Mobil versiya
Heydər Əliyev – tarix yaradan şəxsiyyət
Tarix: 11-06-2020 | Saat: 16:26
Bölmə:Manşet / Gündəm | çapa göndər

Heydər Əliyev – tarix yaradan şəxsiyyət




Bu gün artıq bütün dünya təsdiq edir ki, Heydər Əliyevin həyatı öz xalqının tərəqqisinə, regionda və bütün dünyada sülhə və sabitliyə xidmətin nümunəsidir. Odur ki, XX əsrin sonlarında regional və qlobal siyasətin formalaşmasında əhəmiyyətli rol oynamış müdrik siyasətçinin, bütün Cənubi Qafqazda və Xəzər regionunda sülhün və sabitliyin təminatçısı olmuş dahi şəxsiyyətin xatirəsi bütün dünyada ehtiramla yad edilir, həyat və fəaliyyəti öyrənilir. ABŞ-ın dövlət xadimi, dünya şöhrətli politoloq Zbiqnev Bjezinski demişdir: “Heydər Əliyev XX əsrin ən görkəmli siyasətçilərindən biridir.

Siyasi hədəfləri düzgün seçməsi və böyük ruh yüksəkliyi ilə rəhbərlik etməsi Heydər Əliyevi tarixi şəxsiyyətlərdən Corc Vaşinqton və Avraam Linkolnla, müasir dövlət xadimlərindən isə Çörçill, Ruzvelt və Şarl de Qolla bir sıraya çıxarır. Onun uzaqgörənliyi və fitri qabiliyyəti, fəhmi və qətiyyəti olmasaydı, Azərbaycan dövlətini yaratmaq da mümkün olmayacaqdı”. Azərbaycan parlamenti 1991-ci il oktyabrın 18-də Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edərək, suverenliyimizi bütün dünyaya bəyan etmişdi. Lakin tarixin millətimizə bəxş etdiyi bu əvəzsiz sərvəti lazımınca qiymətləndirmək səviyyəsinə yüksələ bilməyən o zamankı iqtidar onu qoruyub saxlamaq qüdrətində olmadığını da nümayiş etdirdi. Müstəqilliyin ilk illərində ölkə başçılarının səriştəsizliyi və xəyanəti ucbatından xalqımız ağlagəlməz məhrumiyyətlərə düçar oldu. 1991-1993-cü illər Azərbaycanın müstəqillik və dövlətçiliyinin “olum ya ölüm” dilemması qarşısında qaldığı, xaos və anarxiya dövrü kimi tarixə düşdü. Bir tərəfdən erməni işğalçıları xarici qüvvələrin dəstəyi ilə tarixi yurd yerlərimizi işğal edir, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə çevrilirdi. 1993-cü ilin yayında vəziyyət fəlakət həddinə çatdı. Azərbaycan müstəqilliyini və dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Xalqımız belə ağır bir zamanda ümid dolu nəzərlərini Heydər Əliyevə, onun həmin dövrdə yaşayıb fəaliyyət göstərdiyi Naxçıvan torpağına dikmişdi. Azərbaycan xalqının iradəsi və təkidi ilə təcrübəli dövlət xadimi, görkəmli siyasətçi Heydər Əliyev müstəqil dövlətimizin uçurum qarşısında qaldığı bir vaxtda yenidən böyük siyasətə qayıtdı. Millətin sönməkdə olan müstəqillik arzuları canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev millət qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.




Uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ilk dövrlərdə kövrək olsa da, ictimai-siyasi sabitlik yarandı. Heydər Əliyev uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi Dağlıq Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlaması oldu. Həmin dövrdə Azərbaycan ordusunun əks hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu. Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında, respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanda iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. Bu gün hamıya aydındır ki, o zaman müdrik dövlət başçımız tərəfindən bu taleyüklü addımlar atılmasaydı Azərbaycan dövlətini yaratmaq da mümkün olmayacaqdı. Beləliklə, ulu öndər Heydər Əliyevin yenilməz siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunun aliliyi, insan haqlarının qorunması kimi demokratik prinsiplər bərqərar edildi. Bütün bunlar da Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul olunmuş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında öz əksini tapdı.

Azərbaycanın taleyini Heydər Əliyevin taleyindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Heydər Əliyev hər şeydən əvvəl, böyük insan və böyük siyasətçi idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli maraqların təmin edilməsi və milli dövlətçiliyin möhkəmlənməsi istiqamətində həyata keçirdiyi titanik siyasi fəaliyyəti barədə söz açarkən ilk növbədə bu günümüzün reallıqlarını qeyd etmək zərurəti yaranır. Bu gün ulu öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. 2003-cü ildən başlayaraq Azərbaycan xalqının etimadını şərəflə doğruldan Prezident İlham Əliyev xalqa xidmət etməyin Heydər Əliyev nümunəsini nümayiş etdirir, ulu öndərin qurduğu hüquqi, demokratik dövlətin bütün strukturlarına böyük qayğı və diqqət göstərir. Möhtərəm Prezidentin həyata keçirdiyi müdrik daxili siyasət xalqımızın azad, təhlükəsiz və firavan yaşamasına ünvanlandığı kimi, xarici siyasətinin də əsas prioritetləri regionda sülh və sabitliyin təmin olunması, yaxın və uzaq ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması, qlobal enerji – kommunikasiya layihələrinin həyata keçirilməsi, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının sülh yolu ilə azad edilməsi kimi respublikamızda və bütün dünyada dəstəklənən məsələlərdən ibarətdir. Azərbaycan bu gün regionda həyata keçirilən beynəlxalq layihələrin yalnız iştirakçısı deyil, həm də əsas təşkilatçısı kimi bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycan artıq özünün enerji təhlükəsizliyini tam təmin etmişdir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm fiqurlardan birinə çevrilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları əsasında həll etmək və ərazi bütövlüyünü bərpa etmək üçün həm mənəvi, həm hüquqi, həm də hərbi imkanlara malikdir. Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycan iqtisadi və siyasi cəhətdən sürətlə inkişaf edir, ordusu güclənir. Bu gün qürurla demək olar ki, Azərbaycanın güclü ordusu var və dövlətin, Prezidentin qarşıya qoyduğu bütün vəzifələri həll etməyə qadirdir. Lakin möhtərəm dövlət başçımız regionda sülhün və sabitliyin təminatçısı olmuş dahi şəxsiyyətin – Heydər Əliyevin siyasi varisi, müdrik və müasir siyasətçi kimi qan, müharibə yolunu yox, sülh yolunu seçir, xalqları faciələrə sürükləmək istəmir, amma mövcud vəziyyətlə barışmaq niyyətində də deyil. Azərbaycan Prezidenti bəyan etmişdir ki, vəziyyət belə davam edərsə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh danışıqları erməni tərəfin qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticə verməzsə, Azərbaycan danışıqları kəsərək başqa variantları nəzərdən keçirəcək, işğal altında olan torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir. Hər bir qeyrətli Azərbaycan vətəndaşı da milli maraqlarımıza xidmət edən bu siyasətin həyata keçirilməsində Prezident İlham Əliyevi dəstəkləməli və öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirməlidir.

Tahir Budaqov,
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024