Mobil versiya
“İnsan kapitalının formalaşması məhz elə elm və təhsil sahəsində aparılan islahatlar və qoyulan investisiyalardan çox asılıdır” – Aqiyə Naxçıvanlı, Milli Məclisin deputatı, professor
Tarix: 11-04-2020 | Saat: 15:07
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər

“İnsan kapitalının formalaşması məhz elə elm və təhsil sahəsində aparılan islahatlar və qoyulan investisiyalardan çox asılıdır” –  Aqiyə Naxçıvanlı, Milli Məclisin deputatı, professor


Bu gün, koronavirus (COVİD-19) pandemiyasının bütün dünyada cövlan etməsinə, həmçinin ölkəmizdə də bu infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlərin və gündəlik vəziyyət barədə məlumatların gündəmi tutan əsas mövzu olmasına rəğmən, Azərbaycanın ictimai-siyasi həyatı müəyyən korreksiyalarla olsa belə, öz axarında davam etməkdədir. O cümlədən, cəmiyyətin hal-hazırda diqqətlə izlədiyi məqamlardan biri də yeni formalaşmış Milli Məclisin fəaliyyətilə bağlıdır. Aydındır ki, seçicilər artıq daha qabarıq formada çoxpartiyalılıq prinsipləri əsasında formalaşmış Parlamentdən ümumilikdə və əlbəttə ki, hər bir millət vəkilindən də individual qaydada tamamilə yeni formatda fəaliyyət gözləntisindədirlər.
O cümlədən 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən seçilmiş millət vəkili, professor Aqiyə xanım Naxçıvanlı da öz fəaliyyətini yeni tələblərə uyğun şəkildə davam etdirir.

İlk növbədə qeyd etmək lazımdır ki, Milli Məcisin Elm və təhsil komitəsinin üzvü olaraq, Aqiyə xanım məhz bu sahədə olan problemlərin həllini özünün əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən etmişdir. Bu baxımdan millət vəkilinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-ci il hesabatı barədə Parlamentə təqdim etdiyi müraciətində aşağıdakı fikirlər xüsusilə diqqəti cəlb edir: “Dövlət bütün hallarda vətəndaşlarının qayğısını çəkmək seçimi edib. Ölkə Prezidenti cənab İlham Əliyev çıxışlarından birində demişdir: “Azərbaycanın güclü sosial siyasəti güclü iqtisadi bazaya əsaslanır. Biz iqtisadi sahədə əldə edilmiş nailiyyətləri insan kapitalına çeviririk”. Dövlət başçımızın bu fikirləri hesab edirəm ki, bizim hər birimiz üçün əsas məqsədi müəyyən edir. Əsas məqsəd Azərbaycan vətəndaşının layiqli həyat səviyyəsini, o cümlədən sağlamlığını təmin etməkdir. Düşünürəm ki, insan kapitalının formalaşması məhz elə elm və təhsil sahəsində aparılan islahatlar və qoyulan investisiyalardan çox asılıdır.”
Digər tərəfdən isə Milli Məclisin iclasında etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyevin də xüsusi olaraq vurğuladığı kimi, hər bir millət vəkili seçildiyi dairədə vətəndaşların mövcud problemlərinin həlli istiqamətində daha səmərəli fəaliyyət göstərməli, bu sahədə görülən işlərdə yaxından iştirak etməlidir. Qeyd etmək lazımdır ki, məhz bu baxımdan da Aqiyə xanım Naxçıvanlı yeni formalaşmış Parlamentin üzvü kimi fəaliyyətə başladığı ilk günlərdən təşəbbüsü ələ ala bilmişdir. Belə ki, təmsil etdiyi 117 saylı Oğuz-Qəbələ seçki dairəsində yaşayan vətəndaşların üzləşdikləri problemləri deputatın birbaşa Parlamentdə iştirak edən hökümət rəhbərliyinin diqqətinə çatdırması, bu problemlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir. Öz müraciətində Aqiyə xanım Oğuz rayonunun bir neçə kəndində mövcud olan problemlərin həlli məsələsinin vacibliyini vurğulayaraq bunları qeyd etmişdir: “Ünvanıma Oğuz rayonunun bir qrup Çaldaş və Çayqovuşan kənd sakinləri tərəfindən imzalanmış ərizə daxil olmuşdur. Vətəndaşlar bildirir ki, zəlzələdən sonra həmin kəndlə həmsərhəd olan Şəki rayonuna aid Qaratorpaq adlanan ərazidə 70-ə yaxın ev yenidən tikilmiş və vətəndaşların istifadəsinə verilmişdir. Çaldaş kəndində isə qəzalı evlərə yalnız baxış keçirilməklə kifayətlənilmişdir. Halbuki həmin evlər çox qəzalı vəziyyətdə olmaqla, orada yaşamaq insanların həyatı bahasına başa gələ bilər. Mən özüm şəxsən həmin evlərin bir neçəsində olmuş, vəziyyətlə yaxından maraqlanmışam. Həqiqətən də vətəndaşlarımız hal-hazırda adı çəkilən kənddə qəzalı evlərdə acınacaqlı vəziyyətdə yaşayırlar. Onu da bildirim ki, müvafiq icra hakimiyyəti orqanları kənd sakinləri ilə görüşmüş, zərər dəymiş əmlaklara baxış keçirmiş və tərtib olunmuş aktlar Fövqəladə Hallar nazirliyində yaradılmış komissiyaya təqdim edilmişdir. Xahiş edirəm vətəndaşların müraciətlərinin yenidən araşdırılması, dəymiş zərərin müəyyən edilməsi və müvafiq köməkliyin göstərilməsi üçün diqqətdə saxlanılsın.
Eyni zamanda, Oğuz rayonu Calut kəndində məkunlaşan məcburi köçkün övladlarının istifadə etdiyi uşaq bağçasının arxa divarları uçduğundan yararsız hala düşmüşdür. Şirvanlı, Tayıflı, Kərimli kənd tam orta məktəblərin binaları qəzalı vəziyyətdədir. Rayon ərazisində yerləşən və qeydiyyata alınmış 32 tarixi abidənin bərpa edilməsinə ciddi ehtiyac vardır. Dəfələrlə məsələni qaldırmağımıza baxmayaraq bu məsələlər hələ ki, öz həllini tapmamışdır. Onu da nəzərinizə çatdırım ki, bu məsələləri seçki kompanıyası ərəfəsində də həmin kənd sakinləri narazılıqla bildirmişlər. Ona görə də xahiş edirəm bu məsələləri gələcək büdcə layihəsində nəzərə alasınız.
Sonda bir məsələyə də diqqəti yönəltmək istərdim ki, bu da Oğuz və Qəbələdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı istiqamətində kiçik sahibkarlığın inkişafına dəstək verilməsilə bağlıdır. Belə ki, sakinlər tərəfindən mənə olunan müraciətlərdə meyvə-tərəvəz konservlərinin hazırlanması üzrə kiçik həcmli istehsal müəssisələrinin yaradılması üçün dövlət tərəfindən subsidiyaların ayrılmasına ehtiyac olduğu bildirilir. Xahiş edirəm ki, bu məsələ də aidiyyatı olan qurumlar tərəfindən diqqətə alınsın və məsələnin həlli yolları araşdırılsın. Əminəm ki, bu problemin həlli eyni zamanda həm Oğuz və Qəbələ rayonlarında əlavə iş yerlərinin yaradılması, həm insanların təbii, orqanik qidalarla təmin olunmaları, həm də ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərə böyük töhfə olar. ”
AİA.Az
Azər Məmməov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024