Mobil versiya
Dünya dövlətləri pandemiya ilə mübarizədə Azərbaycanın təcrübəsindən yararlana bilərlər
Tarix: 13-04-2020 | Saat: 15:16
Bölmə:Manşet / Seçilənlər-1 | çapa göndər

Dünya dövlətləri pandemiya ilə mübarizədə Azərbaycanın təcrübəsindən yararlana bilərlər




Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı əməkdaşımıza telefon vasitəsilə müsahibə vermişdir

Məlum olduğu kimi, aprel aynnın 10-da Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş bu Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha bütün dünya dövlətlərini həmrəyliyə, koronovirus pandemiyası ilə mübarizədə birliyə və əməkdaşlığa çağırıb. Zirvə görüşünün Yekun Bəyannaməsində isə təkcə Türkdilli dövlətlərin deyil, eyni zamanda bütün dünya xalqlarının maraq və mənafeyi baxımından böyük əhəmiyyət kəsb edən məqamlar yer alıb.

Əlbəttə ki, dövlət başçımızın Zirvə görüşündəki çıxışından irəli gələn vəzifələrin icrası eyni zamanda ölkəmizin bütün dövlət strukturları, özəl qurumlar və bütün digər vətəndaşlar üçün də son dərəcə vacibdir. Bu barədə fikirlərini öyrənmək məqsədilə əməkdaşımız Milli Məclisin deputatı, professor Aqiyə xanım Naxçıvanlı ilə telefon vasitəsilə əlaqə saxlamışdır. Həmçinin millət vəkili əməkdaşımızın ölkədə cərəyan edən proseslər barədə bəzi digər suallarını da cavablandırmışdır.

- Aqiyə xanım, ilk növbədə Sizin aprel aynnın 10-da videokonfrans vasitəsilə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün əhəmiyyəti və bu tədbirin koronavirus pandemiyası ilə mübarizədə rolu barədə fikirlərinizi öyrənmək istərdik.

- Bilirsiniz ki, bu Zirvə görüşü möhtərəm Prezidentimiz, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilib və koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub. Dövlət başçımızın da həmin tədbirdə etdiyi çıxışında qeyd etdiyi kimi, Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat oldu. Bu, bir daha təşkilata üzv olan ölkələrin nümunəvi səviyyədə olan həmrəyliylərini nümayiş etdirdi.

Möhtərəm Prezidentimiz İlham Əliyev öz çıxışında Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyət, eləcə də infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə dövlət tərəfindən həyata keçirilən qabaqlayıcı zəruri tədbirlər barədə ətraflı məlumat verdi. Düşünürəm ki, bir çox dünya dövlətlərinin bu istiqamətdə Azərbaycanın təcrübəsindən yararlanmalarında onlar üçün böyük fayda olar. Təsadüfi deyil ki, Zirvə görüşündə iştirak edən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus da öz çıxışında COVID-19 virusu ilə mübarizədə rəhbərlik etdiyi qurumla Türk Şurasının sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığın böyük əhəmiyyətini qeyd etmişdir. Həmçinin cənab Qebreyesus Azərbaycan hökumətinə və Azərbaycan xalqına da koronavirusla mübarizə işinə verdikləri töhfəyə görə təşəkkürünü bildirmişdir.
Bu bir həqiqətdir ki, koronavirus pandemiyası ümumbəşəri bir bəladır və ona yalnız bütün dünya dövlətlərinin, bütün xalqların birgə səyləri ilə qalib gəlmək olar. Həmçinin böhrandan sonrakı dövrdə dünya ölkələrinin iqtisadiyyatlarının bərpası baxımından Türk Şurasının Bakı Bəyannaməsində əksini tapan birgə investisiya fondunun yaradılması ideyası mühüm rol oynaya bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev də öz çıxışında məhz bu məqamları vurğulayaraq demişdir: “Biz digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırıq. Hesab edirəm ki, Zirvə görüşünün Yekun Bəyannaməsi bu əməkdaşlığa əhəmiyyətli töhfədir.”

