Mobil versiya
Azərbaycanın bütün uğurlarının təməlində Heydər Əliyevin müdrik siyasəti dayanır
Tarix: 13-06-2020 | Saat: 16:07
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanın bütün uğurlarının təməlində Heydər Əliyevin müdrik siyasəti dayanır


Ulu öndər, ümummilli lider, milli dövlətçiliyimizin xilaskarı, xalqa qurtuluş gətirmiş rəhbər, Azərbaycanı dünyada saydıran insan... Siyasətçilər və qələm əhli Heydər Əliyev barədə söz açarkən bu ifadələrdən istifadə etməyi borc bilir. Adi insanlar isə onun haqqında danışanda Heydər baba və ya sadəcə baba deyir, böyük rəhbərə inam və ehtiramın səmimiliyini nümayiş etdirirlər. Ulu öndər bu titulların hamısını öz zəhməti, əməlləri ilə qazanmışdı.
Öndər müharibədə, dövlət quruculuğunda və qurulmuş dövlətin inkişaf etdirilməsi prosesində xalqın önündə gedən insana deyirlər. Öndər sözünün lüğəti mənası budur. Deməli, həmin ifadə Azərbaycan tarixində məhz Heydər Əliyevin boyuna biçilmişdir. Çünki ulu öndər hələ Dövlət Təhlükəsizliyi Komitəsində çalışarkən bu qurumdakı bədxahlarımıza – xalqımızın sabahına əngəl törətməyə çalışanlara, milli kadrların irəli getməsinə mane olanlara qarşı mübarizənin önündə gedirdi. Daha doğrusu, ondan başqa həmin mübarizəni təşkil edə biləcək bir kimsə yox idi. Ulu öndər 1969-82-ci illərdə – Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə hələ neçə illər sonra əldə edəcəyimiz dövlət müstəqilliyinə böyük lider məharəti ilə hazırlaşırdı. O, Azərbaycanın sabahını quracaq çoxminli kadrlar ordusunun yetişdirilməsini, ölkənin iqtisadi qüdrətinin və hərbi potensialının artırılmasını daim diqqət mərkəzində saxlayırdı. Heydər Əliyevin böyük məharətlə nail olduğu bu üç amil siyasi uzaqgörənlik nümunəsi idi. Nəticədə nə oldu? Müstəqil Azərbaycan dövləti qurulanda bizim artıq yüz minlərlə ixtisaslı kadrımız, ali təhsilli mütəxəssisimiz vardı. Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyinə qovuşanda ölkədə SSRİ büdcəsi hesabına tikilib istifadəyə verilmiş onlarla nəhəng sənaye müəssisələri, çoxlu sayda hərbi texnika, qurğu və avadanlıq var idi. Ən başlıcası hərb elminin bütün incəliklərinə dərindən bələd olan milli kadrlarımız yetişdirilmişdi. Bütün bunlar Heydər Əliyevin böyük siyasi bəsirətinin nəticəsi idi və məhz həmin səbəbdən də xalq onu özünün ulu öndəri adlandırır.
Cəsarətlə deyə bilərik ki, Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının təəssübünü çəkən milli lider idi. Mixail Qorbaçovun Qazaxıstan rəhbəri Dünmühəmməd Kunayevi vəzifəsindən kənarlaşdıraraq bu türk respublikasına qeyri-türk siyasətçini rəhbər təyin etməsi Heydər Əliyev tərəfindən çox böyük narazılıq və etirazlarla qarşılanmışdı. Ədalət naminə deməliyik ki, bu tarixi faktı qazaxlar və ruslar bizə nisbətən daha tez-tez yada salır, Heydər Əliyevin milli təəssübukeşliyini yüksək qiymətləndirirlər. Yaxud Özbəkistan Respublikasının iqtisadi inkişafını əngəlləmək üçün ortaya atılmış “Qdılyan-İvanov” qondarma əməliyyatını pisləyən məhz Heydər Əliyev olmuşdu.



