Mobil versiya
Ucar – dövlət tapşırıqlarının icrası uğurla davam edir
Tarix: 26-11-2019 | Saat: 12:45
Bölmə:Manşet / Ölkə | çapa göndər

Ucar – dövlət tapşırıqlarının icrası uğurla davam edir



Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin fəaliyyəti yüksək səmərəliliyi ilə seçilir

Etiraf etmək lazımdır ki, bu gün Ucar rayonunda gedən inkişaf, həyata keçirilən irimiqyaslı sosial layihələr, insanların yaşam səviyyəsinin günü-gündən artması həqiqətən də yüksək dinamika almışdır. Bütün bunlar isə, əlbəttə ki, ilk növbədə dövlət tərəfindən regionlarımızın inkişafı üçün xüsusi olaraq tərtib olunan və uğurla həyata keçirilən uzunmüddətli inkişaf proqramlarının reallaşdırılması və eyni zamanda da bu layihələrin məhz yüksək səmərəliliklə icrasını təmin edən yerli hakimiyyət orqanlarının səyləri nəticəsində əldə olunur.

Rayon rəhbərliyi tərəfindən dövlət tapşırıqlarının səmərəli icrası təmin edilib



Məlum olduğu kimi, 2015-ci ilin əvvəllərindən Ucar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Mənsur Məmmədov təyin edilib. Rayon ictimaiyyətinin böyük əksəriyyətinin ümumi rəyinə görə məhz bu təyinatdan sonra regionlarımızın iqtisadi inkişafının təmin olunması məqsədilə hazırlanmış müvafiq dövlət proqramlarının dəqiq icrası, dövlət başçımızın qarşıya qoyduğu vəzifələrin dürüst yerinə yetirilməsi xüsusunda işlər daha yüksək dinamika əldə edib. Ümumiyyətlə Ucar rayonunda son illər ərzində gedən proseslərə nəzər salsaq, həqiqətən də rayon rəhbərliyinin bu müddətdə kifayət qədər effektiv fəaliyyət göstərdiyinin şahidi ola bilərik. Belə ki, Dövlət proqramının icrasını təmin etmək üçün Ucar rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2015-2019-cu illər ərzində ardıcıl tədbirlər həyata keçirilib. Dövlət proqramlarının ayrı-ayrı müddəalarının icrası diqqət mərkəzində saxlanılıb və ötən dövrdə rayonda aparılan tikinti, quruculuq və abadlıq işləri daha da sürətləndirilib. Əhalinin və iqtisadiyyatın elektrik enerjisi və təbii qazla təminatının daha da yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilib.



Xüsusilə qeyd etmək lazımdır ki, yerli sakinlərlə mütəmadi olraq rayonun qəsəbə və kəndlərində keçirilən qəbul-görüşlər Mənsur Məmmədovun fəaliyyətində hər zaman əsas aparıcı istiqamətlərdən biri olub.

Ötən ilin uğurları yüksək göstəricilərdə əks olunub

2018-ci ildə kənd təsərrüfatında aparılan islahatlar Ucar rayonunda ənənəvi sahələr olan pambıqçılığın və baramaçılığın inkişafına güclü təkan vermişdir. Belə ki, ötən il rayonda 12175,4 kiloqram barama tədarük olunub və 1705,38 ton pambıq yığılıb. Bundan başqa rayonda 36459 ton taxıl, 1712 ton çəltik, 17304 ton tərəvəz istehsal olunmuşdur. Baramaçılığın inkişafı üçün ötən il 150 min ədəd tut tingi əkilmişdir. “Elektron kənd təsərrüfatı” informasiya sisteminin tətbiqinə başlanmışdır.