Bir məqamı da xüsusilə vurğulamaq istəyirəm ki, bu Zirvə görüşünün məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilməsi dövlət başçımızın təkcə Azərbaycan xalqının deyil, həm də bütün müsəlman-türk dünyasının təəssübkeşi kimi çıxış etdiyini bir daha bütün dünyaya nümayiş etdirdi.

- Bildiyimiz kimi, aprel ayının 6-da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlamışdır. Bu hadisənin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Birmənalı olaraq demək lazımdır ki, bu hadisə çox böyük əhəmiyyət kəsb edir. Həm də sadəcə bir deyil, bir neçə istiqamətdə. İlk növbədə əlbəttə ki, tibbi maska istehsalı müəssisəsinin fəaliyyətə başlaması ölkə daxilində infeksiyaya qarşı istifadə olunan bu vacib qoruyucu vasitəyə olan tələbatın ödənilməsini təmin edəcək. Bilirik ki, bir çox dövlətlər hazırda bu baxımdan idxaldan asılıdırlar. Müəssisənin açılışına qədər Azərbaycan da belə asılı vəziyyətdə idi. Lakin indi buna son qoyuldu. Həmçinin daxili tələbat ödəndikdən, müəssisənin istehsal gücü artdıqdan sonra biz bu maskaları xaricə də ixrac edə biləcəyik.

Həmçinin bu müəssisənin açılışı ilə yeni iş yerləri də yaradılmış oldu. Yəni hətta belə bir ağır iqtisadi vəziyyətdə də dövlət başçımız sahibkarlığın daha da inkişaf etdirilməsi, əhalinin işlə təmin edilməsi məsələsini yenə də diqqət mərkəzində saxlayır. Qətiyyətlə deyə bilərəm ki, tibbi maska istehsalı müəssisəsinin yaradılması barədə qəbul olunmuş qərar Ölkə Prezidenti cənab İlham Əliev tərəfindən atılmış növbəti müdrik addım kimi qiymətləndirilməlidir.

- Aqiyə xanım, bilirik ki, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunmuş karantin rejimi xüsusən əhalinin aztəminatlı təbəqəsi üçün bir sıra əlavə çətinliklər yaratmışdır. Bu baxımdan Sizin millət vəkili seçildiyiniz 117 saylı Oğuz-Qəbələ seçki dairəsinə daxil olan ərazilərdə mövcud durum hansı vəziyyətdədir və insanlara kömək məqsədilə şəxsən Sizin tərəfinizdən hansı tədbirlər görülür?

- Qeyd edim ki, aztəminatlı ailələrə maddi yardım göstərilməsi əslində bir deputat kimi bizim səlahiyyətlərimizə aid deyil. Lakin vətəndaşların müraciətləri davamlı olaraq qəbul edilir və biz hər kəsə imkanlarımız daxilində yardım etməyə, bu işdə dövlətimizə dəstək olmağa çalışırıq. Oğuzda mənim köməkçim və yaxınlarım yaşayır, vətəndaşlara mənim dəstəyimlə onlar yaxından köməklik göstərirlər. Bir də ehtiyacı olan adam müraciət edərsə, kömək etməkdən necə imtina etmək olar. O cümlədən aprel ayının 10-dan etibarən rayon sakinlərinin maddi yardıma ehtiyacları barədə müraciətləri qəbul edilir və müraciət edən imkansız ailələrə gündəlik tələbat malları, yuyucu vasitələr, un və digər ərzaq məhsullarından ibarət olan yardım paketləri təqdim edilir. Dediyim kimi, bütün bu addımlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə virusa yoluxma hallarının qarşısının alınması və mübarizə tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq atılır. Unutmaq lazım deyil ki, əl tutmaq Əlidən qalıb və ehtiyacı olanlara yardım etmək bizim dinimizdə də bütün insanlara bir vəzifə olaraq buyrulub.


aia.az
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024