bilməyib buradan uzaqlaşdılar.

İndi Kəhkəşan Fatimənin işi bir az da çətinləşmişdi. O, bilirdi ki, meymunlar ondan əl çəkən deyillər, yenidən onun yanına qayıdıb, onu yemək istəyəcəklər.

Vaxt itirmək olmazdı. Kəhkəşan Fatimə ağlını işə saldı və bütün gücünü toplayıb, tez – tələsik ağac budaqlarından kiçik bir sal düzəldib dənizə buraxdı və özü də salın üstünə çıxdı. Elə sahildən bir az uzaqlaşmışdı ki, bir də baxdı ki, adamyeyən meymunlar vurnuxaraq onu axtarırlar.
Kəhkəşan Fatimə salın üzərində uzanıb göylərə baxırdı. Külək onu hansı səmtə istəsə oraya da aparırdı. Onun ümidi üzülməmişdi, bilirdi ki, atası mütləq onu axtaracaq. Sağ – salamat evlərinə qayıtmaq arzusu ilə Tanrıya dualar edirdi.

İndi, əziz uşaqlar, sizə kimdən deyim, kimdən deməyim, Hind padşahından deyim. Padşah gördü ki, vaxt tamam oldu, qızının gəmisi gəlib çıxmadı. Başa düşdü ki, nə isə xoşagəlməz bir hadisə baş verib. Əmr etdi, dənizə donanma çıxardı ki, qızımı haradan olursa olsun tapıb gətirin. Padşah dedi ki, əgər qızımı tapmasanız hamınızın başınızı üzəcəm. Qızımı tapanı isə ən böyük ənam gözləyir. Dənizçilər təcili hərəsi bir səmtə gedib, axtarışa başladılar.
Qonşu padşahın da Kapur adında cəsarətli bir oğlu vardı. Onun da Kəhkəşan Fatimədən xoşu gəlirdi. Hətta ona elçi də düşmüşdü. Kəhkəşan Fatimədən “yox” cavabını alsa da, hələ də ondan əlini üzməmişdi. Kapur eşidəndə ki, Kəhkəşan Fatimənin gəmisi qəzaya uğrayıb, heç kimə heç nə demədən donanması ilə dənizə çıxıb, qızı axtarmağa yollandı.

Padşahın göndərdiyi dənizçilər əliboş geri qayıtdılar. Padşah qəzəbindən nə edəcəyini bilmirdi. Əmr etdi ki, bütün dənizçiləri zindana salsınlar. Əgər qızı tapılmasa hamısını edam edəcək.

Hə, uşaqlar indi sizə kimdən deyim, kimdən deməyim, Kapurdan deyim. Kapur dəniz işlərində çox təcrübəli idi, ətraf adaları da yaxşı tanıyırdı. Ona görə də dənizdə boş – boşuna vaxt itirmədən adaları axtarmağa başladı. Çox axtardı, qızı tapa bilməyib, pərişan halda geri dönürdü ki, bu zaman uzaqdan dənizin üzərində gözünə bir qaraltı dəydi. Gəmisini həmin səmtə sürdürüb, nə görsə yaxşıdır, Kəhkəşan Fatimə kiçik salın üzərində halsız halda uzanıb, qalıb. Qızı gəmiyə götürdülər. Loğmanlar ona yardım edib ayıltdılar. Kapur çox sevinirdi. Nəhayət onlar gəlib sahilə çıxdılar. Hind padşahına xəbər çatdırdılar ki,nə durmusan, budur şahzadə Kapur Kəhkəşan Fatimə ilə birlikdə gəlirlər. Padşah başının adamları ilə onların pişvazına çıxdı. Artıq Kəhkəşan Fatimə də yaxşılaşmışdı, atası və adamlarla görüşdü. Padşah Kapura təşəkkür etdi, qonaqlıq verdi, ənam payladı, dənizçiləri də zindandan azad etdi.

Sonra padşah şahzadə Kapurdan ondan nə istədiyini soruşdu. Axı o, söz vermişdi. Kapur ondan qızını istədi. Padşah sözünün üstündə durdu, verdiyi sözə əməl etdi. Kəhkəşan Fatimə də Kapurla ailə qurmağa razılaşdı. Kapurla Kəhkəşan Fatimə nişanlandılar. Hamı xoşbəxt oldu.
Siz də həmişə xoşbəxt olun və firavan yaşayın, əziz uşaqlar!



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024