Xalqımızın böyük oğluna ümummilli lider adını qazandıran daha iki məqamı da yada salaq. Mixail Qorbaçovun rəhbərlik etdiyi Kremldə baş alıb gedən milli ayrı-seçkiliyə etiraz dalğası ölkənin hər yerində baş qaldırırdı. Milli ayrı-seçkilikdən ən çox zərər çəkmiş azərbaycanlılar həmin prosesin önündə gedirdilər. Ona görə də Qorbaçovun hərb maşını 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın gözünün odunu almaq üçün Bakını qanına qəltan elədi. Ölən, itən, yaralanan, tank altında qalan qardaşını, soydaşını görmüş insanların gözünün “odu alındı”. Ancaq “gözünün odunun alınması” mümkün olmayan, xalqın önündə getməyi bacaran Heydər Əliyev bilavasitə Moskvada, Kremlin gözü qarşısında xalqın azadlıq hərəkatını dəstəkləyən, Kremlin qanlı əməllərini lənətləyən bəyanatla çıxış etdi. Xalqın əyilmiş qəddi düzəldi, azadlıq aşiqlərinin gözünə işıq gəldi və insanlar ona bir ad verdilər – ümummilli lider. Ulu öndər həmin adı ölkəyə ikinci dəfə rəhbərlik etdiyi 1993-2003-cü illərdə dünya azərbaycanlılarını müstəqil Azərbaycan Respublikası ətrafında sıx birləşdirməklə doğrultdu. Heydər Əliyev Bakıda dünya azərbaycanlılarının qurultaylarını keçirməklə, səfər etdiyi istənilən ölkədə Azərbaycan diasporunu yaratmaqla, diaspor rəhbərləri ilə görüşməklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etməklə, Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsini yaratmaqla bir daha sübut etdi ki, o, bütün azərbaycanlıların rəhbəri, ümummilli lideridir.
Milli dövlətçiliyimizin xilaskarı ifadəsinə diqqət yetirək. 1993-cü ilin yayına qədər – Heydər Əliyevin ölkənin siyasi rəhbərliyinə qayıdışınadək dəfələrlə hakimiyyət dəyişikliyi baş vermiş, dövlətə başçılıq etmək iddiasında olanlar isə öz canlarının qorxusundan öz postlarını qoyub qaçmışdılar. Yeni yaranmış müstəqil dövlətlərin heç birində belə mənfi tendensiya yox idi. Heydər Əliyev çoxsaylı sui-qəsd cəhdlərinə, dövlət çevrilişi planlarına, hədə-qorxulara, şantaj və təzyiqlərə baxmayaraq həmin iyrənc tendensiyanın tarixin arxivinə göndərilməsinə nail oldu. Hakimiyyətə tamamilə təkbaşına və yalın əllə gəlmiş Heydər Əliyev müstəqil dövlətçiliklə bağlı başqa bir pis ənənənin də qarşısını aldı. Belə ki, 1918-ci ildə qazandığımız ilk dövlət müstəqilliyimiz cəmi 21 ay yaşamışdı. İkinci dövlət müstəqilliyimiz isə siyasət diletantlarının təcrübəsizliyi üzündən heç o qədər də yaşaya bilməyəcəkdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlət müstəqilliyimizi məhv olmaqdan, ölkəni vətəndaş müharibəsindən xilas etmiş oldu. Məhz o səbəbdən də 50 milyonluq azərbaycanlılar Heydər Əliyevi milli dövlətçiliyimizin xilaskarı adlandırırlar.
Heydər Əliyev 1993-cü ilin iyun ayında vətəndaş müharibəsinin bir addımlığında olan Azərbaycanda daxili sabitliyə nail olmaq üçün başdan ayağa silahlanmış surətçilərin yanına – Gəncəyə gedərkən xalqa qurtuluş gətirmək üçün ilk addımlarını atmışdı. Həmin səfərlə qardaş qırğınının qarşısını alan ulu öndər ölkədə daxili sabitliyə, cəbhədə atəşkəsə, müstəqil Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasına, nəhayət “Əsrin müqaviləsi” kimi nəhəng iqtisadi sazişə yol açmışdı. Bütün bunlar reallaşdıqdan sonra isə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, xalqa birdəfəlik qurtuluş gətirilmiş oldu. Ona görə də siyasətçilərimiz və yazıçılarımız ulu öndər barədə söz açarkən “xalqa qurtuluş gətirmiş insan” ifadəsini tez-tez işlədirlər.
Müstəqil Azərbaycanın ilk parlamenti seçildikdən və 1995-ci ilin noyabr ayında ilk Konstitusiyamız qəbul edildikdən sonra beynəlxalq aləmdə respublikamıza münasibət kökündən dəyişdi. Parlament seçkiləri avropalı müşahidəçilərin iştirakı ilə şəffaf və ədalətli şəkildə keçirilmiş, Konstitusiyamız isə hətta, bəzi Avropa ölkələrinin əsas qanununa nisbətən daha mükəmməl, əsas insan hüquq və azadlıqlarının qorunmasına daha çox yer verilən Konstitusiya kimi nüfuz qazanmışdı. Bu iki amillə yanaşı seçki məcəlləsinə edilən dəyişiklik və əlavələr, mətbuat üzərindən senzuranın götürülməsi, insanlara sərbəst toplaşmaq azadlığının verilməsi, çoxpartiyalılığın cəmiyyət həyatının mühüm tərkib hissələrindən biri kimi qəbul edilməsi, ölüm hökmünün icrasının dayandırılması və sonra tamamilə ləğv edilməsi, Azərbaycanın bütün dünyaya açıq elan edilməsi və bir çox bu kimi addımlar öncə Heydər Əlyevə, sonra isə ölkəmizə çox böyük nüfuz qazandırırdı. Şərqin müdrikliyini Qərbin tərəqqisi ilə ustalıqla sintez edən ulu öndər daha bir ad qazanırdı – Azərbaycanı dünyaya tanıdan insan. Ulu öndərin bu sahədəki ən uğurlu addımlarından biri isə Azərbaycanın Avropa Şurasına tam və bərabərhüquqlu üzv seçilməsi idi.
Onu ölkədə hamı sevir, inanır, etimad göstərirdi. Ən çox isə uşaqların sevimli babası idi. Çünki elə bir dərs ili olmazdı ki, ulu öndər məktəblərin hansınasa getməsin, şagirdlərlə görüşməsin. Uşaq, yeniyetmə, gənclərlə bağlı elə bir tədbir olmazdı ki, ümummilli liderimiz bu zümrənin arasında olmasın, uşaqların sevincinə, bayramına əlavə bir sevinc qatmasın. Milyonlarla uşaq və gənc ona sevərək “Heydər baba”, yaxud “baba” deyirdi. Milyonların babası olmaq şərəfi onu daha da xoşbəxt edirdi.
Bu gün Azərbaycanın adı bütün göstəricilərə görə dünyada lider ölkələr sırasında çəkilir. Prezident İlham Əliyev müasir, qüdrətli, inkişaf etmiş Azərbaycan dövləti yaratmışdır. Daha işıqlı sabahlar, xoşbəxt günlər isə hələ irəlidədir. Sabahkı günlərimiz barədə proqnoz verən hər kəs çəkinmədən, qətiyyətlə söyləyir ki, Azərbaycan dövlətinin bütün uğurlarının təməlində ulu öndər Heydər Əliyevin müdrik siyasəti, möhtəşəm siyasi kursu dayanır.

Ələmdar Quliyev
İmişli Rayon Təhsil Şöbəsinin müdiri

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024