Mobil versiya
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib
Tarix: 05-12-2019 | Saat: 16:41
Bölmə:Ölkə | çapa göndər

Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib

5 dekabr Beynəlxalq Könüllülər Günü ilə əlaqədar olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində fəaliyyət göstərən könüllü gənclərlə görüş keçirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev könüllü gəncləri qəbul edərək, ölkəmizdə könüllülüyün milli dəyərlərimizdən qaynaqlandığını, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, qaçqın və məcburi köçkünlərlə iş kimi həssas bir sahədə könüllü fəaliyyət göstərən gənclər həm sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara dövlət qayğısının necə gerçəkləşdirildiyini əyani şəkildə görür, həm də bu prosesin daha səmərəli təşkilinə öz töhfələrini verirlər.

Həmçinin qeyd edilib ki, müvafiq qanunvericilik bazası olan könüllülük hərəkatı hər bir gəncə özünü ifadə etmək, gələcək karyera üçün təcrübə toplamaq və yeni dostlar qazanmaq imkanı verir. Qaçqın və məcburi köçkünlərlə iş kimi həssas bir sahədə könüllü fəaliyyət göstərməklə gənclərimiz həm sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara dövlət qayğısının necə gerçəkləşdirildiyini əyani şəkildə görür, həm də bu prosesin daha səmərəli təşkilinə öz töhfələrini verirlər. İki aylıq könüllülük fəaliyyəti dövründə gənclər komitənin struktur bölmələrində konkret tapşırıqlar yerinə yetirib, dövlət qulluğunun səciyyəvi xüsusiyyətləri ilə yaxından tanış olub, öz biliklərini artırıb, qaçqın və məcburi köçkünlərlə iş təcrübəsi əldə ediblər.

R.Rzayev əlavə edib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli prioritet məsələ olmaqla yanaşı, bu gün əsas məqsəd və hədəf yurd-yuvasından didərgin düşmüş həmvətənlərimizi doğma torpaqlarımıza - Qarabağa qaytarmaqdır. Bu yolda görülən hər bir iş qələbəyə doğru növbəti addımdır. Bu yolda bizə yardımçı olanlarla, xüsusilə, müəyyən müddətdə Dövlət Komitəsinin müvafiq şöbələrində könüllü kimi çalışan gənclərə təşəkkür edir, gələcək fəaliyyətlərində, eləcə də təhsil karyeralarında onlara uğurlar arzulayırıq.

Dövlər Komitəsinin sədri gənc könüllülərin fəaliyyətini müsbət qiymətləndirib: “Bizim Şamaxıda məcburi köçkünlər üçün keçirdiyimiz “Bir gün Qarabağda” tədbirimizdə könüllülər yüksək fəaliyyətləri ilə seçildilər. Onlara öz təşəkkürümü bildirirəm. Eləcə də, artıq bir neçə müddətdir komitənin müəyyən şöbələrində fəaliyyət göstərən könüllülər var ki, onların işlərini də müsbət dəyərləndiririk. Könüllülər tək bizim komitədə deyil, eləcə də beynəlxalq tədbirlərdə Azərbaycanın imicinin formalaşmasında müsbət rol oynayırlar.

Dövlət Komitəsinin müxtəlif şöbələrində mütəxəssislərlə birlikdə çalışan, bu sahədə təcrübə toplayan könüllülər göstərilən etimada görə təşəkkürlərini bildiriblər.

Laçın rayonundan məcburi köçkün, gənc könüllü Şəlalə Əliyev: “Dövlət Komitəsində iki ay müddətində öyrəndiyim praktik bilgilərə görə təşəkkür edirəm. Bizlər üçün çox faydalı oldu. Bizim timsalımızda bütün gənclərə dəyər verdiyiniz üçün minnətdarlığımı bildirirəm”.

Gənc könüllü Gülüzə Mehdiyeva: “Cənab sədr ilk öncə sizə təşəkkürümü bildirirəm. Çox böyük təcrübə qazandıq. Bu təcrübə bizə gələcək iş həyatımızda daha da uğur qazanmağımızda yardım olacaq”.

Gənc könüllü Zeynəb Hüseynova: “İki aylıq təcrübə proqramımızın başa çatması 5 dekabr – Beynəlxalq Könüllülər Gününə təsadüf edir. Bu münasibətlə bütün könüllü gəncləri təbrik edirəm. Cənab sədr bizə bu cür dəyər, qiymət verdiyiniz üçün sizə də ayrıca minnətdarlığımı ifadə edirəm”.

Gənc Könüllü Günay Ələkbərova: “Qısa müddətdə çox şey öyrəndik. Rövşən müəllim başda siz olmaqla, bizə işləri yaxından öyrənməkdə yardımçı olan bütün kollektivə təşəkkür edirəm”.

Daha sonra Dövlət Komitəsinin sədri iki aylıq könüllülük fəaliyyətini başa çatdıran daha bir qrup gəncə sertifikatlarını təqdim edib. Sonda xatirə şəkli çəkdirib.

Tədbirdə Dövlət Komitəsi sədr müavini Fuad Hüseynov, Aparat rəhbəri Eldar Zeynalov, İnsan resursları sektorunun müdiri - Həbib Hüseynov, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev və komitənin digər əməkdaşları da iştirak ediblər.

Qeyd edək ki, Dövlət Komitəsində könüllülər üçün təcrübə proqramı davamlı xarakter daşıyır. Hazırda komitədə 12 nəfər gənc könüllü fəaliyyət göstərir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024