Mobil versiya
Dövlətçilik salnaməsinin şərəfli səhifəsi
Tarix: 12-06-2020 | Saat: 14:23
Bölmə:Manşet / Gündəm | çapa göndər

Dövlətçilik salnaməsinin şərəfli səhifəsi



Hər bir xalqın yüksəliş salnaməsində, dövlətin inkişafında dahi şəxsiyyətlərin, siyasi liderlərin çox böyük rolu olub. Həmin şəxsiyyətlərin öz xalqı, dövləti üçün misilsiz xidmətləri əsrlərin və nəsillərin yaddaşına əbədi həkk olunub.

Zaman ötdükcə isə onların xeyirxah missiyasının, tarixi xidmətlərinin əhəmiyyəti daha çox nəzərə çarpır.

Bu cəhətdən Azərbaycan xalqı xoşbəxtdir ki, onun Ulu Öndər Heydər Əliyev kimi dünya şöhrətli əbədiyaşar lideri var. Çünki bu gün müasir Azərbaycan dövlətinin mövcudluğu birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, Ümummilli Lider azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, inkişaf etmiş, dünyada etdibarlı tərəfdaş kimi tanınan Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur, dahi liderə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.

Azərbaycan xalqının tarixinə və taleyinə qızıl səhifələr yazmış Heydər Əliyevin Azərbaycanın müstəqillik illərində ölkəyə yenidən rəhbərlik etməsi həqiqətən xalqımız üçün böyük uğur və xoşbəxtlik idi. Onun Azərbaycan dövlətçiliyinin xilası naminə gördüyü işlərin miqyasını zaman keçdikcə daha dərindən dərk edir, Azərbaycanın müstəqillik və azadlığının nə qədər möhkəm bir bünövrə üzərində formalaşdığını, bu bünövrənin məhz Heydər Əliyev ideyaları əsasında qurulduğunu bir daha aydın görürük.

27-ci ildönümünü qeyd etdiyimiz Milli Qurtuluş Günü tariximizin şanlı məqamı, müasir dövlətçilik salnaməmizin ən şərəfli səhifəsidir. Məhz bu gün Azərbaycanın müstəqilliyinin davamlılığını, dövlətçiliyinin müqəddəratını həll edən tarixi an idi.

Çünki yenicə müstəqillik əldə etmiş bir ölkənin iki ildən sonra, 1993-cü ildə üzləşdiyi acınacaqlı durum xalqın yaddaşında silinməz acı illər qoyub. Müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan dövlət bir tərəfdən hərbi təcavüzə məruz qalır, digər tərəfdən vətəndaş müharibəsinə sürüklənirdi. Məhz belə bir çətin anda xilaskarlıq missiyasını üzərinə götürən yeganə şəxs Ulu Öndər Heydər Əliyev oldu. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Bakıya gələn dahi rəhbər Azərbaycanı uçurumdan qurtardı.

Həmin il iyun ayının 15-də Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin xilasına yol açan böyük siyasi hadisə kimi tarixə yazıldı. Məhz Heydər Əliyev dövlətçiliyimizi, azadlığımızı qorudu, xilas etdi və bu gün müstəqil, demokratik, hüquqi dövlətdə yaşamaq arzumuzun real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi dahi şəxsiyyətin adı ilə bağlıdır.

15 iyun Milli Qurtuluş Günü "xalq-Heydər” birliyinin əzəmətli təntənəsi kimi tariximizə qızıl hərflərlə yazılıb. Xalq üzləşdiyi bütün təlatümlərdən, faciələrdən xilas yolunu məhz Heydər Əliyev şəxsiyyətində görürdü. Bir lider kimi Heydər Əliyev də millətin və dövlətin böhran və məşəqqətlərdən qurtuluşu üçün həyatını qurban verməyə hazır idi. Bu qarşılıqlı etimad, inam - xalq və lider birliyi dünya tarixində az rast gəlinən faktlardandır. Tariximizin 1980-ci illərdən sonra başlayan və indiyədək davam edən dövrünü diqqətlə araşdırsaq, Milli Qurtuluş Gününün əhəmiyyətini və əlahiddəliyini aydın dərk edərik.