Rayon ərazisində layihələr əsasında əvvəlki ildə tikintisinə başlanılmış hər iki aqroparkda işlər davam etdirilmiş və müsbət nəticələr əldə olunmuşdur. Fiziki şəxsə məxsus aqroparkın 2435,0 hektar torpaq sahəsi olmaqla ərazidə 400 başlıq tövlə, inzibati bina, sağımxana, buzovxana, 80 yerlik yeməkxana, 1000 tonluq yem anbarı, 1000 tonluq su anbarı inşa edilmiş, 23 ədəd texnika, 125 baş cins camış düyəsi alınmış, süd emalı üçün binanın tikintisinə başlanılmış, 3,0 km-dən işıq xətti çəkilmiş, 250 kv-luq transformator quraşdırılmış, 43 km-lik R-13 kanalının genişləndirilməsi, 7,5 km-lik əlavə su xəttinin çəkilməsi, 1,5 km yolun bünövrəsinin çınqıl daşlarla hamarlanması, yolun hər iki tərəfinə ağaclar əkilərək yaşıllıq zonasının salınması icra edilmişdir. Ərazidə 1000 hektar buğda sahəsindən 2712,1 ton, 779 hektar arpa sahəsindən 2260,4 ton, 200 hektar pambıq sahəsindən 240 ton, 150 hektar qarğıdalı sahəsindən 300,0 ton, 60 hektar çəltik sahəsindən 135 ton məhsul, 150 hektar yonca sahəsindən 2215 ton ot istehsal edilmişdir. Cari ilin məhsulu üçün 955 hektar sahədə buğda, 750 hektar sahədə arpa əkilmişdir.

Ucar şəhərinin siması gündən-günə dəyişir, gözəlləşir

Qeyd etmək lazımdır ki, son illər həyata keçirilən məqsədyönlü tədbirlər, əhatəli layihələr nəticəsində Ucar şəhərinin də görkəmində xeyli dəyişikliklər baş vermişdir. Şəhər xeyli gözəlləşmiş, burada bir çox yeni park və xiyabanlar, idman və istirahət mərkəzləri, obyekt və müəssisələr tikilərək sakinlərin istifadəsinə verilmişdir.



O cümlədən son dörd il ərzində şəhərdə abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin aparılması diqqət mərkəzində saxlanılmış, rayon Təhsil şöbəsi inzibati binası, Heydər Əliyev prospektində 9 saylı ərazi vergilər idarəsinin xidmət mərkəzi istifadəyə verilmiş, rayon Gənclər Mərkəzi üçün binanın, rayon Su-kanal idarəsinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün binanın, rayon Tarix Diyarşünaslıq muzeyinin, Mərkəzi rayon xəstəxanasının, Fermer Yol İstirahət mərkəzinin, Ucar Aqro” MMC-nin Quşçuluq Sənaye Kompleksinin Quş əti emalı müəssisəsinin, Quş yetişdirmə fabrikinin tikintiləri başa çatdırılaraq istifadəyə verilmişdir.



Şəhərin Heydər Əliyev prospekti, Oğuz, 20 Yanvar, M.Ə.Rəsulzadə, Azərbaycan, Koroğlu, Nəriman Nərimanov küçələri aparılan abadlıq və yenidənqurma işlərindən sonra istifadəyə daha rahat və eyni zamanda da estetik baxımdan daha yaraşıqlı olmuşlar. Yeni yaşıllıq zolaqlarının salınması və ağac əkilməsi üçün şəhərin küçələrində, avtomobil yollarının kənarına 5 min maşından artıq münbit torpaq daşınmış, 20 min kvadratmetr sahəyə çəmən döşənmişdir. Şəhərin prospekt və küçələrində böyük sahədə hörgü işləri aparılmış, minlərlə kvadratmetr sahəyə ağlay vurulmuş, vətəndaşlara məxsus fərdi həyətlərin divarlarına ağac materialdan ornamentli naxış salınmış, həyət darvazalarının üzü taxta materialdan üzlənmiş və rənglənmişdir. Şəhərin Koroğlu və Oğuz küçələrində vətəndaşlara məxsus fərdi yaşayış evlərinin və talvarların dam örtüyü dəyişdirilərək dəmir şiferlə əvəz edilmişdir.
Qeyd etmək lazımdır ki, bütün bu işlərin uğurla həyata keçirilməsində Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdulla İbrahimovun, eləcə də onun rəhbərlik etdiyi kollektivin böyük əməyi vardır. Bu xüsusda rayondan əldə etdiyimiz məlumatlarda da vurğulanır ki, Abdulla müəllim hər zaman rayon rəhbərliyi tərəfindən qarşıya qoyulmuş tapşırıqların icrasına böyük məsuliyyətlə yanaşan, bilavasitə sakinlər tərəfindən ona ünvanlanan müraciətlərdə qaldırılan məsələlərin həlli üçün bütün imkanlardan istifadə edən bir məmurdur. Həmçinin açıqlamalarda bildirilir ki, vətəndaş məmnunluğuna nail olmaq məqsədilə Abdulla İbrahimov rəhbərlik etdiyi qurumun da fəaliyyətini kifayət qədər səmərəli şəkildə qura bilmişdir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024