Mobil versiya
Xırdalan bələdiyyəsi – seçkilərdə ən layiqli namizədlər səs alacaqlar
Tarix: 05-12-2019 | Saat: 17:45
Bölmə:Manşet / Ölkə | çapa göndər

Xırdalan bələdiyyəsi – seçkilərdə ən layiqli namizədlər səs alacaqlar




Müasir dövrdə yerli özünüidarəetmə orqanları olan bələdiyyələr ölkəmizdə gedən hərtərəfli quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekoloji və digər layihələrin, çoxsaylı regional proqramların reallaşmasında getdikcə daha mühüm rol oynamaqdadırlar. Həmçinin dövlətimiz tərəfindən bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi daim diqqətdə saxlanılaraq çoxsaylı tədbirlərin həyata keçirilməsi, bir sıra yeni normativ hüquqi aktların qəbul edilməsi bu orqanların səlahiyyətlərini genişləndirməklə yanaşı, onların üzərinə düşən məsuliyyətləri də artırır.

Bu gün fəaliyyətinin yüksək effektivliyi ilə seçilən yerli özünüidarəetmə orqanlarından biri də Abşeron rayonunun Xırdalan bələdiyyəsidir. Məlumat üçün bildirək ki, Xırdalan bələdiyyəsi 1999-cu ildə yaradılmışdır. İlk vaxtlar 11 nəfər bələdiyyə üzvü seçilmişdir. Xırdalan şəhərində əhalinin sayının artması ilə əlaqədar 2014-cü il bələdiyyə seçkilərində Xırdalan bələdiyyəsinə 19 üzv seçilmişdir. Xırdalan bələdiyyəsi şəhərdaxili yolların abadlaşdırılmasında, Mədəniyyət və istirahət parkının yenidən qurulmasında, gənclər evinin tikilib istifadəyə verilməsində, su-kanalizasiya, qaz xəttlərinin çəkilməsində, elektrik transformatorlarının qoyulmasında, yaşayış binalarının həyətlərində kölgəliklərin, avtomobil yollarının kənarında dayanacaqların quraşdırılmasında çox işlər görmüşdür. Gələcəkdə də ərazidə bələdiyyə tərəfindən bir çox layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bələdiyyənin sədri Eldar Əhmədovdur.



Məlum olduğu kimi, bələdiyyələrin başlıca vəzifələri vergilərin yığılması, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması, əhalinin müəyyən sosial-məişət problemlərinin həlli ilə bağlıdır. Diqqətəlayiq haldır ki, Eldar Əhmədovun rəhbərliyi altında Xırdalan bələdiyyəsi bir çox məqamlarda yerli sakinlərlə birgə əməkdaşlıq əsasında fəaliyyət göstərir. Bu isə əlbəttə ki, ilk növbədə qurumun rəhbəri tərəfindən işin düzgün qurulduğundan xəbər verir. Xüsusilə ərazilərin təmiz saxlanması, yaşıllıqların qorunması kimi məsələlərdə belə əməkdaşlıq daha effektiv şəkildə özünü göstərir. Qəsəbənin ərazisində yolların abadlaşdırılması, məktəblərin və məktəbəqədər müəssisələrin binalarının təmiri, qaz, su, elektrik xətlərinin təzələnməsi istiqamətində mütəmadi olaraq məqsədyönlü iş aparlır. Təqdirəlayiq haldır ki, Xırdalan bələdiyyəsi hətta bilavasitə vəzifə funksiyalarına aid olmayan işlərlə də sakinlərin həyatını, aidiyyatı olan digər qurumların isə işini daim yüngülləşdirir.




Əlbəttə ki, bütün bunlar qarşıdan gələn növbəti bələdiyyə seçkiləri ərəfəsində son dərəcə vacib amil kimi çıxış edəcək. Məsələ bundadır ki, bu gün heç də bütün namizədlərin öz rəqiblərinə qarşı ədalətli və obyektiv kampaniya apardığını söyləmək olmur. Əksinə, bəzi namizədlər özlərinə ciddi rəqib kimi gördükləri digər namizədlərin fəaliyyətinə kölgə salmaq, onlar tərəfindən görülən işləri pərdələmək və özlərinə ucuz xallar qazanmaq məqsədilə artıq çoxdan anti-təbliğat kampaniyalarına start vermişlər. Çox təəssüflər olsun ki, bəzən bu kimi işlərdə həmin insanlara bəzi mətbu orqanları da öz xidmətlərini təqdim edirlər. O cümlədən, son günlər bəzi saytlarda Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədova qarşı bu cür “qara piar” kampaniyaları təşkil edilir. Maraqlıdır ki, nəticə etibarı ilə bütün məzmununda əsaslandırıla biləcək tək bircə iddia belə olmayan belə materiallarda, bəzən müəllifin öz iradəsindən də asılı olmayaraq əsil həqiqəti ifadə edən bir cümlə yer alır. Məsələn, Eldar Əhmədova qarşı hazırlanmış böhtan xarakterli belə materiallardan birində müəllif guya ki, Xırdalan sakinlərinin adından belə bir ifadə işlədir: “Əgər seçkilər tam şəffav və dürüst keçiriləcəksə, biz öz namizədimizə səs verəcəyik.” Təbii ki, seçkilərin şəffaf və obyektiv keçiriləcəyinə nə Xırdalan sakinləri, nə də biz heç bir şübhə etmirik. Yəni bu cümlədə “əgər” sözünün işlənməsi artıq müəllifin ölkəmizdə gedən mütərəqqi proseslərə bəslədiyi münasibətdən xəbər verir. Xırdalanlıların məhz öz namizədlərinə səs verəcəkləri isə həqiqətən də tam bir gerçəklikdir. Əminliklə demək olar ki, Xırdalan sakinləri bu seçkilərdə də ən layiqli namizədlərini dəstəkləyəcəklər və Xırdalan bələdiyyəsi bu günə qədər olduğu kimi, bundan sonra da insanların rifahı naminə daha böyük əzmkarlıqla öz effektiv fəaliyyətini davam etdirəcək.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024