Ulu Öndər Azərbaycanda, sözün həqiqi mənasında, möcüzələr yaratdı. Bəlkə Tanrının da əlini üzdüyü bir dövləti dağılmaqdan, parçalanmaqdan qurtardı. Əsl demokratik, vətəndaş cəmiyyətinin əsasını qoydu və inkişaf istiqamətinə yönəltdi. Vətəndaş cəmiyyətinin demokratik qurumlarından olan həmkarlar ittifaqına münasibətə yenidən baxıldı. Xalq Cəbhəsi-Müsavat cütlüyünün sıravi insanların müəyyən qrupu arasında həmkarlar ittifaqına qarşı yarada bildikləri inamsızlığı aradan qaldırmaq məqsədilə dövlət başçısı tərəfindən uğurlu addımlar atıldı.

Dahi liderin Azərbaycana yenidən qayıdışından sonra ölkəmizdə milli məfkurənin, vətəndaş cəmiyyətinin formalaşması və yüksəlişi, xalqın arzularının gerçəkləşməsi üçün gördüyü ən mühüm işlərdən biri də ictimai-siyasi qurumların inkişafı və fəallaşmasıdır. Azərbaycan həmkarlar ittifaqlarının müxtəlif siyasi qüvvələrin təsirindən qorunmasında, cəmiyyətdəki missiyasını yerinə yetirməsində Ümummilli Liderin əvəzsiz rolu olub. Bunların sayəsində həmkarlar ittifaqlarının uzun illər ərzində formalaşmış maddi-texniki bazasının dağıdılmasının qarşısı alındı, vətəndaş cəmiyyətinə yad olan inzibati-amirlik metodlarından imtina edildi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının demokratik idarəçilik prinsiplərinə əsaslanan fəaliyyətinə dəstək verildi. Ulu Öndər dövlətin sosial-iqtisadi siyasətinin reallaşdırılması işində, dövlət başçısı kimi fəaliyyətinin sonuna qədər həmkarlar ittifaqına güvəndi.

1994-cü il fevralın 24-də "Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Prezident Heydər Əliyev tərəfindən təsdiq edilən bu qanunun qəbul edilməsi təşkilatımızın səmərəli fəaliyyət göstərməsi üçün hüquqi baza yaradılmasını təmin etdi. Bu qanun öz dəyərinə, məzmununa görə təkcə ölkə daxilində deyil, hətta MDB məkanında bir çoxlarına demokratiyanı sözdə yox, işdə dəstəkləməyin parlaq nümunəsi oldu. Heydər Əliyevin prezidentliyi illərində əməkçilərin sosial müdafiəsinə yönəlmiş çoxsaylı digər hüquqi-normativ aktlar qəbul olundu. Beynəlxalq Əmək Təşkilatının əsas konvensiyaları Milli Məclisdə ratifikasiya edildi. Ölkəmizdə ilk dəfə olaraq məhz həmkarlar ittifaqları özünün I və II qurultaylarında Ümummilli Liderin prezidentliyə namizədliyini irəli sürmüşdü.

Heydər Əliyev elə şəxsiyyətdir ki, fədakar əməyi, xalqına, vətəninə sonsuz məhəbbəti, sivil dövlət quruculuğu istəyi və yüksək peşəkarlığı, uzaqgörənliyi sayəsində Azərbaycan tarixində özünə əbədiyaşar heykəl qoydu. Bütün uğurlarımızda Heydər Əliyevin qoyduğu təməli görürük. O, bizə təkcə müasir, əbədiyaşar dövlət əmanət etmədi. Həm də zərgər dəqiqliyi ilə qurduğu dövlətimizi gələcəyə inamla apara biləcək davamçı bəxş etdi. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Onun rəhbərliyi altında Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoydu, fəaliyyəti ilə Heydər Əliyev yolunun nə dərəcədə doğru olduğunu bir daha sübut etdi.

Ümummilli Liderin əsasını qoyduğu iqtisadi, sosial islahatlar Prezident İlham Əliyev tərəfindən müasir sivilizasiyanın tələbləri səviyyəsində davam etdirildi və cənab Prezident Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi.

Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin genişmiqyaslı inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişiklər məhz Ulu Öndərin müəyyənləşdirdiyi yolun layiqli davamıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını artırır, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradır.
Cənab İlham Əliyev Ulu Öndərin siyasi-ideoloji kursunu layiqincə davam etdirib Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyev ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın sabahlara aparır.

Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı
AZƏRBAYCAN qəzeti

12.06.2020-ci il




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024