Mobil versiya
Siyahıyaalma qalmaqalı: Şəmkirdə məmur onlarla sayıcının maaş kartlarını əlindən aldı - “VAZEH MEHDİYEV ÜSTÜMƏ ADAM GÖNDƏRDİ, HƏDƏ-QORXU GƏLDİ...”
Tarix: 04-12-2019 | Saat: 22:10
Bölmə:Manşet / Ölkə | çapa göndər

Siyahıyaalma qalmaqalı: Şəmkirdə məmur onlarla sayıcının maaş kartlarını əlindən aldı - “VAZEH MEHDİYEV ÜSTÜMƏ ADAM GÖNDƏRDİ, HƏDƏ-QORXU GƏLDİ...”


Azərbaycanda maaş kartlarını cibinə doldurmaq yolu ilə büdcə pullarının mənimsənilməsinə dair daha bir faktın üstü açılıb. Virtualaz.org xəbər verir ki, Şəmkirdə məmur əhalinin siyahıya alınması kampaniyası üçün muzdla cəlb edilmiş onlarla işçinin əmək haqqı kartlarını zorla onların əlindən alıb.

Bu hadisə Şəmkir rayonunun Zəyəm qəsəbəsində baş verib. Zəyəm inzibati dairəsi üzrə qəsəbəsi nümayəndəsi Vazeh Vəliyev siyahıya alınmada işə cəlb edilmiş 27 nəfər qəsəbə sakininin maaş kartını mənimsəyib. Əhalinin siyahıyaalınmasında müvəqqəti işçi kimi çalışan bu şəxslər gördükləri işin müqabilində əmək haqqı ala bilmirlər.

Virtualaz.org xəbər verir ki,sakinlər maaş kartlarının əllərindən alınması barədə sosial şəbəkələrdə videomüraciət də yayıblar. Şikayətçilər deyirlər ki, qəsəbə nümayəndəsi onlara hədə-qorxu gələrək maaş kartlarını əllərindən alıb.

“Vazeh Mehdiyev neçə dəfə zəng eləyib, üstümə adam göndərib ki, maaş kartımı ona verim. Mən isə kartı vermək istəmirdim. Özü gəldi, hədə-qorxu gəlməklə kartı əlimdən aldı. Mənimlə birlikdə 27 nəfərin kartı hazırda ondadır. Zəng edib özünə də xəbərdarlıq elədim və bir gün də vaxt qoydum ki, qaytarmasa, şikayət edəcəyəm. Cavabı bu oldu ki, “get hara şikayət edirsən, et”, - sakinlərdən Laçın Mehralıyeva deyir.

Zəyəm sakinlərinin problemilə bağlı Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Elgün Seyidov virtualaz.org-a şikayətlə bağlı araşdırma aparmaq üçün qəsəbəyə nümayəndə göndərildiyini dedi: “İcra hakimiyyətinə belə bir şikayət daxil olmayıb. Amma sizin müraciətinizdən sonra əraziyə nümayəndə göndərilib və məsələ araşdırılır”.

Dövlət Statistika Komitəsində də problemdən xəbərsiz idilər. Komitədən bildirildi ki, qaynar xəttə Zəyəm qəsəbəsində işçilərin maaş kartlarının əllərindən alınması ilə bağlı hər hansı şikayət daxil olmayıb.

Komitənin əməkdaşı Sevinc Quliyevanın sözlərinə görə, bəzən rayonlardan siyahıyaalınmada muzdlu işçi kimi çalışan vətəndaşların maaş ala bilməmələri ilə bağlı şikayətlər daxil olur. Amma bu şikayətlər yeni şəxsiyyət vəsiqələrilə bağlı olur, çünki banklar yeni şəxsiyyət vəsiqəsi olanlara xidmət göstərməkdə çətinlik çəkirlər. Araşdırmadan sonra isə problem öz həllini tapır.

“Amma Zəyəm qəsəbəsindən bizə bu baxımdan hər hansı şikayət daxil olmayıb. Biz bu məsələni rəhbərliyə çatdıracağıq və əgər həqiqətən də, hər hansı problem varsa, öz həllini tapacaq”, - S. Quliyeva deyir.

Qeyd edək ki, qanunvericiliyə görə, siyahıyaalma məntəqəsinin müdiri və müdirin müavini 60 təqvim günü müddətinə, təlimatçı-nəzarətçilər (orta hesabla 5 sayıcıya bir təlimatçı-nəzarətçi) 30 təqvim günü müddətinə, sayıcılar isə(orta hesabla hər 300 nəfər əhaliyə bir əsas və 14 min nəfər əhaliyə bir ehtiyat sayıcı) 26 təqvim günü müddətinə müvəqqəti işə götürülür.Dövlət Statistika Komitəsi siyahıyaalınma prosesi ilə əlaqədar 40 minə yaxın şəxsin müvəqqəti işə götürüldüyünü açıqlamamışdı. Bu şəxslərlə müqavilə bağlanılıb.

Siyahıyaalma məntəqələrində müvəqqəti çalısan işçilərin maaşlarına gəlincə isə, məntəqə müdirləri 645-715 manat, onların müavinlərin 581-644 manat, təlimatçı-nəzarətçilər 495-525 manat, əsas və ehtiyat sayıcılar 475-505 manat ( vergi tutulduqdan sonra) maaş alırlar. Bu məqsədlə, ilk dəfə “Kapital Bank” ASC ilə müqavilə imzalanıb, işçilərin hər birinin adına kart hazırlanıb və alacaqları məvacib kart hesabına köçürülür.

Siyahıya alınma kampaniyasının gedişində maxinasiyalar barədə çoxsaylı məlumatlar yayılmışdı və bildirilirdi ki, bir çox yerlərdə bu kampaniya tamamilə formal xarakter daşıyıb. Sayıcılar evləri gəzmək əvəzinə “Jek”-lərdə oturub ərazi üzrə sakinlərin məlumatlarını anketlərə köçürüblər.

Şəmkirdəki qalmaqala gəlincə isə tamamilə mümkündür ki, icra nümayəndəsi əvvəlcədən sayıcı kimi muzdla cəlb edilmiş sakinlərlə əmək haqqı kartları barədə anlaşıb. Sayıcılar işlərini kağız üzərində yerinə yetiriblər və əvəzində onlara çatacaq əmək haqqı əvvəlcədən əldə edilmiş anlaşma əsasında yerli məmura çatmalı idi. Məmur isə kartlardan pulları çıxarandan sonra onlara hansısa cüzi məbləğ verməliydi. Amma sövdələşmə pozulub.

Xatırladaq ki, dünən Təhsil Nazirliyi və Baş prokurorluq Oğuzda peşə məktəbinin direktorunun tələbələrin təqaüd kartlarını özündə saxlayıb pulları mənimsədiyi, nəticədə həbs olunduğu haqda məlumat yaymışdı. Belə hallar o zaman baş verir ki, tələbə təqaüd kartını direktora verir və əvəzində dərsə gəlmir...

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024